SON XƏBƏR

Ərəb turistlər Azərbaycandan niyə qaçır?

Avqust 28
11:25 2023
Yay aylarında da körfəz ölkələrindən Azərbaycana gələnlərin sayında azalma tendensiyası davam edib. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, bu ilin ilk 7 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 37.4 faiz artaraq 1 milyon 143 minə çatıb.

İqtisadçı deputat Vüqar Bayramov bildirir ki, Azərbaycana gələn turistlərin coğrafi mənşə strukturunda əvvəlki illər ilə müqayisədə dəyişiklik qeydə alınır. Onun sözlərinə görə, avropalıların sayının artması, ərəb turistlərinin azalması qeydə alınıb. "Belə ki, bu müddətdə MDB ölkələrindən gələnlərin sayı 1,7 dəfə artaraq 477,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 36,5 faiz artaraq 57,2 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8,6 faiz azalaraq 185,4 min nəfər olub”, - iqtisadçı əlavə edib.

Ekspert vurğulayır ki, ərəb turistlərinin sayının azalması alternativ turistik bazarlara marağın yüksəlməsi, Azərbaycanda turizm qiymətlərinin hələ də yüksək olması ilə əlaqələndirilir: "Avropadan gələnlərin sayının artması isə pandemiyadan sonra köhnə qitənin getmə turizmə istəyinin yüksəlməsi, işgüzar səfərlərin sayının çoxalması və bütövlükdə bölgəyə xüsusi marağın artması ilə bağlıdır. Eyni zamanda, son illər xaricilərin Azərbaycanda sağlamlıq turizminə də marağın artması müşahidə olunur”.

V.Bayramov qeyd edir ki, turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur: "Pandemiyadan əvvəlki il - 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlmişdi və əcnəbilər həmin il Azərbaycanda 2.6 milyard dollara yaxın vəsait xərcləmişdilər. Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlər ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Bu turizm gəlirlərində dayanıqlığı artıra bilər”.

"AzPolitika.info”



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook