Ərdoğan Lukaşenkoya zəng etdi - Türkiyə lideri Rusiyanın törətdiyi qırğınları dayandırmağa çalışır
Mart 01
14:29
2022
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ofisi onun Belarus ideri Aleksandr Lukaşenko ilə Rusiyanın Ukraynaya təcavüzünü müzakirə etdiyini bildirir.
Martın 1-də səhər saatlarında baş tutan telefon söhbətində ötən gün Ukrayna və Rusiya rəsmilərinin apardığı atəşkəs danışıqları müzakirə edilib. Danışıqlarda irəliləyiş əldə olunmasa da, bir neçə günə daha bir raundun keçiriləcəyi xəbər verilir.
Məlumata görə, Ərdoğan NATO üzvü Türkiyənin müharibənin sona çatdırılmasına çalışacağını bildirib. O, Ankaranın həm Moskva, həm də Kiyevlə əlaqələri saxladığını qeyd edib. Prezidentin dediyinə görə, ölkəsi Rusiya hərbi gəmilərinin Türkiyənin nəzarətində olan boğazlardan keçərək Qara Dənizə getməsini məhdulaşdırmağı nəzərdə tutan beynəlxalq razılaşmanı icra edəcək.
Ərdoğan fevralın 28-də Rusiyanın Ukraynaya təcavüzünü qəbuledilməz adlandırıb. O, Türkiyənin NATO hərbi alyansı qarşısında öhdəliklərinə əməl edəcəyini vurğulayıb. Həm Ukrayna, həm də Rusiya ilə dəniz sərhədi olan Türkiyənin prezidenti Ankaranın hər iki ölkəylə yaxşı əlaqələri olduğunu, bu ölkələrdən heç birinə arxa çevirməyəcəyini bildirib.
Ukrayna Ankaranın 1936-cı il Montrö Konvensiyasını həyata keçirməsini istəyib. Bu sənəd Türkiyəyə müharibə vaxtı Dardanel və Bosfor boğazlarından hərbi gəmilərin istifadəsini önləmək hüququ verir. Ərdoğan Ukraynadakı münaqişənin müharibə olduğunu müəyyənləşdirəndən sonra paktın icra olunacağını demişdi.
"Türkiyə Rusiya-Ukrayna böhranının eskalasiyasını önləməkdən ötrü Montrö Konvensiyasının Türkiyə boğazları ilə bağlı verdiyi səlahiyyətdən istifadə edəcək”, – Ərdoğan vurğulayıb.
Lukaşenko isə Rusiya Prezidenti Vladimit Putinin Ukraynaya hərbi hücumunu dəstəkləyir. O, gərəkərsə, Belarus əsgərlərinin Rusiyanın hərbi kampaniyasına qatılacağını bəyan edib.