Ərdoğan: Bizi Avropa Birliyinə müsəlman olduğumuza görə qəbul etmirlər
Fevral 16
09:21
2019
Türkiyənin Avropa Birliyinə (AB) qəbul edilməməsinin yeganə səbəbi müsəlman ölkəsi olmasıdır.
(Virtualaz.org)
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "A Haber”ə müsahibəsində deyib.
"Müsəlman olduğumuz üçün bizi Avropa Birliyinə qəbul etmirlər. Qoy bunu açıq desinlər, lakin onlar bunu bacarmırlar. Kameraya bir söz, bağlı qapılar arxasında başqa söz deyirlər”, - deyə dövlət başçısı bildirib.
O qeyd edib ki, Avropa Birliyinə giriş üçün ölkə qarşısında daim yeni şərtlər qoyurlar: "15-dən başlamışdılar, artıq 35-ə çatdırıblar".
Xatırladaq ki, Türkiyə 1964-cü ildən Avropa Birliyinin assosiativ üzvüdür, 14 aprel 1987-ci ildə AB-yə daxil olmaq üçün ərizə verib. Onun AB-yə qəbulu üçün danışıqlar prosesi 3 oktyabr 2005-ci ildə başlanıb. Birliyə daxil olmaq üçün, Türkiyə Avropa Komissiyası ilə danışıqları 35 punktdan 33-ü üzrə (iki punkt razılaşdırma tələb etmir) müvəffəqiyyətlə başa çatdırmalıdır. Amma 2017-ci ilin iyulunda Avropa Parlamenti Avropa Birliyini və Avropa Komissiyasını, Türkiyə hakimiyyəti Konstitusiyaya düzəlişlər etməyənə qədər, onun AB-yə daxil olması üzrə danışıqları dayandırmağa çağıran qətnamə qəbul edib.