“Ənənəni qoruyaq, evdə xalça toxuyaq” layihəsi- NAXÇIVANDA
Fevral 17
14:05
2016
Naxçıvan Muxtar Respublikasında "Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosial layihə bu il də uğurla davam etdirilir. Layihə çərçivəsində indiyədək 36 xalça toxunub.
Sosial əhəmiyyətli haqqıödənilən ictimai işin davam edirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən muxtar respublikanın müxtəlif bölgələrində xalçaçılığa maraq göstərən ailələrə 14 hana verilib.
Bu günlərdə xalçaçılıqla məşğul olanların bir neçəsi ilə iş başında görüşdük. Şərur rayonunun Düdəngə kəndində yaşayan Dilbər Baxşəliyeva Naxçıvan Regional Peşə Tədris Mərkəzini bitirib. Hazırda Şərur Texniki-Peşə və Sürücülük Məktəbində xalçaçılıq qrupunun müəllimidir. O, söhbət zamanı bildirib ki, illər əvvəl işlədilən hanalar primitiv üsullarla düzəldilirdi. Çox ağır olurdu. Son vaxtlar xalçaçılığa marağın azalmasının bir səbəbi də bununla bağlı idi. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlara verilən hananı asanlıqla bir evdən digərinə aparmaq, qısa bir vaxtda söküb yenidən yığmaq mümkündür.
Dilbər xanım deyib ki, hana ilə yanaşı, həm də hər xalçanın toxunması üçün onlara 1 kiloqram əriş, yarım kiloqram arğac, 2 kiloqram yun ip verilib. Digər avadanlıqlarla da təchiz olunublar. Hazırda toxuduğu xalçanın eni 80, uzunluğu isə 120 santimetrdir. O, bu günədək 2 xalça toxuyub təhvil verib. Hər xalçaya görə 200 manat əməkhaqqı alıb. Toxuduğu növbəti xalçanı isə Novruz bayramınadək təhvil verməyi düşünür.
Rayonun Düdəngə kəndində yaşayan Xəyalə Əliyarova da muxtar respublikada xalçaçılıq sənətinin inkişafına, insanların məşğulluğuna göstərilən qayğıya görə minnətdarlığını bildirib. Qeyd edib ki, iki ilə yaxındır xalçaçılıqla məşğuldur. Xalça toxumaq üçün ona qayçı, kirkir, bıçaq, əriş, arğac, yun iplər, hətta istifadə etmək üçün çeşnilər də verilib.
Şərur rayonunun Tənənəm kəndində yaşayan Güllər Salmanova da "Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosial əhəmiyyətli haqqıödənilən ictimai işin təşkilindən razılıqla danışıb. Bildirib ki, bu, onların ailəsinin maddi vəziyyətinin daha da yaxşılaşmasına öz töhfəsini verib.
Muxtar respublikanın Şahbuz rayonunun da Ağbulaq, Kolanı və Aşağı Qışlaq kəndlərində tarixən xalça toxuma sənəti ilə məşğul olublar. Bu sahəyə dövlətimizin diqqət və qayğı göstərməsi rayon sakinlərinin ürəyincədir.
Rayonun Kolanı kəndində yaşayan Bəsti Əhmədova bu sənəti anası Süsənbər xanımdan, bacısı Laləzardan öyrənib. Deyir ki, bir il ərzində 4 xalça toxuyub təhvil verib. Xalça toxunuşunda qoçbuynuzu, şahmat, qaynaq ilmələrindən istifadə edir.
Rayonun Aşağı Qışlaq kəndində yaşayan Natəvan Zeyniyeva evlərində yerə döşənmiş, divardan asılmış xalça və kilimlərin bir neçəsinin anası və bacısı tərəfindən toxunduğunu qeyd edib. Bu gün o da bu sənəti davam etdirir. Bacısı Gülsümdən xalçaçılığın sirlərini öyrəndiyini deyən Natəvan indiyə kimi "Möminə xatın”, "Naxçıvan”, "Haçadağ” adında xalçalar toxuyub təhvil verib. O, heybə və kilim toxumağı da bacarır. Natəvan da dövlətimizin onlara yaratdığı bu şəraitdən razılığını bildirib.
Naxçıvan Muxtar Respublikasının digər bölgələrində də xalçaçılığa maraq göstərənlərə bu sahə ilə məşğul olmaq üçün şərait yaradılıb. Sosial əhəmiyyətli haqqıödənilən bu ictimai işin təşkil edilməsində məqsəd muxtar respublikada xalça istehsalı sahəsi ilə məşğul olan sahibkarların yetişdirilməsi, xalçaçılıq sənətinin davam etdirilməsidir. Bu tədbir, eyni zamanda, işaxtaran vətəndaşların məşğulluğunun təmin edilməsi, onların maddi rifah halının yaxşılaşdırılması istiqamətində atılan növbəti addım kimi dəyərləndirilir.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu