Əməliyyat etdiyi Səbirəni maşında bu vəziyyətdə aparıb – ŞOK FAKTLAR

May 30
16:40
2025
İlyasova Səbirəni niyə əməliyyat edib?
Mərhum Səbirə uzun müddət imiş liposaksiya-piysovurma əməliyyatı elətdirmək istəyirmiş. Buna görə də İlyasovaya müraciət edib.
Ülviyyə İlyasovanın sözlərinə görə, Səbirənin pulu olmadığı üçün onu əməliyyat etməyə razılaşıb ki, ona yaxşılıq etsin:
"Əməliyyat üçün 500 manatlıq yeni məhsullar aldım. Məhsulları gətirdikdən sonra anestezioloq Lamiyə Səbirəyə inyeksiya yolu ilə propofol, fentanil və medazin dərmanlarını vurandan sonra əməliyyata başladıq. Əməliyyatdan sonra Səbirə dərhal ayıldı. Səbirəni öz maşınımda evə gətirdim. Səbirə xahiş etmişdi ki, əməliyyatdan sonra iki gün ona mən baxım.
Evə çatanda Səbirə özü pilləkənləri qalxdı. Səbirə çay içib divanda uzandı. Saat 23:50 radələrində Səbirənin halı pisləşdi. Lamiyəyə zəng vurdum. O da gəldi. Sonra təcili yardım çağırdıq. Təcili yardım gələndə dedilər ki, Səbirə vəfat edib”.
Burada diqqət çəkən başqa bir məqam da var. Əməliyyatdan çıxan Səbirəni maşında ön oturacaqda ağzıüstə uzadıblar. İlyasova deyib ki, Səbirəyə arxa nahiyəsinə piy köçürüldüyü üçün arxası üstə uzanmaq olmazmış ki, deformasiya olub əyilə bilərmiş.
Ülviyyə İlyasovanın ifadəsindən məlum olub ki, Səbirə "Azər-Türk Med” klinikasında cərrah Şövkət Əliyeva tərəfindən əməliyyat olunacaqmış. Lakin Şövkət Əliyeva əməliyyata 7 min manat pul istəyib. Səbirə pulu olmadığı üçün Ülviyyədən endirim istəməsini xahiş edib. Ülviyyənin xahişi ilə Şövkət Əliyeva əməliyyatı 4700 manata edəcəyini deyib. Lakin bu məbələğə də Səbirənin imkanı çatmayıb. Səbirə əməliyyat üçün Ülviyyəyə 250 manat verib. Ülviyyə həmin puldan 200 manatını anestezioloqa verib. 50 manata isə korset alıb.
Məhkəmədə mərhumun anası hüquqi varis kimi dindirilən zaman məlum olub ki, Səbirə əməliyyatı onun razılığı olmadan edib. Mərhumun anası deyib ki, qızına Ülviyyənin yanına əməliyyata getməməsi üçün bir neçə dəfə xəbərdarlıq edib:
"Mən qızıma dedim ki, Ülviyyə həkim deyil, onun yanına getmə. Səbirə mənə deyirdi ki, Ülviyyə indiyə qədər neçə əməliyyat edib və problem yaşanmayıb. Həmin gün Səbirə əri ilə getmişdi. Sonra yolda Səbirənin əri Eldar mənə zəng etdi ki, əməliyyat bitib. Ülviyyənin maşınında olanda Səbirənin səsini eşitdim. Eldar dedi ki, Səbirə xoruldayır. Mən dedim ki, Səbirə heç vaxt xoruldamır. Onlara dedim ki, Səbirə can verir. Sonra evə gediblər. Axşam Ülviyyəyə zəng etdim. Amma telefonu qızı açdı. Sonra Ülviyyə mənə zəng edəndə eşitməmişəm.
Mənə qızımın öldüyünü gecə saat 4-də deyiblər. Qızımın son halını görmüşdüm. Ülviyyə deyir ki, qızım pilləkəni özü qalxıb, xurma ilə çay içib. O vəziyyətdə olan adam bunları necə edib?”
Mərhumun anası Ülviyyə İlyasovadan şikayətçi olduğunu, ona ən ağır cəza verilməsini istəyib.
Məhkəmə istintaqı zamanı məlum olub ki, mərhumun ailəsi Ülviyyə İlyasovaya qarşı maddi və mənəvi təzminat irəli sürüb. Maddi ziyana görə 63 min manat, mənəvi ziyana görə isə 80 min manat tələb edilib.
Məhkəmə maddi ziyanın 11 min, mənəvi ziyanın isə 20 minlik hissəsini təmin edib.
Məhkəmənin hökmü ilə Ülviyyə İlyasova 3 il 2 ay müddətə azadlıqdan məhrum edilib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Mənbə: Musavat.com
Qlobal.az