SON XƏBƏR

Əməkdaşlığımız bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir

İyun 19
13:05 2023
2021-ci il iyunun 15-də iki qardaş ölkənin dövlət rəhbərləri - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan azad Şuşada müttəfiqlik münasibətləri haqqında Bəyannaməyə imza atdılar. 30 il əvvəl Ulu Öndər Heydər Əliyevin xalqın təkidli xahişi ilə ali hakimiyyətə qayıdaraq dövlətimizi zamanın ağır təlatümlərindən xilas etdiyi bu tarixi gün ikiqat əlamətdar oldu. Bölgə üçün mühüm əhəmiyyət daşıyan Bəyannamənin imzalandığı o anlarda, demək olar ki, bütün dünyanın nəzərləri Şuşada idi. Beynəlxalq ictimaiyyət bir daha şahid oldu ki, hərbi əməliyyatları uğurla başa çatdıran, "Dəmir yumruq”la düşmənin başını əzən, işğalçı ölkənin ordusunu sıradan çıxaran Azərbaycan dövləti bu dəfə döyüşləri eyni qalibiyyətlə diplomatik cəbhədə davam etdirir, şanlı qələbəmizi daha da möhkəmləndirir, havadarlarının dəstəyilə əsrlərlə başımızın bəlasına çevrilmiş ermənilərin bir daha bizim torpaqlara göz dikməyə cəsarət etməməsi üçün tarixi-siyasi və həm də diplomatik zəmin hazırlayır.Prezident cənab İlham Əliyevin 13 iyun tarixində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ilə əlaqədar bəyanatında qeyd etdiyi kimi: "Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Bəyannamənin Şuşada imzalanması rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur. Əməkdaşlığımız bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir. Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir”. Bəli, Şuşa Bəyannaməsi Cənubi Qafqazda sülhə, təhlükəsizliyə, davamlı inkişaf üçün bir yolgöstəricisi olmaqla, əslində bölgədəki yeni reallığa fayda vermək istəyən hər kəsi əməkdaşlığı təşviq etməyə bir çağırışdır. Bu tarixi sənəddə diqqətçəkən ən vacib məqamlardan biri də hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Bəyannamədə qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə Azərbaycan və Türkiyə bir-birini qoruyacaqlar. 

Ötən müddət ərzində Azərbaycan və Türkiyə hərbi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində faydalı işlər görüb. Hərbi sahədə əlaqələr Bəyannamədə təsbit olunan şərtlər çərçivəsində inkişaf etdirilib. Hərbi-siyasi və müdafiə sənayesi sahəsindəki əməkdaşlıq yeni çalarla zənginləşdirilib. Bu iki ölkə Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi üçün birgə səylərini də davam etdirib. Şuşa Bəyannaməsində Azərbaycan və Türkiyənin müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən etdiyi göstərilir, xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyi qeyd edilir, bu istiqamətdə Azərbaycanla Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətin əhəmiyyəti vurğulanır.
 
Sənəddə həmçinin qeyd edilir: "Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”. Şuşa Bəyannaməsinin imzalanması ölkəmizin müstəqilliyini daimi, əbədi və dönməz edən qətiyyətli addımlardan biri idi. Belə bir tarixi qərar müasir dünyada Azərbaycan və Türkiyəni daha da qüvvətləndirir, bir-birinə arxalanan, inanan iki qardaş ölkəni regionda böyük gücə çevirir.

Muxtar Əmrahov, 
Salyan Regional Qaz İstismarı İdarəsinin 
Salyan Xidməti Sahəsi üzrə böyük mühəndis, YAP fəalı


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook