SON XƏBƏR

Elza Seyidcahan Naxçıvan Yazıçılar Birliyinin üzvü olacaq - Naxçıvandan TƏŞƏBBÜS

Mart 27
18:43 2017
"Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq hər bir yaradıcı insan üçün şərəfdir. Zaman-zaman ora böyük yazıçılarımız rəhbərlik ediblər. Belə işlərə hər zaman böyük məsuliyyətlə yanaşıram. Özümə də şair demirəm. Şeirlərim məndə uşaqlıqdan formalaşan yazı tərzimdi. Əgər şair kimi bilib dəvət edərlərsə, bundan qürur duyaram”.

Bu sözləri Modern.az saytına açıqlamasında tanınmış müğənni, bəstəkar Elza Seyidcahan bildirib. 

Saytımıza verilən məlumata görə, tanınmış müğənni Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq üçün müraciət edib. Lakin Elza Seyidcahan  özünün hələ ki quruma müraciət etmədiyini bildirib:
 
"Yazdıqlarımı, şeirlərimi heç zaman Yazıçılar Birliyinə təqdim etməmişəm. Çünki özümə heç zaman şairə deməmişəm. Onu da deyim ki, sosial şəbəkələrdə yazılanların, paylaşılan  şeirlərin çoxu mənə aid deyil. Onları adıma nəzirə kimi yazırlar və şərhlərin çoxu da həmin şeirlərə yazılır. Bu yaxınlarda Almaniyada yaşayan tanınmış rəssamlarımızdan birinin şeirlərimə həsr etdiyi  rəsmlərdən ibarət kitab çap olunacaq. Həmin kitabda mənim əsl şeirlərimi görəcəksiniz.  Yaradıcılıqla uşaq vaxtından məşğul olmuşam. Dayım yazılarımı məşhur yazıçı Cəlal Bərgüşada göstərib. O da deyib ki, uşaqdır, yaradıcılığını davam etməli, çox oxumalı və yazmalıdır. Böyüyəndə özü yazıb-yazmamaq barəsində qərar verər. Elə oldu ki, mən də şeirə yox, musiqiyə çox meyl etdim. Mahnılar bəstələdim. Sadəcə, o mahnılar qeyri-adi olduğu üçün və müğənnilər onlara deyil, daha çox kommersiya mahnılarına müraciət etdiyi üçün məcbur qalıb özüm oxumağa başladım. Yoxsa, müğənni olmaq fikrim də yox idi”. 

Elza xanım son günlərdə yaşana bir hadisəni, daha doğrusu, ona edilən bir təklif barəsində də danışıb:

"Naxçıvan Muxtar Respublikasında xeyir işdə olduğum zaman məsul şəxslərdən biri mənə yaxınlaşıb dedi ki, sizin şeirlərinizi çox bəyənirik, istərdik ki, sizi Naxçıvan Yazıçılar Birliyinə üzv edək”.
 
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi və Qəbul Komissiyasının sədri, Xalq şairi Fikrət Qoca Naxçıvan Yazıçılar Birliyinin sərbəst fəaliyyət göstərdiyini qeyd edib: "Amma onların da qəbul işləri olur, bizə yollayırlar, biz də təsdiq edirik”.

Bu o deməkdir ki, əgər Naxçıvan Yazıçılar Birliyi Elza Seyidcahanı üzvlüyə qəbul etmək istəsə, qəbulla bağlı bildiriş mütləq Azərbaycan Yazıçılar Birliyinə göndərilməli və orada öz təsdiqini tapmalıdır. Bu barədə bildiriş isə hələlik göndərilməyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook