“Əli Kərimli qulağıma pıçıldadı ki, məni Ramil Usubovla görüşdür…” – Rauf Arifoğlu
Sentyabr 28
11:19
2019
Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat” media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb.
Qlobal.az həmin müsahibəni oxucularına təqdim edir:
– Rauf bəy, yaxın günlərdə "Yeni Müsavat”ın 30-illik yubileyini qeyd edəcəksiniz. Nəinki ölkə, region mediası üçün ciddi rəqəmdir. Çətin ki, bu yola başlayanda 30 il sonrası haqda düşünmüşdünüz, amma yenə də soruşmaq istəyirəm – gözlədiyiniz, arzuladığınız yerdəsiniz bu gün?
– Bu işə başlayanda – 1989-cu ildə jurnalistikanı özüm üçün gələcək kimi görmürdüm. Ona görə də xüsusi bir iddia və düşüncədən danışmaq mümkünsüzdür. O zaman Milli Azadlıq mübarizəsində idik, iki cəbhədə – SSRİ-yə və Ermənistana qarşı vuruşurduq, düşüncəmizin əsas amili fərqli idi. Amma bütün bunlarla yanaşı bir yaradıcılıq xətti də vardı. Yazılarımı, məqalələrimi broşur şəklində çap etdirib, yayırdım. Belə bir periodda Azərbaycan Milli Demokrat Yeni Müsavat partiyası təsis etməyə qərar verdik. Beş nəfər rəhbər heyəti ilə start verdik. Prosesdə məlum oldu ki, bizə bir qəzet, yayım orqanı lazımdır. Qərar verəndən sonra da məlum oldu ki, komandada bu işi məndən başqa görəcək kimsə yoxdur. Mən də bu missiyanı öz üzərimə götürdüm və uğurlu alındı. Çünki ondan əvvəl mən "Birlik” adlı qeyri-formal bir dərgini redaktə edirdim. Beləliklə, bu günə uzanan bir yol başladım, qəzetçilikdə…
– Deyəsən sizin "Dünya” adlı qəzetiniz də olmuşdu…
– Doğrudur, Elçibəy iqtidarı dövründə dostum Novruz Həsənovla birlikdə "Dünya” jurnalı nəşr edirdim, amma ondan başqa da nəşrlər vardı – "Yeni Turan” qəzeti, "Cümhuriyyət” qəzeti kimi. Və, əlbəttə "Yeni Müsavat” qəzeti. "Dünya” jurnalı və "Yeni Müsavat”ın hətta rusca versiyaları da var idi. 1992-93-cü illər də bu minvalla davam etdi, jurnalistika fəaliyyətindən heç aralanmadım; baxmayaraq ki, paralel olaraq Müsavatın və AXC-nin rəhbərliyində də təmsil olunurdum. Zamanla bu peşəyə isindim… Sonra çevriliş oldu, iqtidar dəyişdi, senzura sərtləşdi, qəzetlər bir-bir əlimdən çıxdı, bircə "Yeni Müsavat”ı qoruya bildim və yola onunla davam etdim. Mətbuatla bağlı konseptual fikirlərim və iddialarım Elçibəy iqtidarı dönəmində formalaşdı. Ard-arda media quruluşlarını yaratmamda da səbəb vardı. Elə bir zaman idi ki, Elçibəyin tapşırığı ilə Güney Azərbaycan üçün də əski əlifba ilə vərəqələr buraxırdıq. Bütün bunlara görə, mən media-qəzet bazarına çox geniş baxırdım o zamanlar. Bütün türk dünyasını əhatə edəcək bir media holdinq qurmaq istiqamətində düşünürdüm. Amma olmadı…
– Bir gerçək var ki, siz bütün jurnalistika fəaliyyətiniz boyunca həm də siyasi kimliyinizlə tanınmısınız. O kimlik heç vaxt sizdən ayrı olmayıb… Hər zaman gedib-qayıtmısınız.
– Mediaya siyasətdən gəlmişəm. Daha doğrusu, hərəkatdan. Mən gizli qəzet çıxardanda, bunu başlayanda, Azərbaycanda müstəqil mətbuat yox idi, hər yerdə kommunist qəzetləri idi. Bayaq da dediyim kimi, mətbuat orqanı yaratmağım siyasi bir prosesin gedişində ehtiyac kimi ortaya çıxdı. Siyasi proseslər, ictimai fəallıq azalanda, qəzetçilik kimliyim önə çıxırdı, çünki yaradıcılıq və ayaqda qalmaq üçün çalışmaq imkanları açılırdı. Belə mərhələlərdə qurucularından olduğum siyasi təşkilatı – partiyanı da qəzet və təbliğat vasitəsi ilə gündəmdə saxlamağı bacarırdım. Ölkədə siyasi fəallıq yüksələndə, ictimai həyat aktivləşəndə isə siyasətçi kimi ön cərgələrdə olurdum. Amma bəzən o qədər önə çıxırdım ki, tutub basırdılar türməyə… Mən hər zaman iddialarımın arxasınca sonuna qədər gedirəm: istər siyasi iddialar olsun, istərsə, mətbu iddialar.
2003-cü ildə, ölkədə prezident seçkiləri keçiriləndə qəzetçi-siyasətçi olaraq əsas və aparıcı sima mən idim. Prezident seçdirəcəyimiz liderdən belə önə çıxmışdım. Böyük risk idi, hər kəs özü üçün ehtiyat variant, sığınma zonası hazırlamışdı, məndə isə bu variant yox idi. Uduzacağımız təqdirdə iki seçimim vardı – ya ölmək, ya həbsxana…
Həbsxana qismət oldu, onu da getdik yatdıq. Lakin içəridə də boş dayanmadım. Məqalələr, reportajlar yazdım, yazılarımla çöldə məyus və başsız qalmış tərəfdarlara ruh verdim, özünü bazara çıxardan siyasi xadimlərə basqı yapdım… Bir sözlə, qəzet yenə əsas rupor idi… O zaman gördüm, media gücünə sahib olmaq ikinci can kimi bir şeymiş. Səni "öldürürlər”, amma sən sağ qalırsan… Elə o zaman, türmələrdə keçirtdiyim 17 ay ərzində qərar verdim: yavaş – yavaş siyasətdən çəkilmək və qəzetlə, media ilə qalmaq, onunla davam etmək…
– Həbsxanadan çıxdınız və bunu etdinizmi?
– Dərhal deyil. Həbsdən 17 ay sonra çıxdım və bir başa siyasi burulğanların içinə düşdüm. 20 mart 2005-ci ildi, Elmar Hüseynovu yenicə öldürmüşdülər. Bu, cəmiyyətdə böyük dalğalanmaya səbəb olmuşdu. Əfv çıxmış, siyasi açılım başlamışdı. Parlament seçkilərinə aylar qalırdı, bütün ölkə təkrar qaynayırdı, bizim çıxmağımız isə müxalifəti yenidən coşdurmuşdu, hər kəsdə ruh yüksəkliyi vardı. Seçkiyə girdik. Mən də girdim və nümunəvi bir kampaniya apardım. Seçkini uddum, amma mandatı Eldar Quliyev adlı bir mafioza verdilər. Hələ də parlamentdədi və MM-in ən susqun deputatlarındandır…
Elə həmin zamanlardan bir şeyi müşahidə etdim. Müxalifətin başını çəkən təkələr- liderlər bütün prosesi, sadəcə olaraq batırırlar. Hətta mənə elə gəldi ki, bunu qəsdən edirlər. 2005-in 26 noyabrındakı o meydan təlxəkliyini yada salın. O zaman Əli Kərimliyə şahidlərin yanında şəxsən dedim ki, bu avantüraya getmə. Dedi ki, xarici jurnalistlər 27 noyabrdan sonra gedirlər, o zamana kimi kadrlara düşəcək nələrsə etməliyik… Etdilər. Meydana toplaşan müxalif güclərə bəyan olundu ki, fasiləsiz mitinqlərə başlayırıq, gecələrə də qalacağıq, çadırlar quracağıq. Sivil cizgidən kənara çıxdıq, xarici ölkə jurnalistlərinin kameralarına düşəcək görüntülər oldu, müxalifəti 5-6 dəqiqəyə döyüb, sürüyüb, meydandan atdı hökumət. Bununla da "sürünən etirazlar” dayandı, proses tormozlandı…
– Siz nə etdiniz?
– Məyus oldum. Qəzetə daha çox bağlandım. Azərbaycandakı siyasi liderlərlə çox çətindi, bərabər iş görmək.
Onları əvəzləyəcək güc də yoxdur; ictimai proseslərin sanki partiya seqmentinə dəxli yoxdur, yenilənməyə səbəb olmur, nədənsə. Sadəcə, müxalifət funksionerlərinin və sadiq fəalların özlərinin və qohumlarının uşaqları böyüdülər, bu periodda. Ölkədə də iş güc olmadığından, o gənclər də müxalif düşərgəyə yönlənməyə məcbur oldular. Buradan heç olmasa, Avropaya, mühacirətə gedib, ölkəni və həyatı dəyişmək olur…
– Bəs, siz niyə çıxıb getmədiniz o düşərgədən. Bunu etməyə nə mane olurdu?
– Əslində heç nə. Burada çox ləngidim, gərək həbsdən çıxandan sonra, ən geci, 2006-cı ildə ayrılardım. Lakin, bayaq da dedim, iddialarımın arxasınca sonuna qədər, bütün şanslar bitənəcən gedirəm. Yanlış, ya doğru, belə də etdim. 2013-ə qədər müxalifətin bütün layihələrinə dəstək verdim. Fəallıq və peşəkarlıq nümunələri göstərdim. Ancaq onu da görürdüm ki, bunlarla heç nə etmək mümkün olmayacaq… Bu, qəzetçiliyə tam dönüş üçün qəti qərarımın verildiyi anlar idi…
– Hökumətlə keçmiş və bugünkü münasibətlərinizi müqayisə edən zaman ön planda xiffət durur, peşmanlıq, ya başqa bir şey? Özünüzlə harmoniya içindəsiniz?
– Yekunlar üçün hələ tezdir. Proses davam edir və mən hələ də ölkənin ictimai rəy institutlarının ən mühümünə sahib olan, üstəlik, 30 il media və siyasətçi təcrübəsi daşıyan birisiyəm. Lakin keçmişə nəzər salanda, görürəm ki, mərhum prezident Heydər Əliyevlə münasibətlərdə səhvlərə yol vermişəm. Sonrakı illər və indiki zaman da göstərir ki, mahiyyətcə Heydər Əliyev mənim iqtidara gətirmək istədiklərimdən daha ciddi demokrat imiş. "Çörəyi” demokratiya və söz azadlığından çıxan birisi kimi, belə bir siyasi lideri gücləndirmək əvəzinə, onun rəqiblərinin gücünü artırmışıq. Onunla qarşı tərəfdə olmaq, mübarizə aparmaq, ona qarşı fəaliyyət göstərməyin özü də çox maraqlı idi. Onun miqyası eləydi ki, çərçivələri geniş tuta bilirdi və bizdən, öz ölkəsinin müxalifətçi vətəndaşlarından çəkinmirdi. Bizə bütün imkanlar, şərait yaradılmışdı, yəni indiki ilə müqayisədə Heydər Əliyev dövrü ifrat demokratik dövr sayıla bilər. Efir canlı yayım konsepti ilə işləyirdi, xəbərlərdə senzlər az idi, ən əsası, efirdə tənqid vardı. Bu şəraitin, bu modelin müəllifi Heydər Əliyev idi…
– İndi bu model yoxmu? Azərbaycan Heydər Əliyev yolu ilə getmirmi?
– Yaxşı, o zaman problem nədir?
– Tənqid imkanları məhduddur. Ciddi çatışmazlıqdı. Rəsmi efirdə, ümumiyyətlə tənqid yoxdu. Bir az yazılı mətbuat və onun üzərində qurulmuş yayın orqanlarında, konkretləşdirsək, "Yeni Müsavat” media qrupunda qalıb. Lakin mən də çox ehtiyatlı davranıram. "Özünüsenzura” əhdimizi və yaradıcılığımızı kəsib, biçir. Mən özüm, köşə yazılarını minimuma endirmişəm. Doğrudur, məni heç kim sıxmır və hakimiyyət orqanları ilə çox mədəni münasibətlərim var. Lakin mən mövcud çərçivələri və sərhədləri görürəm – əhatə çox məhduddur. Belə bir durumda tiraj –IPsaxlamaq çox çətindir. Hazırda tənqid "xarici mala” çevrilib. Ölkədə qadağandı, buna görə də xaricdən gəlir – bizim yerimizi və efirdəki tənqidin yerini bir baxın, görün, kimlər nələrlə doldurub? Ölkənin siyasətdəki və ictimaiyyətdəki dələduzlarının hamısı "yutub”dadı; kanal açıb, söyürlər. Narazı elektorata çox səviyyəsiz məhsul təklif olunur. Lakin alternativi yoxdur və buna görə də hətta açıq söyüşlər söyən "yutuberlər” belə özünə auditoriya toplaya bilir.
– Müqayisə çox yerində, hətta maraqlı oldu, amma mən daha çox İlham Əliyevə münasibətinizin dəyişməsinin arxa planını nəzərdə tutmuşdum.
– Arxa plan-filan yoxdu. Hər şey çox şəffafdı və proses də şəffaf gedib. Bayaq sizə anlatdım – 2013-dən sonra çox şeyləri ölçdüm-biçdim. Bu düşərgə ilə davam edə bilməyəcəyim yəqin idi: gözümün qabağında, mənim birbaşa informasiya almaq imkanlarımın məsafəsindəcə onların bir qismi vətəni satmağa bərabər hərəkət etmişdi. Söhbət Milli Şura layihəsindən gedir.
Azərbaycan tarixində ilk dəfə idi ki, siyasi müxalifətə xarici ölkə paytaxtında – konkret olaraq, Moskvada hazırlanan bir model təklif olunurdu. Mən bütün prosesin içində olmuşam – məsələni dəqiqliyi ilə bilirəm.
– Nə idi, bəs onların məqsədləri?
– Azərbaycan siyasətinə, o platforma vasitəsi ilə, Azərbaycana müdaxilə etmək. Moskvada yaradılan "Milyarderlər İttifaqı” Bakıda Milli Şura qurdu və onun da başına dünya şöhrətli yerlimiz – kinodramaturq Rüstəm İbrahimbəyovu təklif etdi. Lakin, Rüstəm bəy Bakıya kino çəkməyə gəlmirdi – dərhal da elan etdi: onun məqsədi prezident İlham Əliyevi devirmək imiş. Bakıdakı müxalif avtoritetlər həyəcanlandılar, tez, İbrahimbəyovun ətrafında sıx birləşdilər, onu tənqid edən hər kəsi, eləcə də məni, hədəfə aldılar, lənətlədilər və vətən xaini, iqtidar adamı və s. elan etdilər… Sonra məlum oldu ki, İbrahimbəyov Rusiya vətəndaşıdı, prezidentliyə namizəd ola bilməz; sonra ağsaqqal heç Bakıya da gəlmədi. Dedi, məni tuta bilərlər, gəlmirəm… Cəmi bir dəfə "ac hərifləri” Tiflisə yığdı, danışdılar, ayrıldılar…
– Bəs, sizdən başqa bu prosesə etiraz edən yox idi?
– Hamı atmosferə düşmüşdü. Durmadan belə bir propoqanda yayılırdı ki, Putin İlham Əliyevi devirir, hakimiyyət dəyişir, burada da əsas alət Milli Şuradır və s. Bunun təsirləri böyük idi. Çoxları olası hakimiyyət dəyişikliyindən kənarda qalmaq istəmirdi. Bilə-bilə, düzünə qəsdlə Rusiya xüsusi xidmət orqanlarının avantürasına gedirdilər: bəlkə də oldu, ümidi ilə… Bəzi dostlarımız isə, "Milli Şuraya gedək, orada çoxluğu və nəzarəti ələ götürək, Rusiya layihəsinə imkan verməyək”, devizi ilə oraya doğru yön almışdı. Milli Şuraya qədər biz İctimai Palata modeli ilə birləşmişdik və bu model Azərbaycanın demək olar ki, bütün müxalifət düşərgəsini əhatə edirdi. Son iclaslarda Əli Kərimli təklif etdi ki, İP-i buraxaq, Milli Şuraya gedək. İP-in Milli Şuraya çevrilməsi ilə bağlı müzakirələri kiminsə bağ evində, telefonlar söndürülərək, müzakirə etdik. Qızğın müzakirələr gedirdi, hətta söz davaları düşürdü…
– Kimin bağ evində toplaşmışdınız?
– Bu, o qədər də önəmli deyil.
– Milli Şura Azərbaycan üçün konkret hansı təhlükə yaradırdı?
– Bir qismini bayaq dedim. Bu, xarici ölkə paytaxtında qurulub, Azərbaycana ixrac olunan bir layihə idi. Prezident seçkisi vəsiləsi ilə çevriliş edib, hakimiyyəti ələ alıb, iki illik keçici və koalisyon bir hökumət qurulacaqdı. Daha sonra isə plana görə, Azərbaycanın keçmiş 1-ci vitse-premyeri Abbas Abbasov prezident seçdiriləcəkdi. Bununla da Azərbaycanda tam Rusiya yönümlü oyuncaq bir hakimiyyət qurulacaqdı. Onun vasitəsi ilə də Dağlıq Qarabağda ikinci erməni dövlətinin reallaşması nəzərdə tutulurdu. Əlbəttə, Milli Şura layihəsinin mahiyyətindəki bu planı hamımız kimi, Əli Kərimli və başqa liderlər də bilir və etiraf edirdilər. Elə mübahisələrimiz də bu məqamlarda doğurdu. Biz deyirdik, axı, bu açıq-aşkar vətənə xəyanət layihəsidir. Buna imkan vermək olmaz. Layihəyə "ok” deyənlərinsə arqumenti bu idi ki, biz Rusiya vasitəsi ilə İlham Əliyevi devirək, iki illik koalision hökuməti quraq, məhz bu zaman xalqla birlikdə İbrahimbəyovu və digər Rusiya adamlarını devirib, bütün təşəbbüsü özümüz ələ alarıq… O zamanlar sonradan "Ərəb baharı” adlanan proses də Azərbaycana çox təsir edirdi, müəyyən ictimai fəallaşmalar var idi; liderlər düşünürdülər ki, 1988-92-ci illərdə Azərbaycanda və 2010-cu illərdə Ərəbistan yarımadasında olduğu kimi, məhz xalq hərəkatları vasitəsi ilə, küçə rıçaqlarını işə salaraq, hər şeyi tənzimləyə biləcəklər."Rusiyanı Azərbaycandan biz qovmadıqmı, indi də onun adamlarını, Abbas Abbasovu qovarıq. Hələ bir İlham Əliyevi devirək…” Düşüncə, arqument və həm də təhlükə… bunlar idi.
– Və nəyə qərar verdiniz?
– Gördüm və əmin oldum ki, İlham Əliyev Əli Kərimlidən, hətta müxalifətin bir çoxundan daha vətənpərvər liderdir. Bunu öncə, Wikileaks təlatümü zamanı da- məxfi sənədlər açılarkən, faktoloji olaraq görmüşdüm… Əli Kərimli və tərəfdarları isə hakimiyyət naminə hər şeyi – ölkəmizi belə, qurban etməyə hazır, qorxulu və güvənilməz bir dəstədir. Milli Şura layihəsi Azərbaycana çox baha başa gəldi. Mən prosesin görünməyən tərəflərindən də xəbərdaram, lakin çox şeyləri də deyə bilmirəm, az qala dövlət sirridir. Onu deyə bilərəm ki, İlham Əliyev hakimiyyətini və ölkədəki sabitliyi, hətta böyütmədən deyirəm, Azərbaycanı qorumaq üçün 2013-cü ildə bəzi qurbanlar verdi. O zaman yazırdıq ha, Rusiya Bakıya Xəzərdən gəmilərlə gəldi (girdi)… Bax, ondan danışıram… İlham Əliyev bacardı, Rusiya Milli Şuranı istifadə edib, bir küncə atdı, bəlkə bir daha da lazım oldu, deyə…
– Ümumiyyətlə, sanki müxalifəti iqtidardan daha həvəslə qınayırsınız. Yoxsa səhv təəssüratdır?
Ölkədə sekulyar, sivil müxalifətin güclənməsini təmin etmək şərtdir. Hakimiyyətin efir və media siyasəti qədər də, daxili siyasətdə səhvləri var. YAP-çılar qürurla öyünür ki, ölkədə müxalifət yoxdur. Belədirsə, çox pis.
Belə deyilsə, bunu belə görməyi arzulayırlarsa, daha da pis. Buyur, ölkədəki müxalifəti, medianı sıxışdır, sənə Avropada müxalifət cəbhəsi açıb, üstünə təhdid və söyüşlər yağdıracaqlar. Avropada mövcud Azərbaycan iqtidarına qarşı qurulan aqressiv virtual müxalifətdən başqa, hər mənada xarici paytaxtlardan qidalanan başqa güclər də var. Və onlar ən müxtəlif dini-ideoloji cərəyanlar adı altında, icmalar şəklində Azərbaycanda təşkilatlanırlar.
İqtidar ölkənin daxilində ictimai-siyasi həyatın aktivləşməsində, narazı elektoratın baxış bucağının ölkə daxilinə yönlənməsində özü maraqlı olmalıdır. Müxalifətin tanınmış simaları televiziyalara çıxmalı, fikirlərini çəkinmədən söyləməli və Azərbaycan insanı, alternativ xəbər, fikir arayan hər kəs onları dinləməlidir. Nəinki Orduxanı, Vidadini və başqa söyüşlə, jarqonla xitab edən yeni "Avropa müxalifəti”ni. Parlament seçkiləri 6 ay qabağa çəkilməli, seçkilərin azad və ədalətli keçirilməsinə imkan yaradılmalı, bunu da əsasında, Milli Məclis yenidən təşkil olunmalıdır. Növbəti parlament seçkisi ilə Ana müxalifətin lideri bəlirlənməlidir.
Prezident qədər, ana müxalifət liderinin də kim olmasının, nə vəziyyətdə olmasının böyük əhəmiyyəti var dövlətimiz, müstəqilliyimizin təminatı baxımından.
– Müxalifətdən də, hökumətdən də müəyyən narazılığınız var. Hökuməti bildik, bəs müxalifəti niyə dəyişməyə çalışmadınız? Bəlkə özünüz lider olmalıydınız? Hətta belə xəbərlər dolaşır ki, Müsavat partiyasının deqradasiyası davam edərsə, onu ələ keçirmək üçün sizdə hüquqi zəminin olduğunu demisiniz. Müsavatı ələ keçirmək kimi planınız varmı?
– Bunu Facebookda bir dostumuzla yazışanda, qısa replika kimi yazıdım. Elə bir xüsusi bəyanım olmayıb. Amma Azərbaycanda Müsavat adına ilk təşkilat quranlardan və bugünkü Müsavat Partiyasının da qurucularından biri olaraq, hər zaman özümü bu partiya ilə bağlı məsuliyyət altında hiss edirəm.
– "Müsavat adına ilk təşkilat” deyəndə ki, bəyəm onu tək qurmuşdunuz?
– O mərhələdə, indiki Müsavat rəhbərlərindən heç kim yox idi. Bunu demək istəyirəm. Müsavat 1989-cu ilin oktyabr ayında yaradıldı. İlk rəhbər heyətdə bunlar var idi: Mənsur Əlisoy (vəfat edib), Əhməd Rza, mən, Bəxtiyar Tuncay və Niyazi İbrahimov. Sonradan mənim təşəbbüsümlə Nəsib Nəsibzadə (indi Nəsibli) partiyaya gətirildi. İsa Qəmbər başda olmaqla, indi rəhbərlikdə olanlardan bəzilərini biz Müsavat təşkilatına dəvət etdik. Konkret olaraq, mən və Nəsib Nəsibli.
– Yəni, İsa Qəmbəri siz dəvət etmisiniz Müsavata?
– 1990-cı ilin iyun ayındakı konfransda Nəsib bəyi təşkilata rəhbər gətirdik. Bu, mənim və Niyazi İbrahimovun (hazırda Almaniyada mühacirətdədi) təşəbbüsü idi. Düşündük ki, partiya daxilində konfliktlərə və parçalanmalara son qoymaq üçün araşdırmaçı alim, yaxın dostumuz Nəsib Nəsibzadə (Nəsibli) AMDP Yeni Müsavatın rəhbərliyinə gətirilsin. Üstəlik, bilirdik ki, Nəsib bəy Ankaradakı Milli Mərkəzlə – Müsavatın hüquqi varisləri ilə yaxındır. Bu əlaqə vasitəsi ilə Ankaradakı Rəsulzadə silahdaşlarının da dəstəyini almaq, daha da böyümək və Azərbaycanda Müsavatı həm də hüquqən bərpa etmək istədik. İndidən deyim ki, bu plan çox parlaq şəkildə baş tutdu. AXC sədri, milli hərəkatın lideri Elçibəylə görüşdüm, onun dəstəyini aldım, daha sonra Nəsib bəylə bərabər Elçibəylə görüşüb, ondan Müsavat Partiyasına rəhbərlik etməsi xahişində bulunduq…
– Görünən budur ki, Elçibəy bu təklifinizi qəbul etməyib.
– Etməyib. Əbülfəz bəy dedi ki, mən indiki halda AXC hərəkatını buraxa bilmərəm. Müsavata rəhbərliyi İsa Qəmbərə təklif edin, mən də öz razılığımı ona söyləyəcəm. Burada mütləq onu da deməliyəm ki, mənim Elçibəylə təmasım və onun məsləhətləri ilə partiyaya yön verməyim 1990-cı ilin ortalarından başlayır. 1991-ci ilin sonlarında isə, ona Müsavatın başına gəl, təklifini etdik…
– İsa Qəmbərin reaksiyası necə olmuşdu? Nə iş görürdü o vaxt İsa bəy?
– İsa Qəmbərlə üçümüz görüşdük – Nəsib bəy, mən və Niyazi İbrahimov. O zaman AXC içərisində elan olunmuş, amma fəaliyyətsiz bir partiya vardı- ŞADP. Ona da rəhbərliyi İsa Qəmbər edirdi. Bizim dəvətimizlə İsa bəy ŞADP-ni buraxıb, Müsavata gəldi və indiki Müsavat partiyası qurulmağa başlandı.
– Kimlər vardı prosesdə?
– Aradan çox illər keçib, hazırda əlimin altında sənədlər yoxdur. Amma bütün onların hamısı arxivimdə var. Yadıma düşənləri deyə bilərəm. Belə qərara gəldik ki, 5 nəfər "Yeni Müsavat”dan, 5 nəfər də ŞADP-dən olmaqla, bir ilkin heyət yaradılsın, bu heyət danışıqları və Müsavatın Azərbaycanda rəsmi bərpa prosesini hazırlasın. "Yeni Müsavat” tərəfdən heyəti dəqiq xatırlayıram: Nəsib Nəsibli, Rauf Arifoğlu, Niyazi İbrahimov, Sədrəddin Soltan (o zaman İsmayılov idi) və Rizvan Hüseynov. İsa Qəmbərin rəhbərlik etdiyi ŞADP-dən isə İsa bəy özü, Sabit Bağırov, Mirbaba Babayev və Vurğun Əyyub yadımdadır. Hikmət Hacızadə ilkin heyətə təklif olundu, lakin mənim etirazımla onun adı başqasına dəyişdirildi. Kimə, onu dəqiq xatırlaya bilmirəm…
– Hüquqi zəmin buna deyirsiniz? Bunlar kifayətdir ki, Müsavat Partiyasına əl qoyasınız?
– Heç bir zəminə iddia etmirəm. Müsavat Partiyasına da iddiam yoxdur. Mən siyasətə, yenidən partiyalaşmağa qərar versəm, bunu Müsavatı geri almaq davasına çevirməyəcəm.
"Yeni Müsavat” adı məndə qalır, müsavatçılıq missiyası da. Elan etsəm və bütün müsavatçıları, hərəkatçıları "Yeni Müsavat” çatısı altına dəvət etsəm, əminəm ki, bu dəfə də böyük uğur qazanacam və parlaq nəticələr olacaq.
– Bəs, nəyi gözləyirsiz, niyə etmirsiz?
– Kim dedi ki, etməyəcəm…
– Elə də demədim. Bu barədə hər zaman düşünmüşəm və hazır mexanizmlərim, çoxsaylı tərəfdarlarım, böyük təcrübəm var. Partiyaların dövlət həyatında və siyasətdə əhəmiyyəti indiki halda qalsa, buna ehtiyac yoxdur. Lakin ölkədə böyük dəyişikliklər gözlənilir. O cümlədən də, seçki haqqında qanunun dəyişməsi, proporsional seçki sisteminin bərpası, parlamentdə yerlərin saylarının artırılması və s. Belə bir vəziyyətdə duruma və harada daha çox fayda verə bilərəm sualının cavabına yenidən baxacam.
-Deməli, yaxın zamanlarda yeni partiya, yenidən Müsavat prosesi gözlənilir?
– Hazırda indiki Müsavatda Yeni Müsavatdan kimlərsə qalıb?
– Məncə, yox. Məndən sonra qalanları da Qubad İbadoğlu ilə bərabər "təmizlədilər”. İndi Müsavat "gəlmələrdədi”.
– İsa Qəmbər başqan olmasaydı, Müsavat bu boyda olacaqdı? Siz ondan niyə narazısınız?
– Müsavatı 3 adam böyütdü, gücləndirdi. İsa Qəmbər, Rauf Arifoğlu və Heydər Əliyev. Sonuncu ismin burada rolu ondan ibarət idi ki, prezident Heydər Əliyev AXC-ni mümkün qədər sıxdı, Elçibəyi illərlə Kələkidən Bakıya qaytarmadı, siyasət meydanını tam və birmənalı olaraq, AMİP-ə və bizə – Müsavata verdi. Daha sonra AMİP-i də küncə qoydu və bir yerlərə qədər Müsavat siyasət Meydanında və şəhərin düz mərkəzindəki qərargahında çox əzəmətli görünürdü…
Mənim rolum bundan ibarət idi ki, effektli media quruluşu yarada bilmişdim, informasiya siyasətini və təbliğat işini düz qurmuşdum, ən yaxşı qələmlər qəzetin ətrafında idi və onlar Müsavat Partiyası üçün yazırdılar. Lakin prosesdə əsas sima İsa Qəmbər idi. O, Elçibəy iqtidarının çöküşü günlərində böyük cəsarət nümunəsi göstərdi və yüksək reytinq yığdı… Bütün ölkə və AXC elektoratı da bunu fərq etdi, İsa Qəmbərə yüksək etibar yarandı. Bunun və İsa Qəmbərin yüksək siyasi qabiliyyətinin sayəsində yeni yaranan Müsavat Partiyası ətrafında bir təmərküzləşmə başladı.
Ümumiyyətlə, biz İsa bəyi Müsavata dəvət edəndə və ondan da sonra (2003-cü ilə qədər) o, siyasi performansının ən pik həddində idi. Genəlləmə etsək, 2014-cü ilə qədər mən, İsa Qəmbərin başqanlığından razı olmuşam. Ancaq o, 2014-cü ildə öz gedişi ilə partiyanın darmadağın olmasına səbəb oldu. Öz yerinə də elə yanlış seçim etdi ki, nəticədə neçə illər ərzində yığdığı komandası darmadağın edildi, milli azadlıq hərəkatının əfsanə isimləri partiyadan qovuldu, onlara "satqın” damğası vuruldu, vitrin sıfırlandı… 2014-cü ildən sonra Müsavatın başına gələnləri ancaq 1920-ci ildəki məlum işğal olayı ilə müqayisə etmək olar. Özü də mən və digər dostlar bunları proqnozlaşdırmış, yazmış və demişdik… Biz İsa Qəmbərə getmə deyə yalvarırdıq. Partiya dağılacaq, ona illərimizi vermişik, deyirdik. Xüsusilə, indi başqan olan adama partiyanı vermə…
– Niyə? Arif Hacılı yaxşı başqan ola bilməzdi ki?
– Onun potensialına və qabiliyyətinə yaxşı bələdəm. Onunla ən yaxın adamları belə yol gedə bilməzlər. Arif lider deyil, funksionerdi, güclü adamları sevmir, mübahisə və müzakirələri xoşlamır, tabeçiliyi sevir, monoloqu xoşlayır… Onunla 6 ay 17 gün bir kamerada qalmışıq. Çətində, rahatda hansı reaksiyalar verdiyini, kapasitesini, qəlbinin tutumunu hər gün müşahidə etmək imkanım olub. Tualeti də içində olan, yeddi kvadrat metrlik bir kamera təsəvvür edin, 6 ay 17 gün 24 saat bərabər olan insanlar orada – Pənah Hüseyn, Arif Hacılı və mən… Yeddi kvadratlıq kamerada maskalanmaq olmur, artistlik mümkün deyil, olsa da bir yerə qədər; hər kəsin mahiyyəti çıxır içindən. Hər kəsin dəyanəti, gücü, imkanları… Yəni adama ən doğmalarından da çox bələd idim, belə birisini Müsavata gətirmək onu batırmaq demək idi. Təəssüf ki, belə də oldu…
– Hiss olunur ki, İsa Qəmbəri hələ də sevirsiniz…
– İsa Qəmbər mənim yeganə siyasi liderim olub. 16 il qəzetimizin təsisçisi kimi, 23 il də başqanımız olaraq, bərabərliyimiz var. Mən bu illəri və bu zəhməti sevirəm.
– Narazılıqlarınız nədir? Partiya başqanlığından getməsindən başqa da iradlarınız varmı?
– Ondan ayrıldığım gündən bəri, bir dəfə olmayıb ki, İsa bəyin adını mənfi hallandırım, onu incidəcək bir söz deyim. Obyektivlik naminə, danışığımdakı axın naminə bəzən məcbur olub adını çəkirəm. Ortaq çox sirlərimiz var. Bilirsiniz, bəzi sirlər var ki, müəyyən dəyərlərə görə aça bilmirəm. Elçibəy demişkən, bunlar zamana bağlı sirlərdir, amma zaman imkan verəcəkmi bizə, onu da bilmirəm. Sizə bir söz deyim və bunu ilk dəfə sizə açıqlayıram – Müsavat Partiyasında olduğum müddətdə hansı prosesdə olmuşamsa, heç zaman separat, gizli, öz maraqlarım üçün heç bir addım atmamışam. Buraya iqtidarla təmaslar da aiddir! Sanksiya almışam, ondan sonra hərəkət etmişəm. Hər hansı bir təmasım, dialoq və təkliflərim partiyanın və müxalifətin ən yüksək instansiyası tərəfindən sanksiyalaşdırılıb. Bunu çox kiçik dairədə etmişik və iştirakçılar da sağdı. Lakin təəssüf edirəm ki, bunu etiraf etmədilər, arxamda dayanmadılar. Məni xərcləməyə qalxdılar. İnanın ki, bu prosesdə bir başqası olsaydı, yəqin ki, xərclənərdi. Mən dözdüm, dayandım, bir dəfə də demədim ki, əziz "Ağsaşlılar”, axı məni siz görəvləndirmişdiniz?
– "Görəv” dediyiniz nə idi?
– Azərbaycandakı siyasi mühiti sağlamlaşdırmaq, Müsavatın strateji maraqlarını təmin etmək üçün bir layihəni mənə tapşırdılar, alınmadı, ya da onlar istəyən kimi olmadı. Sonunda da məni tək buraxdılar. Həm iqtidarın, həm də məsələlərin mahiyyətini bilməyən elektoratın qarşısında.
– Hiss olunur ki, bu barədə axıra kimi danışmaq istəmirsiz. Ona görə də hökumətə qayıdaq. Müxalifət hər nədir, nə deyildir, etiraf edirəm ki, doğrudan da pis gündədir, hətta yoxdur. Bəs necə olur ki, bu səviyyədə bacarıqsız, səriştəsiz hökumət hələ də iş başındadır? Tənqidi sıxışdırır, ölkə xaricinə çıxarır dediniz. Bunlar artıq diaqnoz deyilmi? Özləri nə gündə olduqlarını başa düşürmü heç olmasa?
– Məncə başa düşürlər. Hakimiyyət mənsubları, tərəfdarları, düşərgəyə yaxın olan media rəhbərləri ilə söhbətlərimiz əsnasında görürəm ki, onların da əksəriyyəti fikirlərimi bölüşür. Tərəfimdən dəfələrlə təklif eləmişəm ki, Heydər Əliyev modelinə geri qayıdaq. Görürəm ki, onlarda da o zamankı media modelinə yüksək nostalji var və bunu istəyirlər. Bilirsiz, efir və xəbər məkanı da Vətən kimidir. Sərhədləri, ərazisi var və onları qorumaq lazımdır. Bu gün isə, efirimiz tam işğal altındadır. Xaricdə oturmuş youtuber-lərin, türk tv-lərindəki dizilərin, Rusiya telekanallarının işğalı altındadır.
Yəni Azərbaycan vətəndaşları axşamı gözləyir ki, küçə söyüşləri ilə çıxış edən xaricdəki blogerlərə qulaq assın. Xanımlarımız türk seriallarına, rusdillilərimiz rus seriallarına və proqramlarına baxırlar. Bütün fəal kəsim bunu edir, gizlətməyə ehtiyac yoxdur. Hətta hökumət mənsubları də bir-birlərinə whatsapp-la linklər yollayırlar ki, «bunu görmüsən?»
Maraqlı bir dövrə şahidlik edirik. Televizorları əvəzləyən paralel ekran – mobil telefonlar artıq həyatımızın əsas amilidir. Hər şeyi oradan alır, oradan ötürürük. Azərbaycan iqtidarı bu dəyişimi yaxalaya, ona uyğunlaşa bilmədi. Milyonlarla xərc çəkdikləri televiziyalar, layihələr boşuna gedir. Yerli seyriçini Bakı televiziyalarına bağlamaq üçün şou proqramlardan o tərəfə gedə bilmirlər. Bizim Azərbaycana da, iqtidara da ürəyimiz yanır və şəxsən mən istəyirəm ki, bu mərhələdə İlham Əliyev güclü olsun, Azərbaycanda kataklizm yaratmaq istəyənlər buna nail olmasınlar. Çünki bu bir faktdır ki, hazırda ölkədə stabilliyin təminatı və bölgənin əsas siyasi aktyoru İlham Əliyev və onun iqtidarıdır. Lakin mövcud informasiya siyasəti ilə Prezidenti və Azərbaycanı qoruya bilmirlər. Çoxlu açıq nöqtələr buraxılıb. Və oradan da ancaq Prezidenti, onun ailəsini vururlar. Bizə də imkan verilmir ki, güclənək, reytinq yığaq, daxili auditoriyanın diqqətini bundan əvvəlki illərdə olduğu kimi, özümüzə yönləndirək, tənqidi azərbaycanlılaşdıraq və konstruktivləşdirək…
– Hökumət bu söyüşlərə bu qədər baş qoşmasaydı, onlar yenə də təsirli olardımı? Biz burda əlli dənə ağıllı məqalə yazsaq, video çəksək hökumətdən bir nəfər də reaksiya verməz. Ana-bacı söyüşlərinə isə tez cavab verirlər. Söyüşlər başlayınca sanki çaşıb qaldılar, vahid strategiya müəyyən edə bilmədilər. Hazır deyildilər elə bil…
– Bu, çox təhlükəli prosesdir, ona görə də müəyyən qədər baş qoşmağa dəyər. Söyüş söyənlər gəlib burda nəsə eləyəcəklər deyə təhlükəli deyil. Lakin, onlar söydükcə, bu hakimiyyəti qanı və canı ilə müdafiə edən elektorat görür ki, büt kimi baxdığı, sevdiyi, qorxduğu adamları, hökuməti təhqir edirlər və bunun heç bir cəzası yoxdur. O cümlədən də opponentlər, iqtidarı sevməyənlər bunu görür… Bəsit bir söyüş məsələsi deyil, Azərbaycanın zirehlərinin dəlinməsi, oradan gələcəyimizi partladacaq bombaların yerləşdirilməsi kimi bir şeydir… Hər yerə və hər kəsə sirayət edir.
Halbuki, bu prosesin qarşısını qısa zamanda almaq çox asandır. Ölkədə ictimai-siyasi məhdudlaşdırmalar, mətbuatdakı görünməz yasaqlar aradan qaldırılmalıdır. Tənqid, özünü senzurasız ifadə efirə qayıtmalıdır. Parlament seçkiləri keçirilib, bayaq da dediyim kimi, küçə rıçaqlarını özündə daşıyan liderlər Milli Məclisin binasına toplanmalıdır. İqtidarın özündə çox güclü polemistlər var.
İlham Əliyevin tərəfindən çıxış etmək, onun mövqelərini və siyasətini arqumentləşdirmək heç də çətin deyil. Bunu efirdə də, parlamentdə də edə biləcək çoxlu ziyalılar var və iqtidarın kadr potensialı ölkədə ən güclü potensialdır.
Yetər ki, o potensial hərəkətə gətirilsin. Bu gün sosial şəbəkələr dünyadakı bütün iqtidarların ən ciddi müxalifətidir. Bu gücün qarşısını almaq, kontrol etmək mümkün deyil. Axı sosial şəbəkə potensialı niyə ölkədən kənara çıxmalıdır? Olmazmı bizim bacarıqsız, aşağı göstəricilərə malik, lakin müəyyən oyun qaydalarına riayət edən müxalifəti gücləndirəsən? Sosial şəbəkələr, tənqid kimi strateji məsələlər ölkə içində qalsın?..
– Əsas sevmək deyil, haqqımda çoxlu danışmaqdır. Onu da edirlər və edirsiz… Hazırkı missiyam üçün bu mənə yetərlidir. Mənə qarşı ölkənin əsas müxalif liderləri əllərindəki bütün gücləri ilə qaralama kampaniyası apardı, həm də illərlə. Onlar məni özlərinə rəqib görürdülər, bir rəqibi gələcək kateqoriyasındakı bir rəqibi bitirmək üçün gizli koalisiya da yaratmışdılar. Mən bu faktı bilirəm. Arif Hacılı və Əli Kərimli Landmark-ın barında belə bir ortaqlıq qurmuşdular və həm AXC-nin, həm də Müsavatın internet resurslarındakı gücünü mənə qarşı birləşdirməyə anlaşmışdılar. Həm də bu, o zamanlar idi ki, Arif Hacılı ilə insani münasibətlərim, dialoqum qalırdı. Bunu onun özünə də dedim. Dedi, nə danışırsan, Əli səni pislədi, belə bir təklif etdi, ağzından vurdum, dedim, mən belə bir şeyə getmərəm. Amma getdi. Arif Hacılı bilməli idi ki, mən Müsavata rəhbərlik edənlərdən biri olmuşam, orada hələ də məni qəbul edənlər, dostlarım var. Günü bu gün də Müsavatın ən qapalı qruplarından "skrin”lər ala bilirəm. Nəysə, bu, müxalifətin maraqları…
Daha bir cinah da var – sistematik olaraq Xədicə İsmayıl və onun ətrafındakı fəallar da mənə hücum edirdilər. Xədicə İsmayıl 90-cı illərdə Prezident Aparatından tapşırıq alıb, mənim əleyhimə yazı yazan dəstənin ən fəal üzvlərindən idi. O zamandan başlanan proses davam edir. Mənim harada olmağım ona fərq etmir. İmkan düşən kimi, vurur… Əli Kərimlinin düşərgəsindən danışmağa isə ehtiyac yoxdur. Trol ordusu yaratmaq və saxlamağı hökumət Əli Kərimlidən öyrənib. Bu işin atası Azərbaycanda Kərimlidir.
– Bu qədər trollu hardan, necə tapır?
– Hər bir cəbhəçinin 20-30 saxta profili var. Onun özünün mənə məlum olan, 11 saxta profili vardır. Onlardan da 5-i qadın adı ilə aparılır. Yəni, bəzən Əli Kərimli qadın niki ilə fb-ə girir və oradan rəqiblərinə qarğış, nifrin və s. yağdırır. Bugünlərdə də Gültəkin Hacıbəyli "kişi” çıxdı. Onun da saxta Türkel Oğuz profili tam təsadüfən, Şahin Cəfərli ilə polemikada ifşa olunmuşdu. Bax, məni sevməyən, belələridir…
Əli Kərimli ilə yaxın olduğumuz zamandan bilirəm ki, bu işdə çox peşəkarlaşıb. 2010-13-cü illərdə, facebook-da hər kəsdən tez təşkilatlanmışdı. İsrarla deyirdi ki, orda təşkilatlanmaq lazımdır. Tunisdən, Misirdən, ərəb baharından yaman ilhamlanmışdı.
Bu üzdən sosial şəbəkələrdə yeni imkanlar görürdü. Hazırda da ən güclü troll ordusu Azərbaycanda onundur. Yəni hökumət qüsura baxmasın, Kərimliyə çata bilməz.
– Yəni sizi sevməyənlər sırf keçmiş partiyadaşlardır? Qalan hər kəs sevir və təqdir edir?
– Yox, əlbəttə ki, başqa motivlərlə də nifrət edənlər var. Məsələn, millətçi xəttimə görə, məni etnik ayrımçı hesab edirlər…
– Axı bu, yalan deyil. Siz doğrudan da ifrat mühafizəkar, türkçü-turançı görünürsünüz…
– Bəli, elədir, mən türk milliyyətçisiyəm. Bunun kimə nə ziyanı var? Amma bu gün, bizim bəzi keçmiş soydaşlarımız Rusiya və Avropada etnik separatizmi qızışdırırlar. Qəribədir ki, onların Avropada Əli Kərimli tərəfdarları ilə açıq əməkdaşlığı da var. Məni heyrətləndirən də budur. Bir adam hər kəsləmi təmasa girə bilər? Göründüyü kimi, bəli. Talış separatizmi xəttində olub Ermənistan və Rusiya xüsusi xidmətlərilə açıq əməkdaşlıq edən şəxslər, Əli Kərimlinin media resurslarında daimi və əziz qonaqlardır. Ordan məni və başqalarını təhqir edirlər. Bunlara siyasi pasportu da Kərimli verir. Buna çox təəssüf edirəm.
– Sizcə, Əli Kərimli nə istəyir? Sadəcə hakimiyyətə gəlmək uğrunamı edilir bunlar?
– İnad mərhələsindədir Kərimli. Həm geriyə yolu yoxdur, həm də oturmağa təzə qucaq. Siyasi mənada əlbəttə ki, kimsə ona qucağını açmır artıq. Biz onunla 90-lardan bu yana dəfələrlə dalaşıb-barışmışıq. Əvvəl mən onu ittiham edirdim ki, satılmısan, hökumətə işləyirsən. Sonra doğrudan da, getdi deputat oldu. Fərhad Əliyevin ofisindən ona maliyyə axırdı, hökumətin də nəzərində islahatçı xəttin vacib bir elementi kimi qiymətləndirilirdi. Maraqlı hadisələrlə zəngin dövr idi. Məsələn, Kərimli deputat olduğu illərdə, biz onun haqqında nəsə yazan kimi, bizi prokurorluğa verirdi. Bir gün hətta məni və Azər Ayxanı küçədə tutub gətirdilər prokurorluğa. Deputat şikayəti əsasında.
Tahir Kazımov vardı o zamanlar, Bakının prokuroru. Deyirdi «əlimdən bir şey gəlmir, adam deputatdır, şikayət eləyib, sizi tutmalıyam. Eldar Həsənov da tapşırıb ki, sizi dindirim». O vaxt türməyə düşməməyimiz möcüzə olmuşdu.
Dediyim kimi, dəfələrlə dalaşıb-barışmışıq. Sonuncu dəfə bizi Qənimət Zahid, öz evində barışdırmışdı. Orda uzun söhbətimiz oldu və mən Azər Ayxanın bir cümləsini orda onun üzünə təkrarladım ki, "Allah üzümüzə baxıb, Heydər Əliyevin oğlu İlham Əliyevdir, sən Əli Kərimli yox…”
– Ağır sözdür. Əlbəyaxa oldunuz?
– Yox, əlbəttə. Amma çox pis oldu. Dedim, əgər sən prezident olsaydın, nəslimizi kəsərdin. Çox incidi, sarsıntı keçirdi. O da bilir, başa düşür ki, belədir, inkar etmək mənasızdır.
Xarakteri, quruluşu belədir, adam despotdur və qan arzusundadır, qan görmək istəyir. Özünü tez müdafiəyə keçdi ki, «mən əslində demokratam, insansevərəm» filan.
Yenə də barışdıq və bunun nəticəsində, 2011-ci ildə İctimai Palatanın rəhbərliyinə seçilməyimə dəstək verdi.
– Doğrudanmı bu qədər pis adamdır? Çevrəmdə mənim kimi snob olan və olmayan hər kəsin ondan zəhləsinin getməsi normal haldırmı? Belə bir şey necə ola bilər? Onu sevənlərə baxanda isə, görürsən ki, müəyyən antropoloji quruluşa malik, əyri-üyrü, intellektdən yoxsun, eybəcər adamlardır. Bir nəfər simpatik sima, vücud, beyin yoxdur ətrafında. Hərdən düşünürəm ki, adam xarabalıqlar padşahıdır…
– Amma özü gerizəkalı filan deyil, xəbəriniz olsun. Güclü adamdır, güclü liderdir, böyük təşkilatçıdır, dəhşətli intuisiyaya malikdir, yəni bir növ siyasi "heyvan”dır. Öz tərəfdarları üçün can yandıran adamdır, onları ölümünə qorumağa, müdafiə etməyə hazırdır. Siyasətçidə bunlar üstün keyfiyyətlərdir. Məsələn Müsavatda belə bir ənənə heç vaxt olmayıb. Bircə dəfə olub ki, üstümə gəliblər, başqan da məni qoruyub. Qərəz, bu göstəricilərinə görə, həmçinin İsa Qəmbərin kənarlaşması səbəbilə, bu gün hakimiyyətə əsas alternativ Əli Kərimlidir.
Sizə bir əhvalat da danışım. Barışandan sonra ikinci görüşümüz restoranda baş tutdu. Mənə orda pıçıltı ilə dedi ki, «məni filankəslərlə görüşdür». Dedim «deyəsən qəzetlərdə yazılanlara inanırsan. Mənim onlarla heç bir əlaqəm yoxdur». Necə heyrətləndiyimi, bozardığımı gördü. Onda mənə çatdı ki, mənimlə barışmaqda məqsədi həmin adamlara çıxış əldə etmək imiş. Yenidən sistemdaxili müxalifətə çevrilmək, hökumətlə anlaşmaq istəyir.
– Kimdir o adamlar?
– Ramil Usubov və Ramiz Mehdiyevi deyirdi. O zaman bəzi qəzetlər iddia edirdilər ki, mənim onlarla sıx əlaqəm var. Mən də dedim ki, qəzetlərdə yazılanlar yalandır. Özü də gördü ki, çox pis oldum. Tez söhbəti fırlatdı və dedi ki, sən məni düz başa düşmədin. Məni onlarla görüşdür, onları öz tərəfimizə çəkim. Məndə bir sıra arqumentlər var, onları sadalasam, razılaşacaqlar…
– Bilmirəm, o zaman nələrsə dedi, indi dəqiq ifadə edə bilmərəm. Amma söylədikləri gerçək düşüncəsi deyildi… Bu günə qayıtsaq, bu gün Əli Kərimlinin hakimiyyət orqanları ilə heç bir əməkdaşlığı yoxdur. Belə görünür. Bəlkə hansısa bir cinahın var, ya da keçmişdən kimlərsə var ki, onlardan dəstək alır. Amma onlar da hakimiyyətin qorunması adına yox, başqa niyyətlərlə onunla yaxınlıq edirlər.
– Medal yox, əməkdar jurnalist adını almışam. Buna obyektiv baxsaq, o ad əlbəttə ki, mənim haqqım idi. Subyektiv baxanda isə, bu İlham Əliyevin jesti və fədakarlığı idi. O düşərgədə Rauf Arifoğluna, hakimiyyəti amansız, bəzən haqsız tənqid etmiş; hakimiyyətin yıxılması, getməsi, əvəzlənməsi üçün əlindən gələni etmiş bir adama qarşı belə bir jest, birmənalı qarşılanmadı əlbəttə. Ona görə böyük fədakarlıqdır deyirəm. İçəridəki prosesi sıravi müxalifətçilərin bilməsi mümkün deyil axı, ona görə ağızlarına gələni danışa bilirlər. Siz, ordakı prosesləri təsəvvür edə bilməzsiniz. Mən isə bilirəm. Onun alt qatında hansı fədakarlıq yatır, bilirəm. Ona görə də, təklif gələndə imtina etmədim çünki bu, onun jesti, addımı idi. İsa Qəmbər bu prosesi düzgün ifadə eləmişdi – "şəffaf proses gedir, Rauf Arifoğlu İlham Əliyevlə barışdı”, yaxud tərsinə, İlham Əliyev Rauf Arifoğlu ilə barışdı.
– İlham Əliyevlə dostlaşdınız? Whatsapp-dan ona səs atmaq olur?
– Yox, elə yaxınlığımız yoxdur, amma olsa, sevinərəm. Amma onun köməkçiləri, bəzi nazirlərlə əməkdaşlıq atmosferində çalışırıq. Sağ olsunlar, bəziləri bir zəng qədər yaxın olduğum adamlardır. Dərhal, bir neçə saniyəyə rabitə qurmaq imkanlarım var. Həm də ki, mən tək deyiləm, açılım prosesində xeyli media nümayəndəsinə doğru addımlar atıldı.
– Belə görünür ki, bu açılım bizə gəlib çatmayıb. Avropadayıq və burada müəyyən işlər görürük, özünüz də görürsünüz necə platforma yaradılıb. Ona görə də, Avropa ilə əlaqəli qurumlar və şəxslərlə vaxtaşırı danışmaq, münasibət öyrənmək, bəlkə əməkdaşlıq etmək zərurəti yaranır, amma hamısı bizdən qaçır. Qorxurlar. Tək təsəllim odur ki, AzLogos-un nə demək olduğunu anlayacaq beyinə sahib deyillər.
– Kimlərdən söhbət gedir?
– Açılım bütün sahələri əhatə etməli, paralel olaraq kadr islahatları da getməlidir. Düşünmürəm ki, sizinlə, AzLogos-la bağlıdır Səməd Seyidovun davranışı. Ümumiyyətlə ehtiyatlı adamdır. Özü də, vəziyyəti yaxşı deyil, iqtidarın yanında reytinqi çox aşağıdır. İdarə etdiyi təsərrüfatda da problemləri var. Bizə də münasibəti eyni cürdür, efirimizə çıxmır. O gün bir yerdə AzTV-yə çıxmışdıq. Orda mənə söz verdi ki, gələcək "Yeni Müsavat”a, amma gəlmədi.
Fuad Muradova gəldikdə isə, çox yaxşı oğlandır, yaxşı da millət vəkili idi, təmiz kadrdır, amma o da öz yerində deyil. Onun nə əlaqəsi var diaspora ilə? Zorla gətirib orda oturtmaqla deyil axı. Diaspora nədir, nə etmək lazımdır bilmir bu adam. Nazim İbrahimovdan da betər bir situasiya yaranıb orda. Qısası, tənqid olunası məqamlar çoxdur. Ümid verən odur ki, bəlkə dəyişəcək, düzələcək. Siqnallar alırıq ki, bu istiqamətdə irəliləyiş olmalıdır.
İslahatlar, açılım kadr islahatlarına bağlıdır. Tək bir şəxs nə qədər islahat istəsə də, kadrlar olmadan arzusunu reallaşdıra bilməyəcək.
– Bəs bu qədər yeni kadrı hardan tapsınlar?
– Elə YAP-ın ikinci eşalonunda nə qədər adam var, xaricdə oxuyanlar yüzlərlədir. Baxın, deyirsiniz ki, AzLogos-un Bakıdakı əməkdaşlarını iqnor edirlər, cavab vermirlər, mən isə deyirəm ki, nəinki AzLogos-un Azərbaycan nümayəndələrini, xaricdəki soydaşlarımızın hamısını qucaqlamaq lazımdır. İqtidar mədəni olmalı və peşəkarlıq nümunəsi ortaya qoymalıdır.
Ölkənin ən cəsarətli, təcrübəli, qabiliyyətli, ağıllı adamlarının bir çoxu bu gün mühacirətdədir. Onları niyə itirməliyik? Onlar üçün ölkəni açmaq, toplaşmaq, görüşmək lazımdır. Kim haçansa nədənsə küsüb, bəzən çox xırda güzəştlərlə onlarla barışmaq mümkündür. Bu gün, bu gündür. Gəlin birlikdə ölkə yararına çalışaq. Hətta ən radikal olanların belə bir yolu var ki, ölkəyə düşmən kəsilməsinlər.
Hər zaman bunu təbliğ etmişəm. Mühacirət cəsarətdir, çox böyük cəsarətdir, hər adamın işi deyil. Artıq orda ikinci, hətta üçüncü nəsil də başlayıb yetişməyə. Hər zaman deyirəm ki, Avropa vətəndaşı olacaq insanları daimi düşmənə çevirmək olmaz. O ailələrin uşaqları, sabah o ölkələrdə vəzifəyə gələcək. Millət vəkili olacaq, bələdiyyə sədri ya üzvü olacaq. Artıq başlayıb bu karyera yüksəlişləri Avropa və başqa dövlətlərdə. İkinci nəsil azərbaycanlılar beş-on il sonra çox böyük qüvvəyə çevriləcəklər. Bir də Avropada öz təşkilatlarını qursalar tamamdır. Orda söz sahibi olacaqlar. Güney Azərbaycanlı, Türkiyəli qardaşlarımız artıq görün haralardadır. Sabah bizimkilər üçün də bu günlərdən var. Amma bir sıra Güney Azərbaycanlı və Türkiyəli müxalif mühacirlərdən fərqli olaraq, yaxşı olardı ki, bizimkilər ölkələrinə bağlı olsunlar, iqtidar-müxalifət zəminli ixtilaflar vətəndaşları vətəndən soyutmasın.
Bütün vektorlar üzrə siyasət yenilənməlidir. Başqa yolu yoxdur.
– Avropa demişkən. Xaricdən maliyyələşən adamlar maliyyə kanalları bağlanınca pis vəziyyətə düşdülər, maskaları yırtıldı. Qurunun oduna yaş da yansa da, hesab edirəm ki, İlham Əliyevin bu addımı təqdirəlayiqdir. Bəs necə oldu ki, siz heç vaxt xaricdən maliyyələşmədiniz? Özünüzü necə qorudunuz? Yoxsa fondlar, səfirliklər sizi sevmirdi, sizdən çəkinirdilər?
– Bu qədər də kəskin, dramatik deyil vəziyyət. Soros fondundan maliyyə də almışam, gözəl işlər də görmüşəm. Ancaq bir mərhələyə, bir yerə qədər. Bizim çox gözəl layihələrimiz olub və biz bundan heç zaman biznes niyyətinə istifadə etməmişik. Vaxtı vaxtında hesabat vermişik, şəffaf işləmişik, hər şey çox açıqda, çox üzdə olub. Bəlkə ona görə elə bir obraz yaranıb ki, xaricilərlə heç işləməmişik. Mən özümü dünyadan təcrid etməmişəm axı. Sadəcə əməkdaşlığın da, işin də bir həddi olmalıdır.
– Sirr deyilsə nə layihələri idi bunlar? Mənə maraqlıdır sadəcə, Rauf Arifoğlu Soros-dan nə üçün pul ala bilər.
– Səhv etmirəmsə, 2000-ci ildə Konsorsium yaratdıq. Qəzet kağızı qıtlığı yaranmışdı, hökumət də qəsdən əngəl olurdu, kağız gətirmirdi ki, qəzetlərin belini qırsın. O zaman biz Macarıstana, Soros-un ofisinə yazdıq və «1000 ton qəzet kağızı» adlı cəsur bir layihə həyata keçirdik, qəzet bazarında vəziyyəti düzəltdik.
– Konsorsiumda kimlər vardı?
– Rəhmətlik Rauf Talışinski vardı Ayna-Zerkalo qəzetindən, Azadlıq qəzeti, Yeni Müsavat, Hürriyyət qəzeti kimi media quruluşları. Yəni hamımız Soros fondu ilə bu kağız məsələsini həll etmişik. Sonra bölgələrdə oxu evləri də açmışıq. Ondan sonra isə müraciət etmək ehtiyacı hiss etməmişəm. Ən sərt müxalifətçilik dövründə belə, yaxşı yaşamaq imkanımız olub, qəzet satışından çox yaxşı pul qazanmışıq. Ehtiyac olmayıb fondlara getməyə.
ABŞ səfirliyi ilə də yaxşı münasibətlərimiz vardı. Məsələn bir səfir vardı, Ross Vilson (Ross Wilson) adında, sonra Türkiyəyə səfir getdi. Əli Kərimli və İsa Qəmbərə sözü olanda, məndən çatdırmağı xahiş edirdi. Nəyə görəsə bu yolu seçmişdi. Sonra, ABŞ səfirliyində Conatan Henik vardı, mətbuat katibi. Türkcə bilən yəhudi idi. Onunla da dost idik. Almaniyanın, Fransanın, İtaliyanın səfirləri ilə xoş münasibətlərimiz olub. Hətta NATO kurslarından da dinləyici kimi iştirak etmişəm, 1999-cu ildə. Düzdür, orda iştirak edənlər və mövzular haqda danışmaq ixtiyarım yoxdur, qadağa davam edir, amma sözüm odur ki, Qərbdən gizlənmirik, onlara arxa çevirmirik. Lazım olanda danışırıq da, əməkdaşlıq da edirik.
Amma hər şey qədərində gözəldir. Prioritet Azərbaycan və onun maraqları olduqdan sonra, sənin heç bir işin, heç bir addımın ümumi prosesin, amalın ziyanına olmayacaq.