SON XƏBƏR

Əlhəmdüllillah (Hekayə)

Avqust 03
22:13 2016
Maşınının sürətini azaldıb mağazasından 10-15 addımlıq məsafədə saxladı. Motoru söndürüb aşağı endi. Mağazanın qarşısında - həmişə maşınını saxladığı yerdə başqa maşın dayanmışdı. Yəqin ki, müştəri idi. Çünki Piter seriyalı olan bu maşının arxa qapısı açıq idi. Mağazaya sarı irəliləyib yağmurluğun altında dayandı. Hava dəhşətli dərəcədə isti idi. Siqaret yandırıb müştərinin mağazadan çıxmağını gözləməyə başladı.
 
Adəti idi - mağazasında müştəri olanda içəri girməzdi.
 
Artıq on dəqiqədən çox olardı ki, yağmurluğun altında gözləyirdi. Yandırdığı siqareti çəkib qurtarmışdı. "Deyəsən mağazanı yığıb aparacaq”-  deyə,   düşündü.
Bu an milçək əlini qəfil dişlədi. Qeyri- ixtiyari sağ əli ilə sol əlinin üzərinə vurdu. Ancaq gec idi… Milçək artıq pərvazlanmışdı. 
 
Uşaqlıqdan milçəklərə nifrət edirdi. Uşaqkən hər dəfə böyük sevinc hissi ilə otağa "dixlofos” səpərdi. Sonra aşağı əyilib huşunu itirərək yerə səpələnmış milçəklərə diqqətlə baxardı. Onların hansının erkək, hansının dişi olduğunu ayırd etmək istəyərdi. Ancaq hec cür bunu ayırd edə bilməzdi. Ehtiyatla ölmüş milçəklərin qanadlarından tutaraq yuxarı qaldırıb diqqətlə baxardı. Ancaq yenə də milçəklərin cinsini müəyyənləşdirə bilməzdi.  Və hər dəfə milçəklərin cinsini ayırd etmək istəyərkən qarşılaşdığı uğursuzluqdan sonra qəlbində Nuh peyğəmbərə qarşı hədsiz bir heyranlıq oyanırdı. Görünür, Nuhun gözləri çox itiymiş. Dünyanı su basmamışdan öncə bəşəriyyətin xilası üçün düzəltdiyi gəmiyə yığdığı bir cüt erkək- dişi içərisində ən xırda canlıları belə müəyyənləşdirə bilirmiş…
 
Bəlkə də heç belə olmayıb…
 
Bəlkə də Nuh peyğəmbərin də gözləri adi insan gözləri kimi imiş. Sadəcə dünyanı su basmağa başlayarkən təsadüfən Nuh peyğəmbərin qarşısına dünyada baş verənlərdən xəbərsiz olan bel-belə minmiş iki milçək rast gəlib. Və beləliklə də onsuz da "həyatı unutmuş” milçəklər Nuh peyğəmbər tərəfindən tutularaq xilas gəmisinə mindirilib...
 
Mağazanın qarşısında dayanmış maşınının örtülən qapısının səsinə xəyaldan ayıldı. Müştəri 40-45 yaşlarında qarabuğdayı kişi idi. Aldığı bir cüt qarpızı arxa oturacağa qoyub maşına əyləşdi. Maşını işə salmamışdan öncə güzgüləri düzəltməyə başladı. Sonra təhlükəsizlik kəmərini taxdı. Sonra sola burxulub diqqətlə ona baxdı. Müştərinin ona  baxdığını görüb gözlərini yayındıraraq mağazaya sarı addımladı. Mağazaya girib dodaqlarında sakitcə nəsə pıçıldayan satıcıya dedi:
 
- Saşa, bilirsən…
 
Saşa 25 yaşlarında arıq oğlan idi. Bir həftədən çox olardı ki, mağazasında satıcı işləyirdi. Tatar məscidinin imamının xahişi ilə işə götürmüşdü. Dostu idi. Ondan xahiş etmişdi ki, bir mömin qardaş var, işsizdi, onu imkan varsa, işə götürsün. O da imama razılıq vermişdi. "Mömin qardaş”ın işə gəldiyi gün isə ilk dəfə idi ki, həyatında bu cür rus ilə qarşılaşırdı. Saşa gödək şalvar geyinmişdi. Göy gözləri olan sarıyanız tipik rus idi. Gur saçı var idi. Ancaq uzun müddətdən bəri  qırxmadığı seyrək tükləri üzündə çox pis görünürdü. Uzun saqqal saxlamaq arzusunun ugursuzluğu Saşaya o qədər də pis təsir etmirdi. Ancaq o buna əsəbləşirdi. Hətta bəzən "müdir status”ndan istifadə edərək Saşaya üzünü təmizlətdirmək istəmişdi. Ancaq alınmamışdı.
 
Saşanın bir pis xasiyyəti də onun sözünü tez- tez kəsməyi idi.
 
- Müəllim, xahiş edirəm mənə Saşa deməyin, mənim adım Abduldu.
 
Saşayla tez razılaşdı:
 
- Əlbəttə. Abdul, sən bizim müsəlman qardaşımızsan… Ancaq sənə bir söz deyim, Saşa adı da əslində qədim türk- müsəlman adıdır. "Sə” və "şa” sözünün birləşməsindən əmələ gəlir. Qədimdə altay türkləri sözləri qısaltmağı xoşlayardılar, onları ədalətə, haqqa səsləyən şamana eləcə qısa formada "şa” deyərdilər, səsə də "sə”.  Sə və Şa. Səşa, yəni şamanın səsi, haqqın səsi. Bunu bizim rəhmətlik Muğanna adlı bir yazışımız var idi, sən tanimazsan, o, daha yaxşı bilirdi. Bir maraqlı məqamı da deyim sənə, Sə farsca 3 deməkdir, şeş də 6. Bunları birləşdirəndə bilirsən nə yaranır?
 
- 36?
 
- Ay sağ ol, 36. Quranın 36-ci surəsi  var, yəqin oxumuş olarsan…
 
- Ya sin. Vəl-Qur`anil-həkim. İnnəkə ləminəl-mursəlin…
 
İt oğlu necə də əzbər bilir. Lap mollalar kimi avazla oxuyur. Dili də yatıbdı. Heç elə bil rus deyil…
 
- Ay sağ ol. Bax o 36-cı surə çox sirrli surədir, əziz qardaşım. 1500 ildir ki, bizim xalqın ölüsünün üstündə o surəni oxuyurlar. Fikir ver ha, Sə-Şa, 36-cı  surəni- haqqın səsini. Biz ölüsü haqqa çağırılan yeganə millətik dünyada. Anladın məni? İndi bildinmi adının müqəddəsliyini?
 
Saşa çöhrəsinə müti görkəm verərək:
 
 - Bəli müəllim, amma… Bağışlayın, axı, bunu hamı bilmir… Siz deyin, ancaq ikilikdə olanda deyin. Müəllim, bayaq gələndə nə demək istəyirdiniz?
 
Bir an əvvələ qayıtdı fikirləri. Ancaq müştərinin simasından daha çox milçəyi xatırladı.
 
Görəsən, uçub hara getmişdi əclaf..?
 
- Hə… yadıma düşdü. O qarpız alan var idi ha səndən…
 
- Hansı, qalstuklu?
 
Hə, bir də Saşanın köndələn- yersiz suallarından zəhləsi gedirdi. Sanki bütün slavyan-xristian dünyası yığışıb içlərinin ən axmaq adamını müəyyənləşdirib onun yanına yollamışdı. Ancaq bunu Saşanın üzünə vurmurdu. Saşa hər dəfə ona köndələn sual verəndə gülümsəyirdi. Bu onun xoşuna gəlirdi. Artıq uzaq illərin o tayında qalmış  müəllimlik illəri solğun-solğun xatirəsində canlanırdı. Xəyaldan ayılıb dilləndi:
 
- Hə. O, azərbaycanlıydı eləmi?
 
- Bəli, müəllim. Hardan bildiniz, qalstukundan?
 
Bir anlıq düşündü - deməli, Saşanın da diqqətini çəkib bizim millətin qalstuksevərliyi. Ay səni, Saşa… Vallah, bu dünyada axmaq rus yoxdu. Özünü axmaqlığa vuran rus var. Bir siqaret yandırıb:
 
- Yox…
 
- Yerlinizdir?
 
- Yox, yerlim deyil. Sadəcə iki qarpız aldı deyə azərbaycanlı olduğunu yəqin elədim…
 
- Azərbaycanlılar qarpızı iki-iki alır?
 
Hə, deyəsən Saşa doğrudan da azərbaycanlılarla maraqlanmağa başlamışdı. Son günlər ona azərbaycanlılarla bağlı tez- tez müxtəlif suallar verirdi. O da çalışırdı ki, Saşaya hər dəfə verdiyi cavablarda millətin qədim tarixindən daha çox misallar gətirsin.
 
Ancaq Saşa Şərq tarixindən çox zəif idi.
 
- Əslində, Saşa, məsələ bunda deyil. Bizim həyata baxış rakursumuzun eyniyyətindədir. Hər zaman dünyada indiyədək yazılanların əksəriyyətinin yanlış olduğunu düşünmüşəm. İmkanım olsa, onları silib təzədən yazardım. Bax, mənə de görüm, oxuduğumuz kitablara görə dünyanın ən ağıllı milləti hansıdır?
 
- Ərəb?
 
- Əşi, yox e… Sən də xətrinə dəyməsin, son zamanlar lap xarab olmusan. Ərəbin ətəyindən az sallaş. Bütün kitablar deyir ki, yəhudilərdir dünyanın ən ağıllı milləti. Amma mən çox vaxt qarşılaşdığım qəribə situasiyaları analiz edərkən əmin oluram ki, dünyanın ən ağıllı milləti azərbaycanlılardı. Lakin biz ağıllı millət olmağımızı kitablaşdıra bilməmişik. Yəhudilər bunu bacarıb. Heç bilirsən yəhudilərin nə qədər kitab yazanı olub?
 
- 124000?
 
Aman tanrım… Buna kim öyrədib bunu? Yəqin tatar məscidinin imamının işidi…
 
- Yox, yox. Ondan da çoxdu…
 
- Müəllim, niyə azərbaycanlılar həmişə qarpızı cüt alır?
 
Yox, bu dəfə lap dəqiqləşdirdi. Saşa azərbaycanlıları kəşf edir. Bilir ki, Azərbaycan şərqin qapısıdı. Azərbaycanı kəşf etməsən, Şərqi kəşf edə bilməzsən. Axı, sadə məntiq var: qapını açmasan içəri necə keçə bilərsən?!
 
- Hə, bax, bu, əsl sualdı. Sən bunun cavabını mütləq bilməlisən. Çünki hər gün yüzlərlə qarpız satırsan. Amma kimə satdığının, necə satdığının əhəmiyyətinə varmırsan. Əslində biznesdə uğur qazanmaq üçün ən önəmli olan qızıl qaydanı bilməlisən. Biznesin yeganə qızıl qaydası mal satdığın müştərini tanımağındır. Yəni kimə mal satdığını mütləq bilməlisən. Sürətli müşahidə qabiliyyətinə malik olmalısan. Sənin yalnız "on addımlıq” şansın var- müştəri qapıdan içəri keçib vitrinə çatanadək sən hər şeyi özün üçün aydınlaşdırmalısan- o, nə alacaq səndən, nə qədər alacaq, sənə verdiyi əskinas hansı vəziyyətdə olacaq. Hətta çalışıb müştərinin ağzındaki dişlərinin durumunu da aydınlaşdırmalısan. Buna deyirlər müştərinin fiziki analizi. Bir də var müştərinin psixoloji analizi. Bax, ən əsas psixoloji analizdi.
 
Saşa yenə sakitcə nəsə pıçıldamağa başlamışdı. Deyəsən fikiri başqa yerdə idi…
 
- Necə?
 
- Çox asan. Müştərinin psixoloji analizində açar variantı o özü verir sənə. Məsələn, müştəri azərbaycanlıdırsa, bir qarpız alırsa və o qarpızın içi ilə maraqlanmırsa, sən yəqinləşdirməlisən ki, o, bazlığa gedir. Çünki onu bu an maraqlandıran ən önəmli şey məkana tez çatmaqdır. Bu cür müştərilər təxminən cənnətə tələsən möminlərə bənzəyirlər.
 
- Əlhəmdüllillah.
 
Saşanın sürətli cavabına bir anlıq heyrətləndi. Ancaq onu bu cür işlərlə sonadək heyrətləndirmək olmazdı. Axı, o, uzun illər müəllim işləmişdi. Saşanın cavabı məntiqdən doğmurdu. Bu, sadəcə, bayağı əzbərçilik idi…
 
Ancaq onun xətrinə dəymək istəmədi.
 
- Bu yaxşı sözdü. Sevirəm bu sözü. Hə, harda qalmışdım… Aha, yox, əgər müştəri azərbaycanlıdırsa, iki qarpız alırsa və o qarpızların dadı ilə, rəngi ilə ciddi maraqlanırsa, deməli, o müştəri qarpızları arvad-uşağına alır. Bizim xalq olaraq genetik xarakterimiz belədir. Mütləq evdə ərzağımız bol olmalıdı, xüsusən də xarab olma ehtimalı daha çox olan ərzaqlar. Əks təqdirdə ailə başçısı olaraq diskomfort oluruq. Ruhumuz sızıldyır…
 
- Qarpızın cüt alınma səbəbi budur?
 
Saşa indi lap müstəntiqə bənzəyirdi. Qısa suallarına qısa cavab almaq istəyən müstəntiqə.
 
Ancaq həyatda bir cümlə ilə ifadə olunmayan çox şeylər var. Xüsusən də axmaqlığına şübhə etmədiyin biri ilə üz-üzə olmağının fərqindəsənsə, minimum istifadə etdiyin cümlə 3-dən yuxarı olacaq. Sən tarixdən, fəlsəfədən, ədəbiyyatdan uzun-uzadı danışacaqsan və o qəfildən "niyə” və yaxud "necə” sualını verəcək…
 
Və sən yenidən başlayacaqsan…
 
Saşaya baxıb gülümsündü. Saşa da gülümsündü. Bəlkə də səbəbsiz…
 
- Əlbəttə ki, yox. Qarpızın cüt alınma səbəbi praqmatizmdir. Sən azərbaycanlı olaraq 30, 40, 50, 60 yaşına qədər qarpızla bağlı topladığın bütün təcrübələrini alış-veriş zamanı tətbiq etsən də, yenə də ehtiyatlı olmalısan. Ola bilsin ki, həyatının hansısa təcrübə toplamaq dönəmində gözəçarpmayacaq qədər yanlışlığa yol vermisən. Və  bu yanlışlıq bu an qarşına çıxa bilər. Ona görə də qarpızı iki dənə almaq lazımdı. Biri zay çıxsa da, o biri yeyilə bilsin. Bu bizim xalqın min illərlə formalaşmış məişətə baxış və hətta mən deyərdim ki, yaşam kredosudur. Hər şey iki olmalıdır! Mütləq mənada. Bizim xalqın milli xarakterinin nüvəsini məişətə yanaşma tərzi təşkil edir. Bax, biz azərbaycanlılar evimizə bazarlıq edəndə iki qarpız alıb özümüzü sığortaladığımız kimi ailə quranda da özümüzü sığortalayırıq. Çalışırıq iki oğlumuz olsun. Çünki bunun biri zay ola bilər. Məsələn,  doğma elini-obasını yalqız buraxıb yaşamaq üçün uzaq şəhərlərə gedə bilər…
 
- Siz neçə qardaşsınız?
 
- Mənim qardaşım yoxdur...
 
- Anladım, müəllim.
 
Axı nəyi anlayacaqdı bu mömin rus balası?! Əmin idi. Saşanın həyatda düşünəcəyi ən son şey qardaşının olub-olmamasıdır. Saşanın da qardaşı yox idi. Bir anlıq Saşaya yazığı gəldi. Gülümsünərək:
 
- Sən ağıllı oğlansan, Saşa, ona görə bunları sənə danışıram. Sənin bundan sonrakı həyatın biz müsəlmanların içində keçəcək. Ona görə danışıram ki, bizim xarakterimizi öyrənəsən. Bilirsən, əslində…
 
- Amma müəllim, qarpızları əla tanıyırsınız.
 
Axx, rus balası! Sənin baban kosmosa çıxıb, sən hələ də satdığın qarpızları tanımırsan. Bundakı həsədə, primitivliyə bax…
 
- Saşa, qarpız satırsan deyə həyata gələcəyini, arzularını uduzmuş insan kimi yanaşma. Sən gəncsən. Həyata inamın olsun. Həyata güvən. Hər gecə sabahlarının fərqli- gözəl açılacağını düşün. Özünü qəfil baş verəcək təlatümə hazırla. Sizin ölkə inqilablar ölkəsidir. Sabah nəyin-necə olacağını kim bilə bilər? Bax, sənə bir misal çəkim. Heç də qədimdən yox. Bizim millətin ən yaxın siyasi tarixindən. Biz müstəqil ölkə olandan sonra 1993-cü ildə  Pənah Hüseyn adında adam baş nazirimiz  oldu. Bilirsən o adam sən yaşda olanda nə işlə məşğul idi?
 
- …
 
- Qarpız satırmış. Anlayırsan? Bu bizim xalqımızın qədim Midiyadan üzü bəri siyasi həyatında bir ilk idi. Qarpızsatan hökumətin başına keçmişdi. Əlbəttə, əminəm  ki, ona bu işdə savadı, bacarığı yox, qarpız satdığı illərdə yığdığı təcrübə daha çox kömək olub.  Sən elə bilmə ki, mənim qarpızları tanımağımın səbəbi burada - Piterdə  son 6 ildə qarpız satmağıma görədir. Yox, bu genetik məsələdir. Mən uşaq olanda babam dağdan arana köçdü. Bizdə bir çay var. Kür adında. Çox böyük çaydı. O çayın qırağında yaxşı qarpız yetişir. Babam 29 il orada hektarlarla ərazidə qarpız əkdi. Uşaq idim. Dərsdən sonra əlimə çörək alıb babamın yanına- bostana qaçırdım. Dırmaşırdım ərəl ağaclarının ortasında babamın qurduğu çardağa. Bəzən gecələri də o çardaqda yatırdım. Ətraf zülmətə qərq olurdu. Göydə ulduzlar alışıb yanmağa başlayırdı. Bəzən ulduzlar o qədər parlaq işıq saçırdı ki, babam tütün bükmək üçün gətirdiyi qəzet parçalarını oxuya bilirdi… Sonradan 4-cü sinifə keçəndə ədəbiyyat kitabında oxuduğum "Padşah və bostançı” nağılı babamı gözümdə daha da qədimləşdirdi. O nağılda məmləkətin padşahı başının əyan-əşrəfi ilə yol gedirmiş. Uzun yoldan sonra su ehtiyatı tükənir. Padşahın taqətdən düşmüş dəstəsi dayanıb su üçün ətrafa çapar göndərir. Çapar gəlib deyir ki, yaxınlıqda bostan var. Padşahın dəstəsi atlarını bostana sürür. Qarşılarına qoca bir bostançı çıxır. Padşah qoca bostançıdan qarpız istəyir. Bostançı padşaha deyir ki, necə qarpız olsun, şirin, kəmşirin, ala yoxsa qırmızı? Bostançının qarpızı tanımağı padşahda maraq oyadır, beləliklə də bostanın xeyli qarpızını doğrayıb tökürlər. Qarpızlar kəsilməmişdən bostançı necə qarpız olacağını deyirsə, hamısı da elə o cür çıxır.
 
Babam da nağıldakı bostançı kimi idi - qarpıza baxan kimi içini bilirdi.
 
Nağılı oxuyandan sonra hər dəfə bostana gələndə elə bilirdim gözəgörünməz sirli bir qapıdan orta əsrlərə adlayıram. Ətrafda müasir dövrü səciyyələndirən heç bir texniki fakt yoxuydu. Babamı daha çox sevməyə başlamışdım. Elə bilirdim babam orta əsrlərdən  indiyədək bu çayın qırağında bostan əkir...
 
Son zamanlar qəribə bir fikir beynimi dalayır. Düşünürəm ki, bəlkə də o nağıldakı bostançı mənim ulu babam olub. Yenə də lənətə gəlmiş genetika öz sözünü deyir. Görürsən, mənim qarpızları tanımağımın elmi əsası var. Bu həyatda heç nə səbəbsiz deyil. Bax, sən burda qarpız satırsan, bunun özü də ilahi qismətdir…
 
- Əlhəmdüllillah…
 
- Bəlkə də səni bura göndərən Tanrı bu an qan-tər içində səninlə bağlı yeni plan üzərində işləyir. Ola bilsin ki, 10-15 ildən sonra Rusiyanın baş naziri sən oldun… Sən babanı tanıyırsan?
 
- Babam gəmidə işləyib. "Vostok”gəmisində. Gəmi okeanda olanda babam öldü.
 
Ona elə gəldi ki, Saşa bir anlıq kövrəldi…
 
- Babanı tanımağın yaxşıdı. Bizim xalq "7 arxa dönənini” tanıyır…
 
- "7 arxa dönən” nə deməkdir, müəllim? - Saşa maraq içində sual verdi.
 
- Yəni 7 babasını. Həm də nənəsini. Sənə genetikayla bağlı bir misal da çəkim. Bizdə - Azərbaycanda bir xanım var. Əvvəllər ictimai- siyasi fəaliyyətlə aktiv məşğul olurdu. Təxminən sizin Angelina Vovk kimi. Bir suyumu da ona oxşayırdı. Bu gün azərbaycan saytlarına baxırdım. Bir də görürəm bu xanım deyir ki, bizim prezidentin şəcərəsi 500 il əvvəl şərqə meydan oxuyan Səfəvilərə bağlıdır. Təsəvvür edirsən? Yenə də əlahəzrət genetika öz sözünü deyir. Deməli, dogrudan da, bu həyatda hər şey nizam altındadır. Tanrı bilir kimi hansı posta təyin eləmək lazımdır. Nəysə… Mən gedirəm. Qarpız azalana yaxın zəng elə, göndərtdirim. Hə, bir də səni azərbaycanlılardan gəlib sorğu-suala tutan olsa ki, gündə nə qədər mal satırsan, nə qədər maaş alırsan, hamısına "əlhəmdulillah” de, qoy çıxıb getsinlər…
 
Saşa ayağa qalxıb onunla qapıya sarı gedərək iki dəfə dalbadal "Əlhəmdüllilah, əlhəmdüllilah” dedi…
 
 
Mübariz Məmmədov
 
Qlobal.az
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook