Eldar Mahmudovun kassiri - Babatov

Aprel 25
15:48
2023
Eldar Mahmudovun milli təhlükəsizlik naziri olduğu dövrdə (2004 - 2015-ci illər), nazirliyin "kassir"i kimi Kadrlar Baş İdarəsinin rəis müavini polkovnik Tehran Babatov tanınıb.
Sonxeber.az-ın məlumatına görə, bu haqda "Yeni Müsavat" yazıb. Qəzet bildirir ki, T.Babatov tərəfindən bütün alver məsələləri, işə götürmə və MTN-in Heydər Əliyev adına Akademiyasına qəbul zamanı tələb olunan rüşvətin məbləği müəyyənləşdirilib. Məlumatda iddia edilir ki, bu məsələlər T.Babatovun şəxsən özü tərəfindən nümayişkaranə formada bildirilib.
Belə ki, ilk dəfə işə qəbul edilən, birbaşa nazirliyin özünə və ya Bakı qarnizonuna təyinat alan şəxslərdən 70 min dollar, Bakı qarnizonundan kənarda yerləşən rayon strukturlarına qəbul edilən əməkdaşlardan isə 50 min dollar rüşvət tələb edilib. Həmçinin, Akademiyaya kursant qismində qəbul üçün 150 min dollar, dinləyici kimi qəbula isə 30 min dollar rüşvət tələb edilib.
Eyni zamanda, fəaliyyət göstərən əməkdaşlardan nazirliyə və Bakı qarnizonuna təyinat yerinin dəyişdirilməsinə 40 min dollar, Bakı qarnizonundan kənardakı digər rayon şöbələrinə təyinat yerinin dəyişdirilməsi üçün 15 min dollar rüşvət tələb edilirdi.
Göstərilənlərlə yanaşı, Bakı qarnizonunda yerləşən rayon idarələrinə rəis heyətinə təyin edilmək üçün 500 min dollar, Bakı qarnizonundan kənarda yerləşən şöbə və idarələrə isə 200-500 min dollar civarında (həmin rayonun varlı və ya kasıb olması baxımından) rüşvət tələb edilib. İddialara görə, əldə edilən rüşvətin 10 faizi şəxsən Tehran Babatovun özünə, 30 faizi Kadrlar Baş İdarəsinin rəisi general-mayor Əlimusa Əliyevə, 60 faizi isə nazir Eldar Mahmudova çatırmış.
Qlobal.az