SON XƏBƏR

Ekspertiza təsdiqlədi: "Elmar Vəliyevdə psixi pozğunluq durumu yaranıb"

İyul 08
13:41 2021
"Onun məhkəmədə dindirilməsi vəziyyətinin pisləşməsinə səbəb ola bilər”

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevdə psixi pozğunluq yarandığını ekspertiza da təsdiqləyib. 

Bu barədə Meydan TV-yə vəkil Cavad Cavadov məlumat verib.

Cavad Cavadov 2018-ci ilin iyulunda o vaxt icra başçısı olan Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazova qarşı sui-qəsdlə əlaqədar təqsirləndirilən şəxslərdən mərhum Anar Bağırovun bacısının məhkəmədə nümayəndəsidir.

Elmar Vəliyev və Qasım Aşpazovu odlu silahla qətlə yetirməyə cəhddə təqsirləndirilən Yunis Səfərov və daha 11 nəfərin işinə il yarıma yaxındır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. 

Artıq məhkəmə istintaqı başa çatmış, prokuror Yunis Səfərova ömürlük, digərlərinə isə 18-20 il həbs cəzası verilməsini istəmişdi. Təqsirləndirilən şəxslərin vəkillərinin əksəriyyəti də çıxış etmişdi. Lakin Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası bu iş üzrə məhkəmə istintaqının yenilənməsi və Elmar Vəliyevin durumunun müəyyənləşdirilməsi məqsədilə onun tibbi ekspertizadan keçirilməsi haqda qərar verdi. Çünki vəkillər etiraz edirdi ki, iş üzrə zərərçəkmiş olduğu halda, Elmar Vəliyev dindirilməyib. Bu üzdən təxminən iki ay idi ki, ekspertizanın nəticəsi bəlli olana qədər məhkəmə prosesi təxirə salınmışdı.

Cavad Cavadovun sözlərinə görə, artıq iş üzrə məhkəmənin növbəti iclasının vaxtı məlumdur: "Bu iş üzrə məhkəmə prosesi iyulun 15-də davam edəcək. Ekspertiza rəy verib ki, sui-qəsd nəticəsində Elmar Vəliyevdə psixi pozğunluq durumu yaranıb. Onun məhkəmədə dindirilməsi vəziyyətinin pisləşməsinə səbəb ola bilər”.

Yunis Səfərov və onunla birlikdə mühakimə olunanlara qarşı terrorçuluq, dövlət çevrilişinə cəhd, sui-qəsd, qanunsuz silah saxlama və s. 30-a qədər maddə ilə ittihamlar irəli sürülüb. 

İddia olunur ki, icra başçısını ölkədə dövlət çevrilişi etmək məqsədilə qətlə yetirmək istəyiblər və ona qarşı baş verənlər terror hadisəsidir.

Yunis Səfərov isə Elmar Vəliyevi əhaliyə zülm elədiyinə görə qətlə yetirmək qərarına gəldiyini bildirib. 

O vurğulayıb ki, digər təqsirləndirilən şəxslərin bu məsələdə heç bir günahı yoxdur. Sadəcə, hadisəyə terror görüntüsü vermək üçün baş verənlərə aidiyyəti olmayan günahsız adamları həbs edib, mütəşəkkil dəstə yaratmağa çalışıblar.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook