Ehtiram borcumuz...
Fevral 03
03:12
2020
Bu həyatdır və onun qaçılmaz qanunudur ki, hər gələn bir gün getməlidir.
Mirzə Xəzərin də bu dünyadakı ömrü bitdi.
Mirzə Xəzər o dünyadakı ömrünün şərəflə davamı üçünsə ən azı 2 savab iş görüb.
Birincisi - Allaha xidmət edib, "İncil"i Azərbaycan türkcəsinə çevirib.
İkincisi, 1990-cı ilin müdhiş yanvar günlərində bir millətin içərisində boğulan səsini dünyaya çatdırıb.Mirzə Xəzər kimi tanıdığımız bu insan sovet dövrünün sadə azərbaycancasıyla - göyçaylı Mirzə Mikayılov idi.
Bu qədər sadə!
Amma 1990-cu ildə əzazil sovet rejimi qanlı yanvar qırğınlarını törədəndə Mirzə Xəzər elə bir şücaət göstərdi ki, ona hər azərbaycanlı həmin qeyrətinə görə hər zaman minnətdar olmalıdır.
Azərbaycan teleradiosunun enerji bloku partladılmışdı.
Faciəmizin, məruz qaldığımız zülmün sorağını xalqa və dünyaya çatdırmaq imkanımız əlimizdən alınmışdı.
Və Mirzə Xəzərin sərhədlərin o tayından mərhəm, ötkəm səsi gəldi.
O, sovetin düşməni olan radionun əməkdaşı idi.
Soveti ifşa edən hər imkandan yararlanmalı idi.
Bu aydındır. Məvacibi ona görə alırdı.
Lakin Mirzə Xəzər hər efir çıxışında həm də azərbaycanlı idi axı!
Axı həmin ağır günlərdə bu insan millətin dərdinin dünyaya carçısıydı.
Bunu unutmaq olarmı?
Bu fədakar xidməti yaddan çıxarmaq nankorluq olardı.
Mənim indi də qulağımda səslənir şeyxülislam Allahşükür Paşazadənin baş verənlərlə bağlı dünyaya müraciətini Mirzənin rus dilində hansı həssaslıqla, hansı yanğıyla səsləndirməsi.
Mirzənin səsi və səsləndirməsi həmin mətnin özündən də qüvvətli idi!
Çünki hər sözün içində onun yanan ürəyi vardı.
Bu elə məqamdır ki, orda aldatmaq, rola girmək mümkünsüz olur.
Ya özünsən, ya da sünisən.
O anlarda Mirzə Xəzər ABŞ-nın maliyyələşdirdiyi və kəşfiyyat təyinatlı radionun, maaş aldığı idarənin əməkdaşı deyil, ilk növbədə izahsız bir torpaq cazibəsinin hökmü ilə hərəkət edən vətənpərvər azərbaycanlı idi!
...Mehriban səsində mənim kitablarımdan o dövrdə parçalar oxuduğunu da məmnunluqla xatırlayıram.
Zəng də vurmuşdu, Qərb adətincə icazə də almışdı ki, olarmı oxuyum?
Necə yəni "olarmı?"
O günlər hamımızın gücümüz, imkanımız millətin ruhunu ucaltmağa köklənməmişdimi?
Mən o dövrdə "Amerikanın səsinin müxbiri idim.
Mirzə Xəzər orda məndən əvvəl işləmişdi.
Bilirdi ki, "Amerikanın səsi"nin sərbəstlik imkanı "Azadlıq" radiosuna nisbətən daha məhduddur.
Və ona görə də həmin yanvar günlərində mənə ayrıca bunu da demişdi ki, nəyi orda səsləndirə bilməsən mənə ötür...
Sonra Azərbaycan müstəqillik qazandı...
Və məncə, Mirzə müstəqilliyin o ilk, çətin illərində bir az çaşan kimi oldu.
O çağlar elə çağlar idi ki, ifrat demokratiklik deyil, müstəqilliyi çətin sınaqlardan xilas etmək vəzifəsi ön sıradaydı.
Mirzə bir az idealist oldu.
Və itirdi...
Verə biləcəyi çox faydaları verə bilmədi, yetərincə düşünülməmiş addımları ucbatından mümkün imkanları qeyb etdi.
Öz düşüncələrinə görə bəlkə də idealistlər, o sıradan, Mirzə Xəzər də, özlərini haqlı sayarlar.
Mənə görəsə, ən dar macalda da iş görə bilmək, verə biləcəyin faydaları yoxa çıxartmamaqçün lazım gələndə susmağı, müəyyən güzəştlərə getməyi, vaxtı və şəraiti daha dəqiq qiymətləndirməyi də bacarmalısan.
Olan oldu, keçən keçdi.
Neyləməli, bu da vaxtla istedadlı insanın qəliz oyunlarıdır ki, hətta istedadlı oyunçular da bu qəliz şahmat partiyalarından həmişə sonacan düzgün baş çıxara bilmir.
...Mirzə Xəzərlə heç görüşmədim.
Bir neçə dəfə telefon söhbətlərimiz olub.
Və həmin söhbətlərimizin hər biri millət qayğılarına köklənmişdi.
Və indiki əbədi ayrılıq günlərində Mirzə Xəzəri ilk növbədə bu xalqa və Azərbaycana həmdərd, həmnəfəs olduğu anlarla yada salır, ruhu şad olsun deyirəm.
Biz Azərbaycana, millətimizə azacıq da olsa xidmət göstərmiş heç kəsi unutmuruq.
Mirzə Xəzərsə belə misilsiz xidməti bu işi hər kəsin görə bilmədiyi günlərdə göstərdi!..
Rafael Hüseynov,
Akademik
Qeyd: Yazı müəllifin feysbuk səhifəsindən əldə edilib.
Qlobal.az