Əbülfəs Qarayevin istefası tələb olunur
Mart 01
12:05
2016
Nazirin İlhaməni «şəhid» adlandırması sosial şəbəkələrdə qəzəbə səbəb olub
Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevin müğənni İlhamə Quliyevanın dəfnində verdiyi açıqlaması ortalığı tamamilə qarışdırıb. Politika.Az xəbər verir ki, Qarayevin mərhum müğənnini «şəhid» adlandırması ictimayyətin qəzəbinə səbəb olub.
Düzdür, nazir və nazirlik belə bir ifadənin işlədilmədiyini iddia etsə də, həmin vaxt aparılmış çəkilişlər zamanı onun İlhaməni «şəhid» kimi təqdim etməsinin dəqiq olduğu anlaşmışdı. Bunun ardından nə edəcəyini bilməyən nazir və nazirlik isə susmağa üstünlük verərək, məsələnin gündəmdən çıxmasını gözləməkdən başqa yol görməyiblər.
Lakin cəmiyyətin Qarayevin bu hərəkətinə olan münasibətinə aqressiv yanaşması davam edir. Belə ki, artıq sosial şəbəkələrdə bununla bağlı ilk kampaniya başladılıb. Həmin kampaniyanın mühüm tərkib hissəsi isə Əbülfəz Qarayevin istefasını tələb etməkdən ibarətdir. Event yaradan gənclər nazirin istefa verməsini tələb edirlər və cəmiyyəti də bu prosesə qoşulmağa çağırırlar.
Mədəniyyət və Turizm Nazirliyinin məsələyə hansı reaksiya verəcəyi məlum deyil. Amma etirazların genişlənməsi fonunda üzürxahlığın ediləcəyi istisna deyil. Çünki ortada ciddi bir yanlış var. Həmin yanlış da şəhidlərə edilən hörmətsizlikdir. Ən azından ona görə ki, cəmiyyətdə heç bir nüfuzu olmayan, ölkə üçün zərrəcə iş görməyən, hətta ölümü ilə bir çoxlarını sevindirən birinin, xüsusən də müğənninin şəhidlərlə bir tutulması təbii ki, nazirə yaraşmayan hərəkətdir.
Hərçənd normal ölkələrdə belə yanaşmaya görə, daha doğrusu, açıqlamaya görə nazirlər istefaya gedirlər. Amma bura Azərbaycan olduğu üçün belə bir gözlənti müzakirə predmeti olmayacaq.
Qlobal.az