Əbülfəs Qarayev Londonda
Oktyabr 25
00:09
2015
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 24-25 oktyabr tarixində BMT Sivilizasiyalar Alyansının təşkilatçılığı və Müqəddəs Entoni Kollecinin Orta Şərq Mərkəzinin himayəsi ilə İngiltərənin Oksford Universitetində keçirilən "Paylaşılan dünyanın çağırışları” mövzusunda Əbdüləziz Saud Əl-Babteyn Mədəniyyət Fondunun 15-ci konfransında iştirak etmək üçün Böyük Britaniyanın London şəhərinə səfər edib.
Qlobalinfo.az-ın məlumatına görə, konfransda çıxış edən nazir Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə qlobal mədəniyyətlərarası dialoq hərəkatını nəzərdə tutan Bakı Prosesi, ölkə başçısının təşəbbüsü ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, həmçinin 2016-cı ilin 25-27 aprel tarixində Bakı şəhərində keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu haqqında məlumat verib.
Ə.Qarayev çıxışında Azərbaycanın multikultural tarixi ənənələrinə, tolerant, təbii həyat tərzinə, dövlətin mədəniyyətlərarası və dinlərarası dialoq hərəkatına dəstəyinə, həmçinin hökumətlə xalqın bu kimi məsələlərdə qarşılıqlı harmonik münasibətlərinə toxunub. Çıxışının sonunda nazir hər kəsi Bakıda keçiriləcək 7-ci Qlobal Forumda iştirak etməyə dəvət edib.
Səfər çərçivəsində nazir Əbülfəs Qarayevlə BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri arasında görüşün keçirilməsi və "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında 7–ci Qlobal Forumun 2016-cı il 25-27 aprel tarixində Bakıda keçirilməsinə dair Saziş”in imzalanması nəzərdə tutulub.