Dövlət Departamenti Rumıniyaya 920 milyon dollar ayrıldığını təsdiqləyib
Sentyabr 26
09:05
2024
ABŞ xarici dövlətlərə maliyyə hərbi yardım proqramı çərçivəsində Rumıniyaya silahlı qüvvələrinin modernləşdirilməsi üçün 920 milyon dollar məbləğində kredit verib.
"Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bəyanatında bildirib.
Müvafiq sazişi əvvəllər Buxarestdə Rumıniyanın maliyyə naziri Marçel Boloş və ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin (Defense Security Cooperation Agency) direktoru Maykl Miller imzalayıblar.
"Rumıniya ABŞ-nin dəyərli NATO tərəfdaşı və müttəfiqidir və bu əhəmiyyətli kredit sazişi NATO-nun şərq cinahını daha da gücləndirəcək. Rumıniya silahlı qüvvələrinin genişmiqyaslı modernləşdirmə proqramını həyata keçirir, bura həmçinin "Abrams” tankları kimi Amerika hərbi avadanlığının alınması və sursatların birgə istehsalı da daxildir”, – sənəddə qeyd olunub.