Dövlət başçısı: "Şuşanın tarixi simasını bərpa etməliyik"
Aprel 13
00:52
2022
"Şuşanın bərpası bütün digər azad edilmiş torpaqlarla yanaşı, əlbəttə ki, çox önəmlidir və hesab edirəm ki, prioritet olmalıdır. Azərbaycan xalqı da bu yanaşmanı təqdir edir. İndi Şuşada artıq bərpa işləri gedir, bəzi tarixi abidələr bərpa edilib və bu il görüləcək işlərlə bağlı tapşırıqlar vermək istəyirəm. Tarixi abidələr bərpa edilir, Heydər Əliyev Fondu 3 məscidi əsaslı şəkildə bərpa edir, eyni zamanda, yeni məscidin inşası yaxın aylarda başlanacaq. Artıq yer müəyyən olundu, biz onun təməlini qoyduq".
"Report” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə yekun nitqində deyib.
Onu da bildirməliyəm ki, Şuşada yaşayış məhəlləsinin təməli qoyuldu, evlərin inşasına start verildi. Yeni beşulduzlu otelin inşası üçün yer seçildi. O, həmin yerdir ki, o vaxt qondarma qurum orada dırnaqarası parlament inşa etmək istəyirdi və digər şeytan yuvası orada yerləşmişdi. Müharibə zamanı o da yox oldu. İndi orada beşulduzlu otelin layihəsi mənə təqdim edildi. Şuşanın memarlığına uyğun gözəl bir bina olacaq. Şəhər meriyası binası əsaslı şəkildə təmir edilir və onun yanında yeni konfrans zalı inşa olunur. Çünki indi Şuşada böyük tədbir keçirmək üçün yer yoxdur. Ona görə konfrans zalı meriya binasına bitişik olacaq və orada yaxın gələcəkdə ən mötəbər tədbirlər keçiriləcək.



