SON XƏBƏR

Dünyanı heyrətləndirən hadisə: 1917-ci ildəki "Günəş Möcüzəsi" zamanı əslində nə baş vermişdi?

Oktyabr 31
00:50 2025
1917-ci ildə Portuqaliyanın Fatima şəhərində üç uşaq evlərinə gedərkən qeyri-adi bir şey gördüklərini iddia ediblər. Uşaqların sözlərinə görə, Məryəm Ana onlara görünüb və hər ayın 13-də altı ay boyunca görsənəcəyini deyib, sonra isə yoxa çıxıb. Bu möcüzə xəbəri yayılıb və şəhərə ziyarətçilər gəlməyə başlayıb. Uşaqlar şəhər sakinlərinə vəd ediblər ki, sonuncu görsənmə zamanı - 13 oktyabr 1917-ci ildə - Məryəm Ananın möcüzəsini müşahidə edəcəklər. 

Qaynarifno "IFLScience" portalına istinadən xəbər verir ki, həmin gün tarixə "Günəş Möcüzəsi" kimi düşüb. Elm adamları isə araşdıraraq əslində o gün nə baş verdiyini müəyyən ediblər.

Təxminən 70 000 insan Məryəm Ananın görsənməsini izləmək üçün toplanıb. Lakin şahidlərin dediyinə görə, onlar Günəşin Yerə doğru hərəkət etdiyini, sonra əvvəlki yerinə qayıtdığını, öz oxu ətrafında fırlanaraq rəngli işıqlar saçdığını gördüklərini bildiriblər.

Həmin hadisənin şahidi olan təbiət elmləri professoru Xose Mariya de Almeyda Qarrett belə danışıb: "Günəşə baxanda hər şey qaraldı. Əvvəl yaxın obyektlərə baxdım, sonra gözümü üfüqə çevirdim. Hər şey ametist rəngi aldı. Ətrafdakı obyektlər, göy və atmosfer eyni rəngdə idi. Həm yaxın, həm də uzaq hər şey köhnə sarı damast rəngi aldı".

Elmə görə, o gün Günəşdə heç bir qeyri-adi hadisə baş verməyib və bu fenomen Yer üzündə başqa yerdə müşahidə olunmayıb.

Lodz Texnologiya Universitetindən alim Artur Virovski bildirib ki, bu, "günəş itləri" adlı atmosfer hadisəsi ilə izah oluna bilər. Bu zaman Günəşin hər iki tərəfində onun əksini xatırladan parlaq ləkələr görünür və buludlar göyə rəng yayır.

Nəşr qeyd edir ki, kütlə böyük ehtimalla kütləvi isteriya və qeyri-adi optik hadisəni yaşayıb. Bu, insanların gördükləri barədə fərqli versiyalar danışmasının səbəbini izah edir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook