Dünən Qubadlıda özünü qurban verən Dina... - İndiyədək yüzlərlə şəxsi xilas edən QƏHRƏMAN!
Avqust 31
16:36
2022
Zahir ƏZƏMƏT
"Qubadlıda mina partlayıb, bələdçi xəsarət alıb, it tələf olub".
Ötən gün xəbər axınında bir anda peyda olan bu məlumatı oxuyan hər kəs 1984 doğumlu, bələdçi Hüseynov Nəcməddin Abdulla oğlunun yüngül bədən xəsarəti aldığını, həyati təhlükəsi olmadığını bilib, rahat nəfəs aldı.
Əməliyyata cəlb olunan "Dina" ləqəbli itin tələf olması ilə bağlı soyuq xəbər cümləsi isə bir çoxumuz üçün heç nə ehtiva etmədi.
Halbuki Dina daha yaxından tanınmağı və sayğını haqq edirdi!
Çünki həyatını xidmət başında itirmişdi!
Çünki təhlükə anında ölümün ağuşuna atılaraq bələdçisinin həyatını xilas etmişdi...
Fədakarcasına!.. Gözünü qırpmadan!..
Buna qədər də yüzlərlə əsgərin, sakinin həyatını xilas etmişdi. Bu dəfə "ölümlə oyun"u yarımçıq qaldı... Hər dəfə bələdçisi boynunu qucaqlayıb "Afərin, Dina" deyərdi. Bu dəfə göz yaşları, "Dina... Dina..." hayqırtısı...
Və hər qarışının qoxusunu, ətrini ciyərlərinə çəkdiyi torpaq qucaqladı onu ...
Bu dəfə həmişəlik!
Hələ 3 yaşı belə yox idi Dinanın.
2020-cilin 15 aprelində doğulmuşdu. Belçika çoban itlərinin (malinua cinsi) nəslindən idi. 3 aylığından başlayaraq, təlimlərə cəlb olunmuş və bu təlimlər bir ildən artıq davam etmişdi.
Bu ilin yanvar ayından bələdçisi ilə birlikdə xidmətə başlamışdı. Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlıda ümumilikdə 192 000 kv.metr ərazini yoxlamış, 74 mina fraqmenti və 1 ədəd əl qumbarası aşkarlamışdı.
Dina həm də miniaaxtaran itlər qrupunun işğaldan azad edilmiş torpaqlarımızda ilk itkisi idi! Bununla da adını belə bilmədiyimiz o cəsur və qəhrəman itlərin simvoluna çevrildi Dina!
Hər birinə minnətdarlıq kimi, Dinaya heykəl də qoymaq olar!
Qoymalıyıq da!
Çünki Dina bir qəhrəman idi! Qəhrəmanlar isə əbədi sayğıya layiqdir!