DTX-nin həbs etdiyi Müdafiə Nazirliyinin hərbçisinə hökm oxundu
İyun 17
14:29
2022
Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində Sumqayıt şəhərində tutulan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin növbə rəisinə hökm oxunub.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sumqayıtda yerləşən hərbi hissələrin birində xidmət aparan, 1962-ci il təvəllüdlü Rəcəb Xəlilov naməlum mənbədən əldə etdiyi 100 qrama yaxın civəni 15 min manata satarkən tutulub. Ötən ilin oktyabrında keçirilmiş əməliyyat zamanı onunla birlikdə Sumqayıtda zərgər kimi fəaliyyət göstərən və civənin satışına vasitəçilik edən Vidadi adlı şəxs də həbs edilib.
Araşdırmalar zamanı məlum olub ki, hərbçi Vidadi adlı zərgərin ona kömək edə biləcəyini düşünüb. Daha sonra onlar birlikdə civəyə müştəri axtarıblar və şərti alıcıya həmin maddəni 15 min manata satmağa razılaşıblar. Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki parkda müştəriyə civə satıldıqdan sonra onlar DTX əməkdaşları tərəfindən saxlanılıblar. Axtarış tədbirləri zamanı hərbçinin evindəki manometrin daxilində gizlədilmiş əlavə altı qram civə də müəyyən edilib.