“Dollar satan Hacıxanımdır deyə kişilərlə görüşmür” - Bakıda daha bir dələduzluq işi
Oktyabr 24
14:17
2021
Bakıda daha bir qeyri-adi dələduzluq hadisəsi baş verib. Əvvəllər də dələduzluğa görə məhkumluq həyatı yaşamış şəxs bu dəfə "Hacıxanım"ın adından istifadə edərək eyni cinayət əməlini törədib.
Musavat.com xəbər verir ki, Nemət Həsənov Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq; xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunaraq Binəqədi Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb.
Onun aldatdığı şəxslərdən biri həbsxanada tanış olduğu Pərvin, digəri isə Pərvinin dostu Amildir.
Pərvin oğurluqda ittiham olunaraq həbsdə yatıb və Nemət Həsənovla eyni cəzaçəkmə müəssisəsində olublar.
Həbsxanadan çxıdıqdan sonra Nemət bir müddət Rusiyada yaşayıb. Daha sonra onlar sosial şəbəkədən bir-birləri ilə əlaqə qurublar. Nemətin dediyinə görə Pərvinə 20 min manat borcu olub. Pərvin borcunu bir neçə dəfə istəyəndə ona iş qurmağı, bu pulu başqa yolla qaytarmağı təklif edib. Amma Pərvin razılaşmayıb.
Bir müddət sonra Bakıya qayıdan Nemət Pərvinlə görüşüb. Həmin görüş zamanı Pərvin deyib ki, dostu Amil maşın almaq istəyir. Amilin 33 min manat pulunun olduğunu, lakin maşını satan şəxsin 20 min dollar istədiyini deyən Pərvin Nemətdən dollar satan tanışının olub-olmadığını soruşub.
Razılığa əsasən Pərvin və Amil 33 min manatı götürərək Nemətin yanına gediblər. Nemət deyib ki, Hacıxanım dolları 1.65 manatdan hesablayacaq. Bununla da 33 min manata 20 min dollar alacaqlar.
Əvvəlcə Pərvin və Amil görüşərək Nemətin yanına gəliblər. Nemət onları guya Hacıxanımın evi olan binanın qarşısına gətirib. Maşında pulu alıb Hacıxanımın evinə getmək istəyəndə Pərvin deyib ki, Amil də onunla getsin. Nemət buna etiraz etməyib. Amma binanın blokunun qarşısına çatanda Nemət Amilə deyib ki, Hacıxanım hicablıdır, dindar xanımdır və buna görə də tanımadığı kişilərin yanına çıxmır.
"Sən blokun qabağında gözlə. Mən tez gəlirəm”- deyən Nemət Amili razı salıb. Bir müddət keçəsə də Nemət geri qayıtmayıb.
Nemətin girdiyi blokdan hara yoxa çıxmasına gəlincə...
Nemət ifadəsində deyib ki, bu planı əvvəldən qurub. Belə ki, yaxın ərazidə blokunun arxa çıxışı olan bina tapıb. Hacıxanım məsələsini də əvvəldən düşünüb. Amil və Pərvini buna inandırdıqdan sonra binanın arxa qapısından çıxaraq oradan qaçmaq da planın bir hissəsi olub.
Zərərçəkmiş kimi tanınan Amil isə pulunu tələb edir. Zərərin heç bir hissəsi Nemət tərəfindən ona qaytarılmayıb.
Məhkəmənin hökmü ilə Nemət Həsənov üç il müddətinə azadlıqdan məhrum edilib.
Qlobal.az