Dollar niyə qeybə çəkildi?
Yanvar 17
16:00
2016
İlham Hüseynli
Bu günlər ölkədə baş verən proseslər, xüsusilə, milli valyutamızın kəskin ucuzlaşması və nəticə etibarilə istehlak və xidmət bazrında füsət alan bahalaşma, o cümlədən, valyutadəyişmə məntəqələrinin baglanması, hətta ən iri banklarda belə, ABŞ dollarının satışına qadagalar qoyulması əhali arasında cox ciddi gərginliyin yaranmasına səbəb olmuşdur.
Belə ki, xaricdə oxuyan övladlarına pul göndərmək və əcnəbi iş adamları ilə aralarında olan müqavilə öhdəliklərinin icrası üçün dollarla vəsait köçürmək istəyən on minlərlə vətəndaşımız baş bankir Elman Rüstəmovun valyuta mübadilə şöbələrinin fəaliyyətinə xitam verən məlum qərarı və ölkədə yaranan dollar defsiti səbəbindən saatlarla növbələrdə vaxt keçirməli, əsəb sərf etməli olurlar.
Əlbəttə ki, mən də dostum Nemət Əliyevin o fikiri ilə razıyam ki, bu qərar "qara bazarın” ayaq açmasına əməlli-başlı təkan verməklə, manata, bank sisteminə inamı daha da sarsıtmış olur.
Bəs əslində, bu gün ölkədə dollar qıtlığının yaranmasına səbəb nə olmuşdur, niyə birdən-birə dollar qeybə çəkilmişdir və ümumiyyətlə bu vəziyyət birdən-birəmi yaranmışdır, yoxsa uzunmüddətli prosesinmi nəticəsidir?
Bu suallara cavab tapmaq üçün Mərkəzi Bankın (MB) son 10 il üçün nağd xarici valyuta ilə mübadilə əməliyyatlarının həcmi və illər üzrə dinamikası ilə maraqlandım.
Deməli, vəziyyət belədir – 2005-ci ildə MB tərəfindən ABŞ dolları üzrə alış 945 milyon 169 min olduğu halda, satış 1,364 milyard dollar həcmində olub.
Hər iki istiqamət- həm alışın, həm də satışın illər üzrə dinamikasında artım müşahidə edilməklə, 2014 və 2015-ci illərdə nəticə belə olub:
2014-cü il: alış- 3,376 milyard, satış-9,373 milyard dollar
2015-ci il: alış- 3,584 milyard, satış-11,90 milyard dollar
Bu istiqamətlər üzrə 2005-2015-ci illər ərzində toplam nəticə isə belədir: alış- 22 milyard dollar, satış- 68,4 milyard dollar, fərq- 46,4 milyard!
Dostlar, siz təsəvvür edirsinizmi, son 10 ildə MB 22 milyard dollar aldığı halda, satış 68, 4 milyard dollar olub! Satış və alış arasındakı fərq 46,4 milyardır!
Əslində, bu qədər təbii sərvətə, xüsusilə, neft-qaz ehtiyyatlarına sahib ölkənin milli iqtisadiyyatı üçün bu göstəricilər tamamilə tərsinə olmalı idi: yəni, MB tərəfindən dolların alışı, satışını hec olmasa 2 dəfə üstələməli idi!
Əgər zamanında qeyri neft sektorunun real və üstün inkişafına nail olsaydıq, daxili bazarda yerli istehsal və məhsullar dominantlıq etsəydi, iqtisadiyyatımız ixracyönlü olsaydı, təbii ki, ölkədaxili nəgd ödənişlərdə manat üstün mövqedə olar, dollara təlabat azalar və bu gun yaşanan proseslər – manatın ucuzlaşması və dollar qıtlığı baş verməzdi!
Bu fakt bir daha onu göstərir ki, bu gün manatın dəyərdən düşməsi, valyuta bazarında dollar qıtlığının yaranması hec də bir günün, bir ilin nəticəsi deyil!
Bu vəziyyət hökumətin uzun illər apardığı yanlış iqtisadi siyasətin, təsərrüfatsızlığın nəticəsidir!
Azadlıq.info