Dirilər səltənətində ölülər
Mart 12
13:25
2016
Azərbaycan dramaturgiyasının bir sıra sayılıb-seçilən dramaturqları var ki, bu gün də onlara rəhmət diləyirik, onların əsərlərini acgözlüklə oxuyuruq. Və eləcə, illər keçsə də, bu əsərlər dəfələrlə teatrlarda səhnələşdirilir. Belə ölməz sənətkarlardan biri də, Mirzə Cəlildi. Onun "Ölülər” əsəri ötən əsrin əvvəlində yazılmasına baxmayaraq bu gün də öz aktuallığını əsla itirməyib. Cəhalət zülmündə addımlayanlar, avamlılıq, kortəbii fanatizm, fırıldaqçılıq və təbii ki, bütün bunlar dövrün çirkin abı-havası fonunda tənqid olunur. İnsanlar dəyişir, illər keçir, ancaq sanki zaman elə həmin zamandır. Sadəcə, azacıq "modernləşmiş”.
Söhbət
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Səda” Tədris Teatrında vaqe olan "Ölülər”dən gedir. ADMİU-nun "Dram, teatr və kino aktyoru” ixtisası üzrə IV kurs A qrupu tələbələrinin Diplom işindən gedir. Söhbət o kursun tələbələrinin tamaşasından gedir ki, kurs rəhbəri və tamaşanın quruluşçu rejissoru əməkdar artist Məmməd Safa, plastik həll üzrə rejissoru Pərviz Məmmədrzayevdir.
Əvvəlcə onu deyim ki, məzmunla bağlı heç nə danışmayacam. Çünki hər birimizə bəlli bir əsərdir. Hansısa hissələr azacıq qısaldılmış, nələrsə əlavə olunmuş tamaşada o dövrü özündə əks etdirən geyimlərdən istifadə olunmuşdu. Tamaşa demək olar ki, iki hissəyə ayrılırdı. Şeyx Nəsrullahın gəlişinə qədərki və gəlişindən sonrakı hissələrə. Və bu iki hissə ifaçılıq baxımından bir-birindən xeyli fərqlənirdi. Belə ki, tamaşanın başlanğıcında rola hələ daxil ola bilməyən gənc aktyorların oyununda bir dağınıqlıq vardı, sadəcə əhvalata uyub oynayırdılar. Lakin Şeyxin gəlişindən sonra sanki Nəsrullah onları cəm edib ətrafında toplaya bildi.
Salona daxil olduğumda tamaşa hələ başlamasa da səhnə açıq idi. İştirakçılar da səhnədə ağ örpəyin altında - ortada kişilər (oğlanlar), kənarlarda isə başdan ayağa qara örpəkdə əl-ələ tutmuş qadınlar (qızlar) dairə yaratmışdılar. Ta o vaxta qədər ki, zalın işıqları sönüb tamaşa başladı. Əslinə qalsa ağ örpəyin bir növ çadır kimi qurulması nədənsə həməncə "Yuğ” teatrının abı-havasını yaradırdı. İştirakçıların dairəvi düzülməsi, qara çadradakı qadınlar, bütövlükdə tamaşa səhnə boyu oynanılsa da, əsas hadisələr ağ tül pərdənin altında vaqe olurdu. Məkanın kiçildilməsi isə "Yuğ”la birmənalı yaxınlıq təşkil edirdi.
Şeyx Nəsrullah
obrazı zənnimcə Şamil İbrahimovun ifasında alınmışdı. Tamaşada ən dinamik, ən maraqlı obrazı o yaratmışdı. Şeyx insanların avamlığından istifadə edib, onları aldadır. Onların ölülərini dirildə biləcəyinə hamını inandırır, bircə Kefli İskəndərdən başqa. Əslində Şeyx Nəsrullah da hamı kimi adi adamdır. İnsan nə zaman özü olur – ya Allaha müraciət edib Onunla danışanda, ya da tək qalanda. Əsərdən, filmdən fərqli olaraq Məmməd Səfa müəllimin qurduğu bu tamaşada Şeyx də təklikdə öz etirafını edir. O da acizliyini, bu durumdan bezdiyini, Şeyx Əhməddən usandığını, etdiyi əməllərdən çiyrəndiyini, bəzən həqiqətən xəstə olduğunu dilə gətirir. Lakin və amma... bir neçə dəqiqəlik, o zaman ki, tək qalır. Ancaq elə ki, qızları, qadınları görür, içindəki şəhvət hissi oyanır, "məcnunluğu” tutur.
Ağ rəng paklığın rəmzidir, ağ rəng günahsızlığın rəmzidir, ağ rəng o dünyanın rəmzidir, ağ rəng ölümün rəmzidir. Bəli, Şeyx Nəsrullah da tamaşa boyunca başdan ayağa ağa bürünüb, paklıq pərdəsi, "din pərdəsi” altında öz iyrənc əməllərini törədir. Və bu "paklıq pərdəsi” altında heç kəsin daimi oturmasına icazə vermir. Hər bir vəcdlə onları itələyib pərdənin dışına atır. Pərdənin altına isə yalnızca məsum, pak qızları alır. O anda ki, onlarla tək qalır əmmaməsini və əbasını çıxarır, artıq Şeyx Nəsrullah yox azğınlaşmış Nəsrullaha dönür, içməmiş sərxoş olur. Və elə o anda onun içində oyanan ehtiras Nəsrullahı eyş-işrətə sövq edir. Məhz həmin anlarda zərb alətlərinin müşayəti ilə səslənən ritmik musiqi (musiqi tərtibçisi Amid Qasımov) və tül ağ pərdəyə salınan qırmızı işıqlar abı-havanı dəyişir. Axı qırmızı od əlamətidir, od cəhənnəm-cəhənnəm isə şeytandır. Demək Nəsrullahın içindəki şeytan baş qaldırır. Ondan kömək ummağa gəlmiş qadınları başqa gözlə görüb xəyal edir, sonda istədiyinə çatır. Hər şey bitdikdə isə halsız-heysiz yıxılıb yerdə qalır.
Afiq Tağıyevin canlandırdığı Kefli İskəndərin monoloqu zala müraciət kimi təqdim olunurdu. Əslində filmdə sonda ölülərə müraciət edən, onlara yatdıqları yerdən qalxmamaları üçün yalvaran İskəndərdən (Yılmaz Duru) fərqli olaraq bu tamaşada Kefli İskəndər zaldakı dirilərə müraciət edirdi. Seyrçilərin timsalında sağ kimi ölü insanlara, bugünki cəmiyyətimizə, avamlara, xurafata uyanlara müraciət edərək "elə beləcə, ölü kimi yatın” deməklə onsuz da nəyisə dəyişə bilmədiklərini, dəyişmək istəmədiklərini, dəyişmək istəyənləri isə Kefli İskəndər kimi "ağılsız” adlandıran "ÖLÜLƏRƏ” "tfu –tfu” deyərək tüpürürdü.
Bir də ki, Kefli İskəndər özünü bir az da "lotu” sayırdı. Bu boyda kənddə ondan ağıllısı yox idi. Odur ki, kiminlə ürəyi necə istəyir, o təhər də zarafat edirdi. Hərgah kimsə, nə isə söz deyib özünü ağıllı kimi aparmaq istəsəydi Kefli İskədər "lotusan, bir əl ver” deyə əlini uzadıb məzələnirdi. Eləcə də Şeyx Nəsrullahla hər dəfə söhbət sonu bunu təkrar edirdi.
Tamaşanın finalı çox gözəl həll edilmişdi. İskəndərin bütün dediklərinə baxmayaraq, sonda yenə də hərə bir ölüsünün övrətinə sahib çıxır və əl-ələ tutaraq cansız bir şəkildə ikiyə qatlanmış ölülər kimi addın-addım, sürünə-sürünə zalı tərk edirdilər. Axı belə deyirlər ki, öldükdən sonra hərə öz əməllərinə görə sirat körpüsündən bir şəkildə keçəcək. Ən pis günah edənlər güclə addımlayacaq, sürünəcək...
Ağ pərdənin altında isə yalnızca Kefli İskəndər qalır. Çünki bəyaz paklıq rəmzidir...
Tələbə-aktyorlara gəlincə...
Kefli İskəndəri oynayan Afiq şərti belə olsa məndə sərxoş təəssüratı oyatmadı. Axı içkili adam o qədər ayıq şəkildə qaça bilməz. Həm də əlindəki plastmas su qabı yerinə araq şüşəsi olsaydı daha inandırıcı olardı. Həmçinin, Hacılara gəlincə həddən ziyadə cavan oğlan kimi hərəkət edirdilər.
Axı nə qədər olmaya onların 45-50 yaşları var. Əsər ilə tanışlığım olmasa idi deyərdim ki, İskəndərin tay-tuşlarıdır.
Ancaq səhnə plastikasına görə Pərviz müəllimi xüsusilə vurğulamaq istəyirəm. Qızların səhnəyə gəlişləri, Şeyx Nəsrullah ilə rəqsləri, incə hərəkətləri tamaşaya xüsusi ovqat gətirirdi.
Ümumilikdə, bəzi qüsurlar nəzərə alınmasa tamaşa baxımlı alınmışdı.
Hətta Dövlət Teatrlarımızdakı bəzi aktyor ifalarından, quruluşlardan qat-qat bəyənilən, maraqlı bir tamaşa idi. Onu da unutmaq olmaz ki, iştirakçılar sadəcə gənc tələbələr idi.
Ol səbəbdən də bu "Ölülər” xeyli xub oldu!
Nigar Pirimova
teatrşünas
Kaspi.az