Dini qurumların qeydiyyata alınması qaydası dəyişir
Yanvar 26
15:34
2022
Azərbaycanda dini qurumların dövlət qeydiyyatına alınması qaydasına dəyişiklik edilir.
Qlobal.az xəbər verir ki, bununla bağlı "Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklik təklif olunur.
Dəyişikliyə əsasən, dini qurumlar (dini icmalar bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş sənədlər nəzərə alınmaqla) dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təsis protokolu, nizamnaməsi, habelə "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər sənədlər əlavə olunmuş ərizə ilə müraciət edir.
Digər bir dəyişikliklə isə dini icmaların təqdim etdiyi ərizəyə onu təsis etmiş azı əlli nəfər yetkinlik yaşına çatmış şəxs və ya onların səlahiyyətli nümayəndələri, habelə vətəndaşlığı, yaşayış yeri və doğum tarixi göstərilməklə dini icmanı təsis edən şəxslərin siyahısı, şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti, dini təlimin əsasları, o cümlədən dini icmanın yaranması tarixi, onun fəaliyyətinin forma və metodları, ənənələri, ailəyə, nikaha və təhsilə münasibət, həmin icmanın üzvlərinin hüquq və vəzifələrinə qoyulan məhdudiyyətlər barədə məlumatlar əlavə edilir.