DİN Məhəmməd Mirzəlinin qaynının döyülməsi barədə
İyul 31
14:41
2019
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə xaricdə yaşayan Məhəmməd Mirzəlinin qaynının döyülməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə açıqlamasında hadisənin Abşeron rayonu Masazır qəsəbəsində yerləşən kafelərin birində qeydə alındığını deyib.
Onun sözlərinə görə, Binəqədi rayonu ərazisində Motodrom adlı qəsəbədə məskunlaşan Elman Ağayev döyülərək müxtəlif dərəcəli xəsarətlər alması ilə bağlı nazirliyin "102 Zəng Mərkəzi”nə müraciət edib.
O.Mansurzadə əlavə edib ki, məsələ ilə bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirib və E.Ağayevin Masazırda kafe işlədən İlkin və Veysəl Rəciyev qardaşları tərəfindən döyülməsini müəyyən edib: "Hazırda həmin qardaşlar saxlanılıb və Təhqiqat şöbəsində araşdırma gedir. Artıq onların izahatları da alınıb”.
DİN rəsmisi qeyd edib ki, Elman Ağayev kondisioner ustası olub və mübahisə də 20 manat borc üstündə yaranıb: "Araşdırmanın nəticəsində məsələyə hüquqi qiymət veriləcək”.



