Deputat "Formula-1" yarışından danışdı: "Üçcə gün dözməliyik"
Aprel 27
13:11
2023
"Dəqiq bilmirəm nə qədər vəsait ayrılır, ancaq mənə elə gəlir ki, çox böyük vəsait deyil. Burada istifadə olunan avadanlıqlar artıq çoxdan alınıb, hər il də onları gətirib qoyurlar, sonra sökürlər. Ona görə də indiki xərclər əvvəlki illərdəki xərcdən dəfələrlə aşağıdır”.
Bu sözləri "Abzas media”ya Bakıda keçiriləcək növbəti Formula 1 yarışlarına ayrılan vəsait barədə danışarkən Millət vəkili, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.
O bildirib ki, Formula 1-in idman auditoriyası ölkəni tanıtmaq baxımından çox böyükdür.
Aydın Hüseynovun fikrincə, hökumət ölkənin tanıdılması üçün başqa bir sahəyə də pul ayırsa, bura xərclənən vəsaitdən daha çox olacaq. Amma o, indiki yarış üçün nə qədər vəsait xərcləndiyini bilmir.
"Yarışın təşkilatçıları zərərin minimuma endirilməsinə çalışırlar. Yarışlar elə bir yeri əhatə edir ki, sənaye obyektlərinin çox olduğu yer deyil. Bunlar hamısı nəzərə alınıb ki, insanların işinə, istirahətinə ciddi təsir etməsin. Məsələn, Sahil bağında insanlar dincəlir. Əgər dənizkənarı bulvara keçmək istəyirlərsə, bunun üçün yerüstü keçidlər var. Bu, aylarla olan yarış deyil, 3 gündür. Burda dözülməz heç nə olmasa da, əgər bu yarışlar iqtisadiyyatımız, dövlətimiz, ölkəmizin təbliğ olunması üçün lazımdırsa, hər bizimiz 3 gün ərzində nəyəsə dözməliyik”.