Deputat: Beynəlxalq Məhkəmə Ermənistanın ümidlərini doğrultmadı
Dekabr 10
16:48
2021
Qırx dörd günlük müharibə nəticəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini həyata keçirərək 30 ilə yaxın işğal altında qalan torpaqlarını erməni işğalından azad etdi. Azərbaycan dövləti erməni vandalları tərəfindən darmadağın edilmiş, qarət olunmuş ərazilərimizin bərpası üçün bütün gücünü səfərbər edib yeni quruculuq işlərinə başlayıb. Tarixində ən ağır məğlubiyyətə uğramış Ermənistan üçün isə daha ağır sınaqlar dövrü başlanıb.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
O qeyd edib ki, uzun illər yenilməzlik haqqında miflərlə bəslənən irqçi-türkofob erməni cəmiyyətinə təslim aktını həzm etdirmək, puça çıxmış xəyalları unutdurmaq və eyni zamanda, Azərbaycanın postmüharibə dövrü üçün irəli sürdüyü şərtləri yerinə yetirmək Ermənistan hakimiyyətini çıxılmaz vəziyyətə salıb. Yeni yaranmış reallığı qəbul edib qonşularla münasibətləri normallaşdırmaq əvəzinə ermənilər gah hərbi revanş, gah da inkarçılıq yolunu tutmağa səy göstəriblər. Azərbaycanın tələblərini yerinə yetirməmək üçün Ermənistan sərhədyanı bölgələrdə təxribat törətmək, mümkün olan və olmayan bütün bəhanələrlə beynəlxalq təşkilatlar, eləcə də Beynəlxalq Ədalət Məhkəməsi qarşısında Azərbaycana qarşı əsassız iddialar qaldırmaqla 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatın tələblərini yerinə yetirməkdən yayınmağa çalışdı. Belə cəhdlərdən biri də bu ilin sentyabr ayında Ermənistanın Beynəlxalq Məhkəmədə Azərbaycana qarşı qaldırdığı iddia idi.
Ermənistanın müraciətində "Hər cür diskriminasiya növlərinin ləğv olunması” haqqında Beynəlxalq Konvensiyanın Azərbaycan tərəfindən pozulduğu iddia olunur, bütün erməni "əsirlərinin” dərhal azad olunması, Bakıda açılmış Hərbi Qənimətlər Parkının bağlanması və "ermənilərə qarşı milli nifrətin qızışdırılmasına son qoyulması” və eləcə də azad olunmuş ərazilərdə "erməni tarixi-mədəni abidələrini” ziyarət etmək üçün lazımi şərait yaradılması haqqında tələblər irəli sürülmüşdü. Bu günlərdə Haaqa məhkəməsi Ermənistanın müraciətinə baxaraq onun iddialarına rədd cavabı verdi. Üstəlik, Azərbaycana qarşı revanş çağırışlarının qarşısının alınması ilə bağlı Ermənistan hakimiyyəti üzərinə məsuliyyət də qoyuldu.
"Bütün bunları izlədikcə erməni inadkarlığına və həyasızlığına heyrətlənməmək olmur. Bütün yazılmış və yazılmamış qayda-qanunlara görə, qonşu ölkənin torpaqlarını işğal edib etnik təmizləməyə məruz qoymuş və sonra döyüş bölgəsində biabırsızlıqla məğlub olmuş bir ölkənin idarəçiləri nəhayət öz günahlarını etiraf edib sivil dünyanın qanunları ilə yaşamağa qərar verməli idi. Amma Ermənistan siyasətçiləri hələ də öz beynəlxalq siyasət strategiyalarını orta əsrlər qanunları ilə müəyyənləşdirirlər. Yeni müttəfiqlər tapmaq və Azərbaycana siyasi-diplomatik təzyiqləri artırmaq ümidi ilə bölgədə sülhyaratma proseslərini ləngitməyə çalışan Ermənistan hakimiyyəti hələ də Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiya işlərinə başlamağa tələsmir, 2020-ci il 9 noyabr Bəyanatının 9-cu bəndində nəzərdə tutulan Zəngəzur dəhlizinin açılması ilə bağlı müvafiq addımları atmır. Lakin bütün bu ümidlər əbəsdir. Yeni reallıqların Azərbaycan üçün yaratdığı imkanların fonunda ordusu məhv olmuş və iqtisadiyyatı defolt səviyyəsinə yaxınlaşan Ermənistan siyasi–iqtisadi dalana dirənmiş vəziyyətdədir. Bu dalandan çıxmağın yeganə yolu isə dəfələrlə deyildiyi kimi, bütün qonşu dövlətlərlə, o cümlədən, ilk növbədə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqla mahiyyətcə yeni müstəqil Ermənistan dövlətinin qurulmasına başlamaqdan keçir. Ermənistan siyasi dairələrinin bu həqiqəti dərk etməsi ilk növbədə erməni xalqının gələcək taleyi baxımından önəmlidir. Lakin yaranmış pat vəziyyətindən sui-istifadə etməklə ayrı-ayrı klanların Paşinyan hökumətini devirmək və siyasi hakimiyyətə yiyələnmək uğrunda apardığı gərgin mübarizə Ermənistanda hələ də reallığın dərk olunmadığını göstərir. Bu gedişlə XXI əsrin erməni tayfasının növbəti kütləvi köç əsri kimi tarixə düşmək fürsəti var”, - deyə C.Feyziyev vurğulayıb.



