SON XƏBƏR

Dekan müavininin tələbəyə qarşı məhkəməsində "İlqar Əliyev" iddiası - VİDEO

May 18
01:46 2017
BDU-nun İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadə tələbə Zəka Mirağayevin həbs olunmasını istəyib. 

Nigar İsmayılzadənin vəkili mayın 17-də Yasamal Rayon Məhkəməsində bu haqda vəsatət qaldırıb.

Zəka Mirağayevin barəsində həbs-qətimkan tədbirinin seçilməsini istəyən vəkil vəsatətini belə əsaslandırıb: "Bu adam azadlıqda qalmaqla başqa dekan və rektorlara qarşı ittihamlarını davam etdirir. Bu, istintaq zamanı həmin şəxsin cinayəti davam etdirməsi deməkdir".

Amma tələbə və onun vəkili Elçin Sadıqov vəsatətə etiraz edib. 

Elçin Sadıqov bildirib ki, məhkəmə bu işi ümumiyyətlə, icraata götürməməlidir.

Nigar İsmayılzadə isə iddianın icraata götürülməsini istəyib. Dekan müavini deyir ki, onu əsas narahat edən barəsində rüşvət ittihamının səslənməsidir.

"Məsələnin kökü Zəka Mirağayevin "Kanal 13"də Nigar İsmayılzadəni "rüşvətxor" adlandırmasıdır. Universitetdə də bu şayiələri yaymaqda davam edir. Müsahibədə Ziya Mirağayevdən soruşurlar ki, bunu nə ilə sübut edə bilərsiniz? O da cavab verir ki, alan bəlli, verən bəlli. Belə sübut olar? Bu adam Nigar İsmayılzadə ilə İlqar Əliyevin (2015-ci ilin dekabrında Kürdəxanıdakı istintaq təcridxanasında intihar etmiş MTN polkovniki) tələbə yoldaşı olmasını qlobal hal kimi qələmə verib. Həmin şəxs həbsdə idi və indi rəhmətə gedib, belə şeylər nəyə lazımdır? Bununla Nigar İsmayılzadənin cəmiyyətdə nüfuzunu korlamaq istəyir", - dekan müavininin vəkili belə deyib.

Zəka Mirağayev isə onun adından yayılan bəzi fikirlərə etiraz edib: "Məhkəmə iddianı icraata götürmədən bunlar məni həbs etdirmək istəyirlər. Mən deməmişəm ki, Nigar İsmayılzadəni vəzifəsindən kənarlaşdırıb, onun yerinə dindar dekan müavini gətirmək lazımdır, bu, ağ yalandır. Mən fakültədə baş verənlərlə əlaqədar Mehriban Əliyevaya müraciət etmişəm. Ondan sonra universitet rəhbərliyi mənim şəxsi işimi qarşı tərəfə verib".

Hakim Azər Tağıyev dekan müavininin tələbəyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddianın icraata götürülüb-götürülməməsi haqda qərarın mayın 18-də elan olunacağını bildirib.

Əgər iddia icraata götürülsə, ona mayın 25-də baxılacaq.
 






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook