SON XƏBƏR

Ceyhun Hacıbəyli haqqında kitab çap olunub

Avqust 17
15:30 2016
Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Ceyhun Hacıbəylinin Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilən sənədlərindən, epistolyar yazılarından və digər mənbələrdən olan sənədlərdən istifadə edilməklə hazırlanmış  "Qürbətdən gələn səslər” kitabı çap olunub.
 
Kitabın tərtibatçısı, Dövlət Ədəbiyyat və İncəsənən Arxivinin direktor müavini Aslan Kənanın Qaynarinfo.Az verdiyi məlumata görə, kitab "Ceyhun bəy Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 19 noyabr 2015-ci il tarixli, 1538 nömrəli Sərəncamına uyğun olaraq çap olunub: "XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin qısa tarixi mövcudluğuna son qoyulduqdan və sovet hakimiyyəti qurulandan sonra Azərbaycanın bir çox tanınmış ictimai-siyasi xadimləri mühacirət həyatı yaşamağa məhkum oldular. Mühacirət etmiş insanların həyatı yad ölkələrdə heç də yaxşı keçməyib, onlar ya bolşeviklərin məxfi idarələri tərəfindən məhv edilib, ya təqiblərə məruz qalıb, ya da uzun müddət ehtiyac içində yaşayıblar. Həmin mühacirət həyatını yaşamağa məcbur olanlardan  biri də  milli istiqlal hərəkatının öncüllərindən olmuş  və  Azərbaycanın təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika kimi tanınmasında böyük rol oynamış yazıçı, jurnalist, politoloq, redaktor, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin kiçik qardaşı Ceyhun bəy Hacıbəyli olub".
 
Aslan Kənan bildirib ki, Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin (ARDƏİA) böyük həcmdə materaillarından istifadə edilməklə ərsəyə gəlmiş bu kitab tədqiqatçıların tarixin çox dəyərli və az öyrənilmiş məqamları ilə tanış olmasına imkan yaradacaq:"1990-cı illərin əvvəllərində YUNESKO-nun səlahiyyətli nümayəndəsi olmuş Ramiz Abutalıbov Ceyhun Hacıbəylinin  sənədlərini Fransadan Vətənə gətirməkdə əvəzsiz xidmətlər göstərib. O, bu missiyanı üzərinə götürərərk, mühacirət həyatı sürmüş bir çox  şəxslərə aid olan sənədləri də ölkəmizə gətirməyə müvəffəq olub. Həmin sənədlər arasında Ceyhun bəyin ayrı-ayrı siyasi xadimlərlə yanaşı, qardaşı, dahi bəstəkar Üzeyir Hacıbəylilə bağlı məktubları da diqqəti cəlb edir. 
 
Əlli illik bir dövrü (1912-1962-cu illər) əks etdirən bu məktublarda şikayətlər, haqsızlıqlar, ağır həyat tərzi ilə yanaşı mətbuat səhifələrində Azərbaycanla bağlı dərc olunan yazılar, vətəndə gedən hadisələr öz əksini tapıb".    
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook