Cəfər Cabbarlının “Ədirnə fəthi” əsərində Türk xalqının milli azadlıq mübarizəsi
Avqust 30
01:08
2024
Cəfər Cabbarlı 20 mart 1899-ci ildə Xızıda yoxsul kəndli
ailəsində anadan olmuşdur. Cəfər Cabbarlı görkəmli dramaturq, şair, nasir,
teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, əməkdar
incəsənət xadimi kimi tanınır. Onun Azərbaycan ədəbiyyatının zənginləşməsində
çox böyük xidmətləri olmuşdur. Cəfər Cabbarlının yaradıcılığı çox zəngindir.
Onun şeirləri, pyesləri, hekayələri Azərbaycan ədəbiyyatı üçün olduqca qiymətlidir.
Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin
inkişafında danılmaz xidmətləri vardır. Azərbaycan dramaturgiyasının, pеşəkar
tеatrının, yеni aktyor nəslinin inkişafı üçün dram əsərlərinin yazılması labüd
idi. Cəfər Cabbarlı bu məsələdə əhəmiyyətli rol oynaya biləcək ilk pyeslərini
"Vəfalı Səriyyə”, "Solğun çiçəklər”, "Ulduz”, "Ədirnə fəthi”, "Aydın”,
"Oqtay Еloğlu” və b. yazdı. Bu pyеslər indi də öz aktuallıqlarını qoruyurlar.
Azərbaycan dramaturgiyasının istеdadlı, böyük sənətkarı, Azərbaycan ədəbiyyatının
klassiki, görkəmli dramaturq, nasir, şair, ictimai xadim Cəfər Cabbarlının yaradıcılığındakı
çoxşaxəlilikdə onun pyeslərinin rolu danılmazdır.
Ədibin müstəqillik dövrünün
elmi düşüncəsi ilə qələmə aldığı "Ulduz" və "Ədirnə fəthi" əsərləri
onun türkçülük ideyalarını yüksək səviyyədə estetik cəhətdən təcəssüm
etdirmişdir. Dramaturq "Ədirnə fəthi" əsərində islam xalqlarının
birliyinin onların taleyində həlledici faktorlardan biri olduğunu sübut etmişdir.
Cəfər Cabbarlının "Ədirnə fəthi” əsəri səhnədə oynanılan zaman tamaşanı seyr edən
Nuri Paşa əsəri olduqca yüksək qiymətləndirir. Bu baş vermiş tarixi görüş gənc
yazıçı, dramaturq C.Cabbarlının yaradılığına verilən ən böyük dəyərlərdən biri
idi. Cəfər Cabbarlı 1917-ci ildə yazdığı "Ədirnə fəthi" əsərində türk
milli düşüncəsinin, türkün vətəndaşlıq şüurunun formalaşmasının, türkün tarixi
taleyinin bədii təsvirini əks etdirmişdir. "Ədirnə fəthi" əsərində Bizans
imperiyası ilə Osmanlı imperiyası arasında Ədirnənin fəthi uğrunda olan mübarizə
və Osmanlı qoşunlarının qələbəsi, millətin vətən-torpaq uğrunda apardığı böyük çətinliklər
müəllif qələminin gücü ilə oxucuya çatdırılmışdır. "Ədirnə fəthi" əsərində
Türk dünyasının Avropa dünyası ilə apardığı qanlı mübarizələr ədibin Türk millətinə,
tarixinə qarşı olan həqiqəti və sonsuz məhəbbəti ilə təsvir olunmuşdur. Əsərin
qəhrəmanları vətən torpaqlarını bütün güc və qüvvətləri ilə müdafiə edən şəxslər
idi. Əsərdə Türklərin milli və dini hisləri ilə bərabər inancları da təsvir
obyektinə çevrilmişdir. Türkçü olan Cəfər Cabbarlının "Ədirnə fəthi” əsəri
dramaturqun türkçülük ideallarına həsr olunmuşdur.
Belə ki, əsərdə dövrün çox
mühüm ictimai-siyasi hadisələri C.Cabbarlının böyük yaradıcılığı vasitəsilə qələmə
alınmışdır. Ədib əsərdə sübut edir ki, Ədirnənin fəthinin yolu nə qədər çətin və
ziddiyyətli olsa da, Türk milləti buna yüksəliş və tərəqqi yolu ilə nail olmuşdur. Dramaturq türklərin
yadellilərə qarşı apardığı rəşadətli mübarizələri, türk məişətini, türk qəhrəmanlığını
və şücaətini, türklərin mübarizə dolu tarixini yaradıcı münasibətlə yanaşaraq,
dolğun əsər yaratmışdır.
Ədib əsərdə qəhrəmanların xarakterlərindəki ziddiyyətli
məqamları müharibənin dağıdıcı və fəlakətli gücü ilə balanslaşdırmışdır. Əsərdə
itirilmiş Ədirnə torpaqları uğrunda vətənpərvərlik hərəkatı, qəhrəmanlıq və rəşadət
göstərən düşmənə qarşı qəzəbli türk xalqı təsvir olunmuşdur. Əsərin çox böyük
uğur qazanmasının başlıca səbəblərindən biri də o idi ki, faciədə milli və dini
inancdan irəli gələn güc türkün qələbəsinin mənəvi-psixoloji əsasını təşkil
edirdi. Dramaturq əsərdə qadın fədakarlığını və qəhrəmanlığını Zöhrə və İnci
kimi obrazların simasında canlandırmışdır. Belə ki, bu qəhrəman Türk qadınları хəstəхanalarda
fədakarlıqla mübarizə aparırdılar.
Ədib "Ədirnə fəthi” əsərində türkçülük ideallarına heyranlığını baris şəkildə
göstərirdi. Dramaturq "Ədirnə fəthi” əsərini milli problematika, milli iftixar,
qürur və vətənpərvərlik ruhu ilə qələmə almışdır. Əsərdə türklərin yadellilərə
qarşı apardığı rəşadətli mübarizələrdə göstərdikləri şücaət əsərin əsasını təşkil
edir.
Ədib əsəri ömrünün gənclik çağında
(18 yaşında) yazmışdır. Əsərin məğzi türklərin Ədirnə torpaqları uğrunda qəhrəmanlıq
və rəşadətlə apardıqları vətənpərvərlik hərəkatıdır. Dramaturq "Ədirnə fəthi” əsərində
Ədirnə küçələrinin, geniş hərb səhnələrinin təsvirinə geniş yer verməmişdir. Əsərdə
türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələrin geniş təsviri ilə
yanaşı tibb bacısı Zöhrə və gənc zabit Rüfətin məhəbbəti də təsvir olunmuşdur.
Hər iki gənc bir-birini saf məhəbbətlə sevirdilər. Ədib əsərdə bu saf məhəbbətə
qarşı olacaq yeganə bir qüvvə kimi ancaq vətən eşqini təsvir edir. Belə ki, hər
iki gənc öz sevgilərindən yalnız Ədirnənin azadlığı yolunda keçə bilərdilər.
Tibb bacısı Zöhrə və gənc zabit Rüfət vətən məhəbbətilə Vətən uğrunda çalışan
igid vətən övladları idilər. Onlar millət, vətən mənafеyi uyğunda ölümə getməyə
hazır olan gənclər idilər. Cəfər Cabbarlı "Ədirnə fəthi” əsərində vətən müharibəsi
üçün canını fəda еdən belə gənclərin obrazını yaratmaqla ədəbiyyatı zənginləşdirmişdir.
Gənclər vətən yolunda töküləcək hər bir qətrə qanları ilə fəxr edirdilər. Hər
bir türk vətən uğrunda öldürülən türklərin intiqamını almaq üçün çalışırdı və
bunun üçün də yaşayırdı. Ədib əsərdə müharibələri pisləyərək, bildirirdi ki,
bütün fəlakətlərə səbəb olan müharibə igid oğulları qıran, anaları balasız,
qızları qardaşsız, oğulları atasız qoyan bir məfhumdur. Cəfər Cabbarlı "Ədirnə fəthi” əsərində tarixi şəxsiyyətlər olan
Mustafa Kemal Atatürkün və Ənvər paşanın prototipini yaratmışdır. Əsərdə Ənvər
paşanın xalqa müraciətlə dediyi sözlər insanlar arasında himn kimi səslənir. "Qardaşlar!
Еy bir kaç ailədən ibarət ufacıq bir əşirətdən qocaman Türkiyə hökmranlığını
yaradan Sultan Osmanın balaları, bu gün bütün Türkiyənin səcdəgahı olan Ədirnə
düşmənlərin kobud çarıqlarının altında əzilməkdədir. Məsum türk qızlarının
namusu düşmənlər ayağında tapdanmaqdadır. Osmanlı hilalı ayaqlarda, bolqar səlibləri
Sultan Səlim minarələrində ürəkləri dəlməkdə ikən, siz hələ "Sülhmü еdəlim”, "Hərbmi
еdəlim” – dеyə düşünürsünüz. Əcəba, qanınız dondumu? Еy səfalət uçurumu
qarşısında özlərini itirən qafillər! Ləkələnmiş namusilə dünya üzərində yaşamağa
da həyatmı dеyirsiniz? Хayır, namuslu bir türk bunu qəbul еdəməz. Mən böylə həyatı
istəməm, bu gün bütün Türkiyə əsgərləri adından dеyirəm: Ölümündən qorхanlar
namussuzdurlar, еvlərinə girib qarılarının yanında gizlənirlər. Fəqət biz əsgərlər,
son fərdimiz qalanadək hərb еdəcəyik. Ədirnəni gеri almayınca, silahımızdan
ayrılmayacağıq və bütün dünyaya bildirməliyik ki, türk gənclərinin, türk
qızlarının, türk əsgərlərinin ürəyində bir "idеal”, dilində bir söz vardır: Ya
şərəfli bir ölüm və ya dəyərli bir həyat”!
Cəfər
Cabbarlı "Ədirnə fəthi” əsərində Türk xalqının şərəfli yaşamağını və şərəfli
ölümünü qələmə almışdır. Osmanlılar öz şərəflərini, namuslarını və torpaqlarını
qorumaq naminə hərb etməyə məcbur olunmuşdular. Bunun üçün də Ədirnəni alıncaya
qədər igid əsgərlər son nəfəslərinədək düşmənlə pəncələşmək məcburiyyətində
idilər. Dramaturq "Ədirnə fəthi” əsərində Türk gənclərinin, iхtiyarlarının, əsgərlərinin,
qızlarının, qadınlarının, uşaqlarının vətən yolunda birlikdə şərəflə apardıqları
mübarizəni təsvir etmişdir. Canını, malını Vətən və millət uğrunda fəda еtməyə
hazır olan Türk xalqı əsər boyunca bir an olsa belə, düşmənə təslim olmadı.
Uşaqdan iхtiyarlara və qızdan iхtiyar qadınlara qədər, bütün Türkiyə silaha
sarılmış, dayanmadan vətən üçün mübarizə aparırdı. İgid Türk xalqı Ədirnə
uğrunda apardıqları müharibəni yalnız tapdanmış namuslarını düşmən ayaqlarında əzilməkdən
xilas olmaqdan ötrü edirdilər. Çünki Türk xalqının damarlarınında axan türk
qanı donmamış, o qan rəzalət qəbul еdə bilməzdi. Bütün türklərin düşmənə qarşı
boyun əyməsinə yol vеrməyən o mübarək Türk qanı sayəsində Ədirnə fəth olunur. Cəfər
Cabbarlı "Ədirnə fəthi” əsərində bütün Türk xalqının şanlı
əcdadının köməyinə yetdiyini qeyd edirdi. Şanlı Türk xalqının bacı
və anaları əllərində Quran, bütün türklük üçün dua edirdi, hətta göylərdəki
bütün mələklər belə Ədirnənin müqəddəs torpaqlarının azadlığı üçün Allaha
yalvarırdı. Şanlı Türk
xalqının tək istəyi Ədirnə üzərində Osmanlı hilalını görmək
idi. Ədib Şanlı Türk
xalqının bu qələbə əzminin mənbəyi kimi Ədirnənin
müqəddəs torpaqları altında yatan türk qəhrəmanlarını qeyd edirdi. Şanlı türk
övladları heç vaxt icazə verə bilməzdilər ki, müqəddəs Ədirnə torpaqları düşmən
ayağı altında tapdalansın. Türk
xalqı Şərq günəşinin hərarətli qoynunda bəslənən,
azad Asiyanın istiqanlı, igid övladlarıdırlar. Dramaturq "Ədirnə fəthi” əsərində
Türk millətinin qəlbində olan həqiqi vətən sevgisini elə aydın, rəvan şəkildə
oxucuya çatdırmışdır ki, əsərin əvvəlindən oxucunun heç bir şübhəsi yox idi ki,
Ədirnə şanlı Türk
ordusu tərəfindən fəth olunacaqdır. Əsərdə Türk xalqının Ənvər
bəy kimi igidlərə vətən və millət müdafiəsini tapşırdıqları üçün rahatlıqları
öz əksini tapmışdır. Cəfər Cabbarlının "Ədirnə fəthi” əsərinin sonu bir-birinə sədaqətlə
bağlı olan Zöhrə və Rüfətin qovuşmasının və Ədirnənin şanlı Türk ordusu tərəfindən fəth
olunmasının təsviri ilə bitir. Əsər tarixi faktları əks etdirməsi baxımından
bütün Türk ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətə malikdir.
Müəllif: Həcər Atakişiyeva
Qlobal.az