Cavanşir Feyziyev: "Erməni siyasətbazların “Arsax” mifi də belə dağıldı" - MÜSAHİBƏ
Sentyabr 04
12:42
2021
Milli Məclisin deputatı Cavanşir Feyziyev gündəm məsələləri ilə bağlı Turkustan.az-ın suallarını cavablandırıb.
- Cavanşir müəllim, bəzi proqnozların əksinə olaraq, hazırda Rusiya sülhməramlı missiyasının nəzarətində olan Azərbaycanın Xankəndi şəhərində qondarma "müstəqillik günü” ilə bağlı hər hansı təntənəli toplantı olmadı. Ermənistan rəhbərliyi də tədbirlərə qatılmadı. Bu mənzərə, həm Ermənistan, həm də Qarabağdakı separatçı-terrorçu rejimin yeni reallıqları tam olaraq qəbul etməsi sayıla bilərmi?
- Həm Ermənistanın, həm də Xankındidə öz-özünü "dövlət qurumu” kimi təqdim edənlərin obyektiv reallığı qəbul etməkdən başqa yolları qalmayıb. Reallıq isə ondan ibarətdir ki, Qarabağ ərazisində heç zaman heç bir erməni dövləti olmayıb, yoxdur və heç zaman da olmayacaq. "Dağlıq Qarabağ Respublikası” adında heç bir siyasi - dövləti qurumun mövcud olmadığını, uzun illər siyasi rəhbərləri tərəfindən aldadıqlarını bu il həmin ərazidə yaşayan sadə erməni əhalisi də yəqin ki, anladı. Erməni siyasətbazlarının və millətçilərinin növbəti mifi - "Arsax” mifi də belə dağıldı.
- Son günlər həm Türkiyə, həm də Ermənistan tərəfindən dövlət başçıları səviyyəsində münasibətlərin qurulması yönündə mesajlar verilir. Bu mesajlaşmanı necə qiymətləndirirsiniz və perspektivini necə görürsünüz?
- Müsbət mesajların verilməsi hələ hadisələrin müsbət məcraya istiqamətlənməsi demək deyil. Türkiyə ilə münasibətlərin normallaşdırılması Ermənisana hava-su kimi lazımdır. Dediyiniz mesajlar Ermənistan hakimiyyətinin bunu anladığını göstərir. Amma bütövlükdə Ermənistan siyasətinin buna hazır olması o qədər də inandırıcı görünmür. Türkiyə-Ermənistan münasibətlərinin normallaşması və sərhədlərin açılması üçün Ermənistan qonşullarına qarşı ərazi iddialarından və eləcə uydurma "erməni soyqırımı” iddiasından imtina etməlidir. Hal-hazırda bu mövzuların Ermənistan siyasi gündəminə çıxarılması ölkədə qarşıdurmanı daha da gücləndirəcək və hökümət belə bir daxili konsensus yaratmağa nail olmayacaq. Ona görə də məncə, bu mövzu uzun müddət bəyanatlarda, çıxışlarda səslənəcək, amma yaxın vaxtlarda real həyata vəsiqə qazanması mümkün görünmür.
- Ermənistan rəhbərliyi bütün səviyyələrdə münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində, "tərəflərin əvvəl qəbul etdiyi prinsiplər əsasında” çözülməsini təşviq edirlər. Bu fikir, Ermənistanın yeni xarici işlər naziri Ararat Mirzoyanın Moskvaya səfəri zamanı da səsləndirildi. Bunda məqsəd nədir? Və bu üçtərəfli formatda aparılan danışıqlara, Rusiyanın təkbaşına vastiəçiliyinə etimadsızlıq sayıla bilərmi?