SON XƏBƏR

Cahangir Hacıyev Bakıda, Zamirə Hacıyeva Londonda hakim qarşısına çıxarılacaq

Dekabr 18
11:15 2018
"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin keçmiş rəhbəri Cahangir Hacıyevin və onun Britaniyada polis nəzarəti altına verilmiş həyat yoldaşı Zamirə Hacıyevanın işi üzrə məhkəmə proseslərinin vaxtı məlum olub. Cahangir Hacıyevə yeni ittihamlar bu ilin əvvəlində verilib. O, bu dəfə keçmiş deputat Dünyamin Xəlilov və daha 18 nəfərlə birlikdə hakim qarşısında dayanacaq. Hazırkı cinayət işi Beynəlxalq Bankın Moskva filialı, xaricdəki kreditlərlə bağlıdır. İş üzrə məhkəmənin növbəti ilin yanvarında olacağı bildirlir. Yada salaq ki, bu ilin yanvarında Cahangir Hacıyevin ən yaxın adamlarından hesab olunan Emin Sadiq qonşu ölkələrdən birində yaxalanıb və Bakıya ekstradisiya olunub. İstintaqın versiyasına görə, E.Sadiq Cahangir Hacıyevin və Beynəlxalq Bank işi üzrə əsas fiqurantlardan biridir, bankın talanmasına yönəlmiş maliyyə maxinasiyalarının birbaşa iştirakçısıdır. Maraqlıdır ki, elə yanvar ayında hüquq-mühafizə orqanları sabiq milli təhlükəsizlik naziri, C.Hacıyevin qudası və biznes şəriki Eldar Mahmudovun ortaqlarından biri Sahib Ağayevi də Qazaxıstanda saxlayaraq, Bakıya gətiriblər.

Sabiq bankirə bu dəfə də CM-in 179 (mənimsəmə), 193-1 (cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması), 213 (vergidən yayınma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələri ilə ittihamlar irəli sürülüb.

Əvvəlki ittihamlar üzrə C.Hacıyev ailə üzvləri və özünə yaxın olan başqa şəxslərin adına Beynəlxalq Bankdan milyonlarla kreditin götürülüb mənimsənilməsində suçlanır. Keçmiş deputat D.Xəlilov da C.Hacıyevlə dostluq münasibətlərindən yararlanaraq rəhbərlik etdiyi müəssisələrdəki işçilərinin adına böyük məbləğdə kreditlər götürüb mənimsəməkdə günahlandırılıb və 13 il həbs cəzası alıb. Apelyasiya Məhkəməsi onun cəzasını 3 ay azaldaraq 12 il 9 aya salıb. Barəsindəki ilk məhkəmə hökmü üzrə Cahangir Hacıyevdən 63 milyon 80 min manat tutularaq, Beynəlxalq Banka verilməsi, ona məxsus olan dəyərli qol saatının və sikkə pulların müsadirə olunması barədə hökm çıxarıb...

Cahangir Hacıyevlə bağlı 2-ci cinayət işi araşdırıldığı bir vaxtda Azərbaycan hüquq-mühafizə orqanları onun Britaniyada yaşayan həyat yoldaşı Zamirə Hacıyeva barəsində də araşdırmalara başlayıblar. 2016-cı ildə Azərbaycanın hüquq-mühafizə orqanları ona qarşı mənimsəmə ittihamı irəli sürüb. Məhkəmənin qərarına əsasən barəsində həbsli axtarış elan olunub. Britaniya hüquq-mühafizə orqanlarına Zamirə Hacıyevanın Azərbaycana ekstradisiyası ilə bağlı müraciət göndərilib. Bundan sonra bu il noyabrın 2-də Z.Hacıyeva Londonda saxlanılıb. Həbsdəki bankirin 55 yaşlı xanımı Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunub və sonradan 1 milyon 200 min manat girov qarşılığında ev dustaqlığına buraxılıb. Bu sərəncama əsasən, Hacıyeva var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır. Onun Londonda aldıqları və xərclədikləri isə hətta ən varlı ingilis ailələrinin də böyük marağına səbəb olub.

Zamirə Hacıyeva Londonda 11.5 milyon funt sterlinqə (15.13 milyon dollar) ev alıb. Evin hazırkı qiyməti isə 15 milyon funt sterlinq (19.74 milyon dollar) dəyərində qiymətləndirilir. O, son 10 il ərzində "Harrods”da 16 milyon funt (21.04 milyon dollar) xərcləyib. Bundan başqa, idman klubları alıb və s. Z.Hacıyevanın bilinən xərclərinin ümumi məbləği 109 milyon 140 min dollardır. Londonun Vestminster rayonunun Magistrat Məhkəməsi xanım Hacıyevaya bu varidatın mənbəyini açıqlamaq üçün gələn ilin iyun ayına qədər vaxt verib. 2019-cu ilin iyununda Z.Hacıyeva növbəti dəfə məhkəmə qarşısında dayanacaq. Həmin məhkəmənin qərarından asılı olaraq Z.Hacıyeva Azərbaycana göndərilə bilər.
"Yeni Müsavat” 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook