SON XƏBƏR

Büdcədə qənaət rejimi başlayır

Yanvar 12
09:04 2016
Azərbaycan hökuməti dünya bazarlıranda neftin qiymətinin kəskin aşağı düşməsi və onun ölkə iqtisadiyyatına təsirinin azaldılması məqsədilə ciddi addımlar atmaq niyyətindədir. Bura 2016-cı ilin dövlət büdcəsinin dəyişdirilməsi, 4 il davam edəcək ciddi qənaət rejiminin başlanması, dövlət investisiyalarının azaldılması, dövlət idarəetməsində ciddi islahatların aparılması, eləcə də dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesinin sürətləndirilməsi aiddir. Fins.az-ın məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclasındakı çıxışında bildirib.
 
«Manatın devalvasiyası qaçılmaz idi»
 
Nazir bildirib ki, dünya bazarlarında xam neftin qiymətinin kəskin enməsi nəticəsində xarici valyutada daxilolmaların azalması, ölkənin tədiyyə bazarında keyfiyyətcə yeni vəziyyət yaratmış və manatın məzənnəsinin əhəmiyyətli enməsini qaçılmaz edib. Qlobal iqtisadi proseslərin ölkəmizin inkişafına mənfi təsirləri ilə əlaqədar olaraq hökumətin və Mərkəzi Bankın atdığı kəsərli addımlar yaranmış makroiqtisadi duruma adekvatdır: «Bunu oxşar təsirlərə məruz qalmış digər neft istehsal və ixrac edən ölkələrin timsalında da görə bilərik».
 
Dövlət büdcəsi dəyişdiriləcək
 
S.Şərifov bildirib ki, neftin qiymətinin ucuzlaşmasının davam etməsi, həmçinin Mərkəzi Bank tərəfindən yeni məzənnə siyasətinə keçid 2016-ci il üçün təsdiq olunmuş dövlət büdcəsində bir sıra dəyişikliklərin edilməsini şərtləndirib: «Bu dəyişikliklər icmal və dövlət büdcəsi gəlirlərinin yeni şəraitə uyğunlaşdırılması, son illər aparılmış büdcə yığcamlaşdırılması siyasəti davam etməklə, büdcə xərclərinin səmərəliliyinin artırılması, valyuta ehtiyatlarına qənaət edilməsi, qeyri-neft sektorunun və sahibkarlığın inkişafına təkan verilməsi kimi əsas hədəfləri güdməlidir».
 
Həssas təbəqələr inflyasiyadan qorunacaq
 
Maliyyə naziri bildirib ki, bu zaman manatın məzənnəsinin enməsi ilə əlaqədar olaraq gündəlik tələbat mallarının qiymətlərinin inflyasiyasının əhalinin həssas qruplarına ola biləcək mənfi təsirlərinin neytrallaşdırılması tədbirlərinin prezidentin tapşırığına uyğun olaraq həyata keçirilməsi planlaşdırılır.
 
4 illik qənaət rejimi başlayır
 
Nazir dölət büdcəsinin dəyişdirilməsi və qənaət rejiminin bəzi təfərrüatlarını açıqlayıb. Onun sözlərinə görə, ölkə daxilində və xaricində investisiya qoyuluşu xərcləri də nəzərə alınmaqla, 2016-cı il və sonrakı 3 il üçün ciddi qənaət rejimini təmin edəcək tarazlaşdırılmış gəlir və xərclər smetası hazırlanacaqmalıdır. Bu zaman dövlət vəsaitlərindən qənaətlə istifadə edilməklə, maliyyə nizam intizamı gücləndirilməli, israfçılığa və izafi xərxlərə yol verilməməlidir.
 
Dövlət idarəçiliyi təkmilləşəcək
 
Nazir həmçinin bildirib ki, dövlət idarəetmə sisteminin təkmiləşdirilməsi, dövlət mülkiyyətində olan şirkətlərin idarə edilməsində islahatların aparılması, dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesinə əlavə təkan verilməsi, bank sisteminin köklü şəkildə konsolidasiyası, və ona olan etimadın artırılması kimi məsələlərin həllinə nail olunmalıdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook