SON XƏBƏR

Büdcə pullarını talayanlara cəza, yoxsa yaşıl işıq?

Mart 17
13:20 2016
Dövlət vəsaitinin külli miqdarda mənimsənilməsi 250 min manatdan yuxarı hesab olunur
 
Müzəffər Baxışov: «Əslində yeddi min manatdan yuxarı büdcə vəsaitinin təyinatdan çox mənimsənilməsi külli miqdar kimi qiymətləndirilməli idi»
 
Azərbaycanda büdcə vəsaitlərindən və digər dövlət vəsaitlərindən təyinatdan kənar istifadə etməyə görə yeni cəzalar tətbiq edilir. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinə yeni 308-1 maddəsinin əlavə edilməsi təklif olunur.
 
Maddəyə görə, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədən kənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə halına görə 8 000 manatdan 10 000 manata qədər cərimə ediləcək, yaxud 3 ilə qədər azadlıqdan məhrumetmə cəza veriləcək. Eyni hərəkətlər külli miqdarda vəsaitlə olduqda 3 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq. Külli miqdarda dedikdə 250 min manat və daha çox məbləğ nəzərdə tutulur. Layihə Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Bu cür yanaşmanın tətbiqi nə dərəcədə düzgündür? Axı Azərbaycanda kifayət qədər dövlət müəssisələri var ki, onların illik büdcəsi 250 min manatdan azdır. O zaman belə çıxır ki, dövlət vəsaitini 250 minə qədər səmərəsiz xərcləməyə görə səkkiz mindən on minə qədər cərimə və ya üç ilə qədər cəza nəzərdə tutulur. 

Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, əslində məsələnin mahiyyəti ondan ibarətdir ki, büdcə vəsaitlərinin kənara xərclənməsi mənimsəmə xarakterli hərəkətdir.
 
Bir qayda olaraq işləmədiyi halda kimlərinsə adının ştat cədvəlinə yazılması və ya yaxınlarına ştat vahidləri yaratmaqla dövlət vəsaitini mənimsəyirlər: "Rayonlarda bir qayda olaraq məsələn, belə hallar yaşanır. Sahibkar rayonda yol çəkir və çəkilən bu yolu dövlət xətti ilə rəsmiləşdirərək, vəsaiti mənimsəyirlər. Amma əsas məsələ budur ki, bu cür hallarla bağlı inzibati məsuliyyət müəyyən edəndə bildirmişdim ki, bu, təhlükəli tendensiyanın əsasını qoyacaq. Insanlar milyonlarla büdcə vəsaitini mənimsəyəcəklər və məsuliyyətdən yayınacaqlar”.
 
M.Baxışov vurğuladı ki, əslində bu cür şəxsləri cinayət məsuliyyətinə cəlb etmək zərurəti meydana çıxıb. Belə şəxslərin məsuliyyətə cəlb olunmasını düzgün sayan M.Baxışov bildirdi ki, onlar büdcə vəsaitlərini oğurlamaqla məşğuldurlar.
 
Amma təəssüflər olsun ki, onlara qarşı Cinayət Məcəlləsinin 179-cu maddəsiylə nəzərdə tutulan mənimsəmə cinayəti ilə məsuliyyətə cəlb etmirlər: "Büdcə vəsaitlərinin külli miqdarda mənimsənəilməsinin 250 mindən artıq göstərilməsi özü bir ədalətsizlikdir: ”Mənimsəmə cinayətinə görə əgər mənimsənilən əmlak yeddi mindən yuxarıdırsa, bu, mənimsəmə kimi qiymətləndirilir. O cümlədən digər oğurluq cinayətlərində yeddi mindən artıq əmlakın oğurlanması külli miqdar kimi qiymətləndirilir. Amma bu yeni qanun imkan yaradır ki, büdcə vəsaitlərini təyinatı üzrə yalnız 250 mindən yuxarı xərcləməsələr, onları külli miqdarda mənimsəməyə görə məsuliyyət gözləyir. Bu bir daha təsdiq edir ki, bu hakimiyyət bu oğrular üçün həmişə münbit şərait yaratmaqda kömək edir. Əslində yeddi min manatdan yuxarı büdcə vəsaitinin təyinatdan yuxarı mənimsənilməsi külli miqdar kimi qiymətləndirilməli idi. Amma bura Azərbaycandır, onun öz qanunlarını var”.
 
azadlıq.info



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook