SON XƏBƏR

Bu səbəbdən 800-ə yaxın diplomun tanınmasından imtina olunub - Təhsil eksperti

Dekabr 24
10:33 2021
"Xarici diplomların tanınması qaydaları sadələşdirilməlidir. Bir tək diplomu universitetin verib-vermədiyi, oxumağa gedənin həmin ölkədə olub-olmadığı, tədris dilini bilib-bilmədiyi yoxlanılmalıdır. Kiminsə savadlı və ya savadsız olmasını işə götürən müəyyənləşdirəcək, Təhsil Nazirliyi yox”. 

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov xarici diplomların tanınması qaydalarına dəyişiklik olunmasıyla bağlı yeni layihənin təqdim edilməsinə münasibət bildirərkən deyib.
 
Onun sözlərinə görə, mövcud qaydalar təhsil alanların hüquqlarını tam olaraq tanımır: 

"Xarici diplomların tanınması 2003-cü ildə qəbul edilən qaydalara əsasən müəyyən edilir. Birmənalı şəkildə onun təkmilləşməsinə ehtiyac var. Bir il ərzində təhsil aldıqları müddətin yetərli olmaması səbəbindən 800-ə yaxın insanın diplomunun tanınmasından imtina olunub. Onlar arasında hətta dünya reytinqində olan universitetləri bitirənlər də var. Belə yanaşma yanlışdır. Bunun problemi təhsil alanda deyil”. 

Ekspert hesab edir ki, bu istiqamətdə konkret qaydalar müəyyənləşməli və sadələşdirilməlidir. Habelə, dünya reytinqli universitetləri bitirən tələbələrin diplomları avtomatik tanınmalıdır: 

"Tibb və hüquq ixtisasları istisna olmaqla digər bütün ixtisaslar üzrə xarici diplomları avtomatik tanımalıyıq. Çünki hüquq və tibb ölkəmizdə həm populyardır, həm də praktiki əmək vərdişi tələb edən ixtisaslardır. Onların biliyini yoxlamalıyıq”. 

K. Əsədov tədris diliylə bağlı təkmilləşməni də vacib hesab edir: 

"Ukrayna və ya Gürcüstanda oxuyub tədris dilini bilməyənləri birmənalı olaraq bağışlamaq olmaz. Belələri, tədrisi necə başa vurub? Amma müddət məsələsilə bağlı insanın təhsil alma hüququnu məhdudlaşdırmamalıyıq. Semestrin müddətini axı oxumağa gedən müəyyənləşdirmir. Azərbaycanda qəbul olunmuş qaydaya kreditlərin həcmi 260 kredit olmalıdır, amma universitet var ki, 240 kredit verir. Bu da oxuyanın günahı deyil”.

Qeyd edək ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Orucov mətbuata açıqlamasında xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarında dəyişiklik edilməsi üçün hökumətə yeni layihənin təqdim edildiyini deyib. O bildirib ki, növbəti il üçün diplomların tanınması başqa formata keçəcək: "Yeni layihədə qismən tanınma anlayışı olacaq”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook