SON XƏBƏR

Bu gün "YUĞ"da "Məhşər günü"dür

Noyabr 07
10:20 2015
7 noyabr saat 19.00-da YUĞ Dövlət Teatrında "Məhşər günü” tamaşasına ictimai baxış keçiriləcək.
 
Tamaşanın ictimai baxışına teatrşünaslar, teatr mütəxəssisləri və media nümayəndələri dəvət olunub. Gürcü yazar Gela Dumbadzenin "Məhşər günü” əsəri əsasında hazırlanan tamaşaya teatrın baş rejissoru Gümrah Ömər quruluş verib. Tamaşanın musiqi tərtibatçısı Amid Qasımov, quruluşçu rəssamı Umay Həsənova, xoreoqraf isə Mikayıl Mikayılovdur. Pyesi azərbaycan dilinə dramaturq Nəriman Əliyev tərcümə edib. Janrı bir bölümlü əcəl oyunu kimi təyin olunan tamaşada əməkdar artist Vidadi Həsənov və Amid Qasımov iştirak edir.
 
"Məhşər günü” tamaşası uğurlu karyera qurmuş, bu yolda bir sıra mənəvi dəyərlərini itirmiş və ölümə məhkum edilmiş, istedadlı, təcrübəli Dövlət Müşavirindən bəhs edir. O, hər şeydən bezir, gərəksiz biri olduğunu anlayır və özünü öldürmək qərarına gəlir. Odur ki, tapança ilə rus ruletkasını vasitə seçərək həyatı ilə oyuna başlayır. Hər cəhdində gülləyə tuş gəlməyən qəhrəman itirdiyi sevgilisini, ustadını, dostunu xatırlayıb onlara layiq olmadığını anlayır və israrla amansız oyununa davam edir. Beləliklə, içində kök salmış laqeydliyi, təkəbbürü, xudbinliyi mərhələ-mərhələ məhv edib əvəzində sevgi, savab kimi mənəvi keyfiyyətləri dirçəltməyi bacarır.
 
Nəhayət, anlayır ki, bu mənəvi keyfiyyətlər insan həyatında əvəzi olmayan dəyərlər və həqiqətlərdir.
 
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, "Məhşər günü” tamaşası YUĞ Dövlət Teatrının sayca 95-ci tamaşasıdır. Tamaşanın xronometrajı 70 dəqiqədir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook