SON XƏBƏR

Bu gün Vyanada Əsədin taleyi həll olunacaq

Noyabr 14
11:15 2015
Dünya liderlərinin qatılacağı Suriya görüşünə ABŞ xüsusi planla gedir
 
Kerri: «Əsədlə İŞİD-in düşmənçiliyi simvolikdir»
 
ABŞ dövlət katibi Con Kerri Suriya ilə bağlı önəmli danışıqların aparılacağı Vyana görüşü ərəfəsi maraqlı açıqlamalar verib. Sabaha təyin olunan görüşdə ABŞ, Türkiyə, Birləşmiş Ərəb Əmirliyi, Çin, Misir, Fransa, Almaniya, Iran, Iraq, Italiya, Livan, Iordaniya, Oman, Qətər, Rusiya, Səudiyyə Ərəbistanı, Britaniya, Avropa Birliyi və BMT-dən liderlər iştirak edəcək. Müzakirələrə Suriya müxalifətinin də qatılması gözlənilir.
 
"Rusiya ilə razılığa gələ bilməmişik”
 
Kerri səfər öncəsi açıqlamasında bildirib ki, Suriyanın dörddə birini işğal edən IŞID-i bu ölkədən təmizləmək üçün ABŞ-ın xüsusi planı var. Bu planın detalları barədə məlumat verməyən Kerri hələ ki Suriya lideri Bəşər Əsədin taleyi ilə bağlı Rusiya ilə razılığa gəlmədiklərini, lakin bunun müzakirə prosesinə mane olmayacağını bildirib. Suriyada savaşın və IŞID-in meydana çıxmasında Əsəd rejiminin günahkar olduğunu deyən dövlət katibi hesab edir ki, bu gün Birləşmiş Ştatlar üçün əsas təhlükə sözügedən terror qruplaşmasıdır: "ABŞ düşmən axtarışında deyil. Lakin düşmənlərin gəlib bizi axtardığı zamanlar olur. IŞID bir şey söylədiyində, ABŞ və amerikalıların maraqlarına hücum edəndə bunun real bir təhdid olduğunu bilirik.
 
Əslində Əsədlə IŞID bir-birinin ən qatı əleyhdarları olmalıdılar. Amma bu gün bir problemin iki parçasına çevriliblər. Onların düşmənçiliyi simvolik xarakter daşıyır. IŞID-dən qorxanlar tək çözümün Suriya rejimi olduğunu düşünürlər. Bu, iki tərəfin ortaq yaşam əlaqəsidir”.
 
"Çıxış yolu nə diktatordur, nə terrorçu”
 
ABŞ dövlət katibinin fikrincə, Suriya üçün çıxış yolu nə bir diktatordur, nə də terrorçu: "Suriya münaqişəsinə çoxluğun qəbul edəcəyi bir çözüm tapılmalıdır. Birinci çözüm odur ki, IŞID-lə mübarizə aparıb onu aradan götürmək lazımdır. Ikincisi, Suriyadakı daxili savaşı bitirəcək diplomatik səylər artırılmalıdır. Son olaraq da bölgədəki dostlarımızı dəstəkləməliyik. Suriya müxalifətinə silah dəstəyini artırmışıq. Əsgərlərimiz Suriyadakı sivil müxalifətə hərbi təlimlər keçməyə davam edəcək. "Incirlik”də qüvvələrimizi artıracağıq. Uçuşlar daha sıx və ardıcıl olacaq. Bir zamanlar IŞID Suriyanın Türkiyə ilə sərhədində ərazinin yarıdan çoxuna nəzarət edirdi. Bu gün isə bu göstərici cəmi 15 faizə enib. Bunu da aradan qaldıracağıq. Və bu istiqamətdə müttəfiqlərimizlə bir planımız var”. Vyana müzakirələrinin önəminə toxunan Con Kerri bildirib ki, fərqli tərəfləri təmsil edən ölkələr ilk dəfə olaraq bir araya gələrək anlaşırlar: "Bütün ölkələr IŞID-lə mübarizə aparmalı və Suriyanın ərazi bütövlüyünü təmin etməlidilər”.
 
"Əsəd iqtidardaykən IŞID -in təmizlənməsi və sülh mümkün deyil”
 
Rusiyanın Suriya ilə bağlı sülh planına da münasibət bildirən dövlət katibi planla bağlı müzakirələrin davam edəcəyini, lakin sənədin heç bir halda IŞID-i əhatə etməyəcəyini qeyd edib: "Suriyadakı müxalifətdən Əsədə etibar etmələrini, onu qəbul etmələrini istəmək real bir tələb deyil. Ona görə də real bir keçid mərhələsi üçün çalışırıq. Əks halda savaş əsla bitməyəcək. Rusiya və Iranla danışıqlar davam edir. Ortada qərar yoxdur. Amma o dəqiqdir ki, Əsəd hakimiyyətdə qaldıqca IŞID-in təmizlənməsi və barışın olması mümkün deyil. Artıq Əsəd suriyalıları birləşdirmək və savaşı bitirmək iqtidarında deyil”.
 
Con Kerri Antalyada keçiriləcək "G-20” sammitinin də əsas müzakirə mövzularından birinin Suriya münaqişəsi olacağını bildirib.
 
 
Azadlıq.info



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook