Bu gün Türkiyənin hakim partiyası qurultay keçirəcək - Ərdoğan çıxış edəcək
Mart 24
10:24
2021
Bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) VII qurultayı keçiriləcək.
"Report" xəbər verir ki, paytaxt Ankaranın İdman Kompleksində baş tutacaq qurultayda partiya sədri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "2023-cü ilin manifesti" adlı geniş nitq söyləyəcək.
Bir saat yarım davam edəcəyi gözlənilən çıxışında onun əsasən martın 2-də açıqlanan İnsan Hüquqları üzrə Fəaliyyət Planına və iqtisadi islahatlara toxunacağı gözlənilir.
Bundan başqa, qurultayda partiya fəaliyyəti ilə bağlı bir sıra mühüm qərarlar qəbul ediləcək. Belə ki, təşkilatın İdarə Heyəti üzvlərinin sayı 50-dən 75-ə çatdırılacaq. Ehtiyat üzvlərlə birlikdə 100 nəfərdən ibarət olacaq İdarə Heyətində keçmiş nazir və deputatlarla yanaşı, yeni şəxslərin təmsil olunacağı gözlənilir. İdarə Heyətində gənclərin və qadınların sayı da artırılacaq.



