Bu gün İslam dünyasında Ramazan bayramı qeyd olunur

Aprel 21
08:44
2023
Bu gün və sabah İslam dünyasında,o cümlədən Azərbaycanda Ramazan bayramı qeyd olunur. Müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb.
Ramazan ayı insanlara Allahı sevməyi öyrədir; onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir; insanları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur.
Orucluq öz tarixinə Məhəmməd Peyğəmbər (s.ə.s) tərəfindən Mədinədə bu məqsədlə Ramazan ayı keçiriləndən başlayır. Məhz Ramazan ayının axırıncı 10 gecəsinin birində Quran nazil edilib. Deyilənlərə görə, bu hadisə ayın 23-dən 24-nə, ya da 26-dan 27-nə keçən gecə baş verib.
Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib ki, Ramazan Bayramı ilə əlaqədar bayram namazı aprelin 21-də qılınacaq.
Bayram namazı "Təzə Pir”, Göy məscid, Məşədi Dadaş Məscidində saat 09:00-da, Xanım Fatimeyi Zəhra və İlahiyyat məscidində saat 08:00-da qılınacaq.