SON XƏBƏR

Bu gün Cəlil Məmmədquluzadənin doğum günüdür

Fevral 22
04:11 2020
Bu gün Azərbaycan yazıçısı, dramaturqu, jurnalisti, ictimai xadimi Cəlil Məmmədquluzadənin doğum günüdür.
 
Cəlil Məmmədquluzadə 1869-cu il fevralın 22-də (1869 — 4.1.1932) Naxçıvanda doğulub.
 
"Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri olan Cəlil Məmmədquluzadə həmçinin Azərbaycanda və Şərqdə ilk feminizm, qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunur.
 
Realist hekayələri ("Poçt qutusu", "Usta Zeynal", "Qurbanəli bəy"), povestləri ("Danabaş kəndinin əhvalatları"), dram əsərləri ("Dəli yığıncağı", "Anamın kitabı"), məşhur "Ölülər" tragikomediyası ilə Azərbaycan ədəbiyyatına misilsiz töhfələr verib. Yazıçı-dramaturqun 1906-1932-ci illərdə (müəyyən fasilələrlə) nəşr etdirdiyi "Molla Nəsrəddin" jurnalı Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.
 
Məmmədquluzadənin təbliğ etdiyi ideyalar jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırıb.
 
Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edib, "Qeyrət" mətbəəsində axtarışlar aparıb, bəzən də "Molla Nəsrəddin"in nəşrini dayandırıb. Yeni quruluş zamanı, 1921-1927-ci illərdə sovet hökumətinin tədbirlərində yaxından iştirak edərək redaktoru olduğu "Yeni yol" qəzeti vasitəsi ilə latın qrafikasının tətbiq olunmasına çalışıb.
 
1926-cı ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyə qəbul olunub. Lakin Məmmədquluzadə 1928-ci ildən sovet cəmiyyətinin sərt ideoloji terroruna məruz qalıb. O, "milli xırda burjua ədəbiyyatı nümayəndəsi", "cığırdaş", "Azərbaycan dilini korlayan yazıçı" kimi damğalanıb.
 
Siyasi təzyiqlərə məruz qalan C.Məmmədquluzadə 1931-ci ildə "Molla Nəsrəddin" jurnalının baş redaktoru vəzifəsindən imtina edib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Cəlil Məmmədquluzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook