“Bu gün Azərbaycan enerji böhranı yaşamır” - Pərviz Şahbazov
Oktyabr 20
11:18
2022
"Bu gün Azərbaycan enerji böhranı yaşamır, ölkənin enerji müstəqilliyi tam təmin edilib".
"Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Energetiklər Günü münasibətilə rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirib.
"Bu gün dünya dövlətlərinin enerji təhlükəsizliyi ilə sınağa çəkildiyi, enerji asılılığından əziyyət çəkdiyi bir vaxtda Azərbaycanın böyük bir qitənin etibarlı enerji təchizatçısı rolunu oynaması vaxtında verilmiş bu cür strateji qərarların, atılmış məqsədyönlü addımların nəticəsidir. Azərbaycanın geosiyasi çəkisini artıran və beynəlxalq miqyasda böyük marağı təmin edən bu siyasət örnək enerji təhlükəsizliyi modelidir. Bu model, enerji resurslarının, enerji təchizatı mənbələri və marşrutlarının, tədarük bazarlarının şaxələndirilməsidir. Enerji keçidi prosesinin rasional idarəedilməsidir. Dövlət başçısının da ifadə etdiyi kimi, Azərbaycan bütün enerji komponentlərinin inkişafına görə dünya miqyasında qabaqcıl ölkələrdən birinə çevrilib. Azərbaycan həm neft, həm qaz, həm də elektrik enerjisi ixracatı ilə bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verir”, - deyə o, qeyd edib.
Nazirin sözlərinə görə, hazırda Azərbaycanın enerji ölkəsi kimi inkişafında yeni mərhələ başlanıb: "Bu mərhələdə ölkəmizin Avropanın enerji təchizatındakı strateji rolu bir çox mənbələr hesabına daha da güclənəcək. Bu, ilk növbədə Cənub Qaz Dəhlizinin genişləndirilməsi və təbii qazın tədarükünün artırılması ilə mümkün olacaq. Eyni zamanda, elektrik enerjisinin, xüsusilə "yaşıl enerji”nin ixracı, Azərbaycanın daha bir dəhlizin -"yaşıl enerji” dəhlizinin də əsas resurs mənbəyi olması hesabına reallaşacaq”.



