Bu gün Ağasadıq Gəraybəylinin doğum günüdür
Mart 15
10:53
2016
Ağasadıq Gəraybəyli 1897-ci ildə, Novruz bayramı qabağı Şamaxıda anadan olub. Atasını erkən itirib. Bakıya gələrək Əlisəttar kişi və Heyran xanımın ailəsində yaşayıb.
Məktəbdə Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub.
Hüseyn Ərəblinskidən, Mirmahmud Kazımovskidən dərs alıb. Hüseyn Ərəblinskinin sayəsində "Nicat", sonra "Səfa" həvəskar teatr dərnəklərinə üzv olub.
1921-ci ildə Cəlil Məmmədquluzadənin "Ölülər" pyesində kefli İsgəndər rolunu oynayıb.
Üzeyir Hacıbəyovun qayğısı sayəsində teatr kursuna yazılıb. 200 müxtəlif rollarda, qrimlərdə, qiyafələrdə səhnəyə çıxıb: Nəriman Nərimanovun "Nadir şah", Üzeyir Hacıbəyovun "Arşın mal alan", Cəfər Cabbarlının "Sevil", "Od gəlini", "1905-ci ildə", sonralar "Vaqif", "Həyat", "On ikinci gecə", "Xanlar" və s. tamalarda rol alıb.
1940-cı ildə Azərbaycan SSR-nin xalq artisti fəxri adına layiq görülüb. Teatrla yanaşı kinoda da maraqlı obrazlar canlandırıb. "Bəxtiyar"" filmində klub müdiri Ağabala, "O olmasın, bu olsun" filmində Rüstəm bəy bu obrazlardandır.
1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. Şəhərin mərkəzində, Xaqani küçəsi 19-da yaşayıb. Burada Bülbüllə, xalq yazıçısı Mirzə İbrahimovla, xalq şairi Süleyman Rüstəmlə qonşu olub.
1988-ci ildə Bakı şəhərində vəfat edib.
2007-ci ildə anadan olmasının 110 illiyi və səhnə fəaliyyətini 80 illiyi təntənəli şəkildə qeyd olunub.
Qlobal.az