BMT Təhlükəsizlik Şurasına sədrlik Böyük Britaniyaya keçib
Fevral 03
07:23
2026
BMT Təhlükəsizlik Şurasına fevralda Böyük Britaniya sədrlik edəcək.
"Report"un ABŞ bürosu xəbər verir ki, Böyük Britaniyanın BMT yanında daimi nümayəndəsi, səfir Ceyms Kariuki Şuranın aylıq iş proqramı və Londonun prioritetləri ilə bağlı brifinq keçirib.
Səfirin sözlərinə görə, fevralın 24-də Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının dördüncü ildönümü ilə bağlı Təhlükəsizlik Şurasında xüsusi iclas çağırılacaq. İclasın Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri tərəfindən idarə olunması gözlənilir. Britaniya Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiq qalır.
Həmçinin, Sudandakı müharibə və humanitar fəlakət də Böyük Britaniya üçün prioritet olaraq qalır.
C.Kariuki Qəzza ilə bağlı atəşkəsin qorunmasının və genişləndirilməsinin vacibliyini qeyd edib. Humanitar yardımın artırılmasının, bütün keçid məntəqələrinin açılmasının və mülki əhalinin ağır vəziyyətinin aradan qaldırılmasının zəruri olduğunu bildirib.
Böyük Britaniya HƏMAS-ın silahsızlaşdırılması, Qəzzada yeni fələstinli idarəetmə strukturlarının qurulması və uzunmüddətli sülh üçün siyasi prosesin irəlilədilməsini vacib hesab edir. Bu mövzuda aylıq Yaxın Şərq iclasında da müzakirələr aparılacaq.



