“Bloomberg”: Gizli danışıqlar neftin qiymətini dəfələrlə qaldıra bilər
Fevral 17
19:47
2016
Bir ildən artıqdır ki, neft diplomatları "səhnə arxasında” OPEC və kartelə daxil olmayan neft hasilatçısı ölkələrlə danışıqlar apararaq, "qara qızıl”ın qiymətini stabilləşdirməyə çalışırlar.
Virtualaz.org beynəlxalq agentliyin məlumatına əsasən xəbər verir ki, əvvəlcə ƏIcəzair, indi isə Qətər tərəfindən həyata keçirilən "gizli manevrlər” Rusiya ilə Səudiyyə Ərəbistanı arasında neft hasilatının 2016-cı ilin yanvar ayının səviyyəsində "dondurulması” barədə sazişlə nəticələndi.
Mənbə qeyd edir ki, dünyanın iki ən iri neft hasilatçısının energetika nazirlərinin son 8 ayda ilk üzbəüz görüşü neft bazarının bölüşdürülməsi uğrunda mübarizəni faktiki olaraq dayandırdı.
"Səfərlər diplomatiyasının peyda olması nümayiş etdirir ki, neft böhranı hətta başqa məsələlər üzrə yola getməyən ölkələri də yaxınlaşdırır.
Moksvadan Ər-Riyada, Karakasdan Osloya qədər hər yerdə xərclərin azaldılması hiss olunacaq səviyyədədir və bu, "böyük sövdələşmə” ehtimalını artırır. Həmin sövdələşmə neft məsələsi çərçivəsindən kənara çıxaraq, Suriya və Yəmən münaqişələri kimi siyasi məsələləri də özündə ehtiva edə bilər”, - "Bloomberg” belə yazır.
İndi bütün diqqət Amerika sanksiyalarından azad olmuş və enerji ehtiyatları bazarına çıxmağa hazır olan İrana yönəlib – çox şey bu ölkənin OPEC və Rusiyanın ardınca neft hasilatını "dondurmağa” razı olub-olmayacağından asılıdır.
Analitiklərin fikrincə, kartel bir dəfə belə bir fənd işlədərək neftin 1 barrelinin qiymətini 10 dollardan 140 dollara qədər qaldırmağa müvəffəq olmuşdu.
1999-cu ildə OPEC ölkələri vahid cəbhə formalaşdıraraq, dünya bazarında durmadan ucuzlaşan nefti birdən-birə bahalaşdıra bilmişdilər. O zaman hasilatın "dondurulması” qərarından əvvəl uzun sürən gizli danışıqların aparıldığı məlum olmuşdu.
"Kartel həmin uğurunu bir də təkrarlaya bilsə, biz bunu son dəqiqəyə kimi bilməyəcəyik.
Əgər Venesuela, Səudiyyə Ərəbistanı, İran, Rusiya və digər vacib ixracatçılar ciddi diskussiyaya cəlb olunmuşdularsa da, bu, gizli şəraitdə aparılmışdı”, - Kolumbiya Universitetinin Qlobal energetika mərkəzinin direktoru Ceyson Bordoff belə deyib.