SON XƏBƏR

Bölgədə yeni savaş anonsu: Türkiyə quru əməliyyatlarına başlayır

Noyabr 23
14:28 2022
Türkiyənin Suriya ilə sərhədində vəziyyət gərginləşməyə doğru davam edir. İstanbulda baş verən terror hadisəsindən sonra Türkyə PKK və onun Suriya qolu olan YPG/PKK terrorçularının gizləndiyi obyektlərə hava zərbələri endirib. Terrorçular isə cavab olaraq dünən Suriyanın şimalından Türkiyə ərazisinə 3 raket atıblar. Raketlər Kilis bölgəsinin Öncüpınar Sərhəd Qapısı ərazisində boş yerə düşüb. Hücum nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur. Buna cavab olaraq, Türkiyə tərəfi bölgədə təhlükəsizlik tədbirlərini gücləndirilib. 

Görünən odur ki, Türkiyə quru əməliyyatlarına başlamalı olacaq. Artıq prosesin bu istiqamət üzrə getdiyini söyləmək olar. Hətta bildirildiyinə görə, Türkiyə rəsmiləri bununla bağlı Dəməşq və Moskvanın razılığını da alıb. 

Politoloq Qabil Hüseynli Qaynarinfo-ya açıqlamasında bildirib ki, hava zərbələrinin ardınca Türkiyə quru qoşunlarının da Suriya istiqamətində hərəkətə keçmək ehtimalı böyükdür:

"Türkiyə Suriyanın şimalında əməliyyat keçirməyə çoxdan hazırlaşırdı. Bu istiqamətdə ABŞ və Rusiya ilə danışıqlar da aparılıb. Rusiya ilə danışıqlarda razılaşdırılmışdı ki, Türkiyə hərbi-hava qüvvələrinin təyyarələri Suriyadakı Hmeynim bazasından da qalxa bilər. Amma sonradan məlum oldu ki, ruslar uçuşa icazə verməyiblər. Buna baxmayaraq, Türkiyə hava əməliyyatını uğurla həyata keçirdi. Nəticədə terrorçu qüvvələrin təxminən 50-dən artıq mərkəzi darmadağın edildi. Buna cavab olaraq terrorçular Türkiyə ərazisinə 3 raket atsa da, bu, uğursuz nəticələnib. 

Yaranmış vəziyyət göstərir ki, Türkiyənin hərbi əməliyyatı hələ bitməyib. Bu fonda növbəti hava zərbələri də davam edə bilər. Hətta quru qoşunlarının əməliyyata başlaması ehtimalı da yüksəkdir. Hər halda hava əməliyyatından sonra dəyərləndirmə aparıb, nəticələri qiymətləndirdikdən sonra hərəkatın yeni mərhələsi başlaya bilər. Görünən odur ki, Türkiyə terrorçuları zərərsizləşdirmək üçün ciddi mübarizəyə başlayıb”.

Bu arada, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ən münasib vaxtda quru antiterror əməliyyatı başlayacaq. O, Suriya və İraqın şimalında hava əməliyyatlarının fasiləsiz davam etdiyini də qeyd edib: "Təyyarə, artilleriya və PUA-larla həyata keçirdiyimiz əməliyyatlar yalnız başlanğıcdır. Hataydan Hakkariyə qədər bütün cənub sərhədlərimizi hücumlara qarşı təhlükəsizlik zolağı ilə bağlamaq əzmimiz hər zamankından daha güclüdür".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook