SON XƏBƏR

Bölgə müxalifətini nazirlərə görüşlərə buraxmırlar

Fevral 12
09:30 2016
Bölgə müxalifətini nazirlərə görüşlərə buraxmırlar Həbibulla Manaflı: "Əhali küçə süpürmək işinə dəvət edilib”;
 
Oqtay Zeynallı: "Kim ki, sualları ilə nazirləri pis vəziyyətə sala bilər, o adamları zala buraxmırlar"
 
Şahin Ələkbərov: "Gəlib yalançı vədlər verirlər”
 
Prezident İlham Əliyev dövlət rəsmiləri ilə keçirdiyi görüşdə məmurları vəzifə səlahiyyətlərindən sui-istifadə etməməyə və xalqa xidmət etməyə çağırıb. Ölkə başçısı bu tələblərə riayət etməyən vəzifə sahiblərinin cəzalandırılacağını bildirib. Prezidentin bu tapşırığından sonra yüksək vəzifəli məmurlar rayonlara səfərlərə başlayıb. Vəzifəli məmurların bölgələrə səfəri əhalinin problemlərini öyrənmək, işsizlik problemini qismən həll etmək məqsədi daşıyır. Maraqlıdır, bəs onların bu səfərləri hansısa fayda verirmi, yoxsa bu görüşlər sadəcə görüntü xatirinə keçirilir? Bu suallara cavab tapmaq üçün Müsavat Partiyasının bir neçə rayon şöbəsi ilə əlaqə saxladıq.
 
Müsavat Partiyasının Şəki rayon təşkilatının sədri Həbibulla Manaflı bu cür görüşlərin görüntü xatirinə keçirildiyini düşünür: "Şəkiyə görüş üçün baş nazirin müavini Abid Şərifov gəlmişdi. O, yerli müəssisələrin açılması, ənənəvi təsərrüfat sahələrinin, yəni tütün, ipək və digər sahələrin dirçəldilməsi ilə bağlı söhbət edib. Əhalini işə cəlb etmək üçün idarə, müəssisə və təşkilatlara göstərişlər verilib. Amma insanların bir çoxu həmin görüşdən razı qalmayıb. Təklif olunan işlər müvəqqəti, mövsümü xarakterli və az maaşı olan işlər olub. Kommunal Təsərrüfat İdarəsi əhalini küçə süpürməyə dəvət edib və 120-130 manat da maaş vəd edib. Təbii ki, bu görüşlərin uğurla nəticələnməsi mümkün deyil. Çünki o deyilən, göstərilən məsələlərin həlli üçün ilkin əsaslar yoxdur. Barmaq silkələməklə, hədə-qorxu gəlməklə iş yerləri açmaq, iqtisadiyyatı dirçəltmək mümkün deyil. İqtisadiyyatı dirçəltmək üçün qeyri-neft sektoruna diqqət yetirilməli, azad sahibkarlığın inkişafına təminat yaradılmalı və monopoliyanın qarşısı alınmalıdır. Həmçinin bağlanmış iş yerlərinin açılması üçün əməli addımlar atılmalıdır. Bu işlərin də heç biri hələ ki görülmür”.
 
Müsavat Partiyasının Gəncə şəhər təşkilatının sədri Oqtay Zeynallı bildirdi ki, iş vermək adı ilə insanları təhqir edirlər: "Gəncədə keçirilən görüşlərdən heç xəbərimiz də olmur. Çünki bizi dəvət etmirlər. 3-4 gün əvvəl keçirilən görüşdə qadınları təhqir etdilər və bununla bağlı qalmaqal oldu. Hətta xəbər çıxıb ki, Gəncədə olan müxalifətçilər guya Gədəbəy camaatına məlumat verib ki, şəhərdə əmək yarmarkası keçirilir, gəlin işə düzəlin. Amma bizim bu əmək yarmarkasından heç xəbərimiz də olmayıb. İki ay əvvəl qaz idarəsində işləyən 100 nəfərdən artıq adamı ixtisara salıb, işdən kənarlaşdırıblar. Bakıdan gələn iri məmurlar da təkcə 30-40 nəfəri qaz idarəsinə işə göndərib. Qaz idarəsi də bu adamları geri qaytarıb ki, biz ixtisarlar edirik, bu sənədi sizə kim verib ki, burada iş var? Qaz idarəsində iş yoxdur. Gəncədə qanköçürmə mərkəzi var. Orada cəmi 3-4 nəfər işləyir.
 
Deyilənə görə, orada 11 nəfər üçün boş iş yeri var və insanları ora göndəriblər. Prezidentin verdiyi 10 faiz təqaüd artımı təxminən 1 kilo və ya kilo yarım ətin qiymətidir, o da fevral ayından veriləcək. Bütün bunlar ayrı-ayrı regionlarda xalqın dolanışıqla bağlı başladığı aksiyaları sakitləşdirmək üçündür. İdman naziri gedib xalqın nə dərdinə qalacaq?! Rayonların hamısına gedib görüş keçirirlər və bu görüşə də lazımi adamları buraxırlar. Kim ki, mübarizdir, sualları ilə nazirləri pis vəziyyətə sala bilər, o adamları zala buraxmırlar”.
Müsavat Partiyasının Gədəbəy rayon təşkilatının sədri Şahin Ələkbərov məmurların yalançı vədlər verdiyini dedi: "Gədəbəyə gənclər və idman naziri Azad Rəhimov gəlmişdi. Gəlib Gədəbəydə görüş keçirdi və bütün əhali də bu görüşə axışdı. Gədəbəydə Kommunal Müəssisələri Kombinatı var. 200 nəfəri ora işə göndərdilər. Bu 200 adam gedib görüb ki, orada heç bir iş yoxdur. Deyiblər ki, guya qaz idarəsində iş olacaq. Vəd veriblər ki, iş olacaq və ayda 120-130 manat da maaş verəcəklər. O da tikinti olsa... Hələ ki tikinti işləri də yoxdur. Maliyyə şöbəsindən də deyirlər ki, tikinti üçün pul ayrılmayıb. Biabırçı vəziyyətdir. Sadəcə olaraq, gəlib yalançı vədlər verirlər. Amma faktiki olaraq reallıqda heç nə yoxdur. Görüntü yaradırlar. Müxalifət olaraq da bizim heç birimiz bu görüşlərdə iştirak etmirik”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook