SON XƏBƏR

Biz `vətən`i sevmirik...

Fevral 07
10:35 2016
Ağlım kəsəndən vətənimi sevmişəm. O vaxt vətənimizin adı SSRİ idi. Elə mənim sevdiyim vətən də SSRİ idi. 30-35 il bundan əvvəl məndən soruşsaydılar ki, dünyanın ən yaxşı ölkəsi hansıdır, tərəddüd etmədən mənim vətənim - SSRİ deyərdim. Halbuki həmin vaxtlar xarici siyasi icmalçılar, xarici mətbuat sovet təhlükəsi barədə çox danışırdılar. Nə qədər danışsalar da, mənim inanmağım gəlmirdi. Bizim icmalçılar, bizim mətbuat da sovet təhlükəsi ifadəsini işlədirdi, amma bizdə həmin ifadə dırnaq içində yazılırdı və bunun cəfəngiyyat olduğu təbliğ edilirdi. Düzdür, arada "Amerikanın səsi”nə, "Azadlıq” radiosuna qulaq asırdıq və bizdə şübhələr yaranırdı. Amma bu şübhələr vətənə yox, hökumətə qarşı olurdu. Bir sözlə, məktəbdə bizə öyrədilən "vətən müqəddəsdir” təbliği qulağımızı yetərincə doldurmuş, beynimizi yetərincə yumuşdu. Əslində bizim sadəlövhlüyümüz vətəni sevməklə bağlı deyilmiş, vətənimizin coğrafiyası ilə bağlı imiş. 30-35 illik zaman məsafəsindən geriyə boylananda bu, aydın görünür.
 
Təbii ki, Vətənin müqəddəsliyinə indi də inanırıq. Amma o vətənin - SSRİ-nin yox. SSRİ bizim vətənimiz deyilmiş. SSRİ-nin adını dəyişmiş, maska taxmış Rusiya olduğunu xaricdə hamı bilirmiş, müstəqillik illərində biz də buna inandıq.
 
Yazıya bu qədər uzun giriş verməyim səbəbsiz deyil. Ötən gün telekanalların birində Qarabağ münaqişəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev bildirdi ki, dövlət sərhədlərimizin mühafizəsi istisna olmaqla, Azərbaycanda Rusiya hərbi bazasının yerləşdirilməsinə, Avrasiya İttifaqına, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olmağa razılaşmaq olar.
 
Müzakirələr zamanı digər deputat Fazil Mustafa onun qarşısına kifayət qədər əks arqumentlər qoydu. Məni narahat edən isə başqa şeydir. Çox güman ki, bu məsələlər Milli Məclisin (MM) dəhlizlərində müzakirə olunur və yəqin ki, Qüdrət Həsənquliyevlə həmrəy olanlar da var.
 
Belə çıxır ki, Allah eləməmiş, Rusiya hərbi bazasının Azərbaycanda yerləşdirilməsi, Avrasiya İttifaqına, KTMT-yə qoşulmaq məsələləri MM-də müzakirəyə çıxarılsa, Qüdrət Həsənquliyevlər onun lehinə səs verəcəklər. Məni qorxudan budur. Məni qorxudan minlərlə seçicini MM-də təmsil edən şəxsin Rusiyanı tanımamasıdır.
 
Doğrudur, SSRİ-nin dağılmasında Rusiyanın böyük rolu olub. Amma bu, xalqların əsarətdən qurtarması naminə olmayıb. Bu, Qorbaçovla Yeltsinin şəxsi münasibətləri zəminində baş verib. Mən bunu tarix kitablarından oxumamışam, gözlərimlə müşahidə etmişəm.
 
SSRİ dağılan kimi, elə həmin Yeltsin Müstəqil Dövlətlər Birliyi ideyasını ortaya atdı. Sonra KTMT peyda oldu, indi bizə Avrasiya İttifaqı ideyasını sırımaq istəyirlər.
 
Bütün bunlar bizim müstəqil inkişafımızı təmin edən qurumlardırmı? Mən deputata sual vermək istəyirəm: Rusiyanın KTMT-yə ehtiyacı varmı? Xaricdən Rusiyaya hərbi müdaxilə olsa, KTMT Rusiyanın gücünə nə qədər güc qatar? Əslində belə bir təşkilata bizim kimi kiçik dövlətlərin ehtiyacı var. Bəs niyə bu təşkilatın təşəbbüsçüsü Rusiya kimi hərbi qüdrətə malik bir dövlətdir? Bəlkə onun kiçik dövlətlərə canı yanır? Ayı bir armudu yemək üçün min oyun çıxarır. Bunu unutmamaq lazımdır.
 
KTMT SSRİ dönəmindəki "Varşava müqaviləsi” blokunun eynisi deyilmi? "Varşava müqaviləsi” Şərqi Avropa dövlətlərinin inkişafına xidmət etdimi? "Varşava müqaviləsi” SSRİ-nin, daha doğrusu, Rusiyanın hegemonluğuna xidmət etmək üçün qurulmuş bir təşkilat idi.
 
Avrasiya İttifaqı SSRİ-nin eynisi deyilmi? SSRİ özü Rusiyanın hegemonluğu üçün bir çətir idi. O çətirin gücü ilə Rusiya SSRİ-ni bizim üçün "vətənləşdirdi”. SSRİ dağıldıqdan bəri Rusiya hegemonluq mübarizəsi aparmaqla bizim üçün yeni "vətən” axtarışındadır.
 
Avrasiya İttifaqı vətən ola bilməz. Biz belə bir "vətəni” sevmirik. Biz vətənimizi sevirik. Bunu Rusiya da anlamalıdır, MM-də oturan bəzi deputatlar da. Rusiya bizim qonşumuzdur. Qonşumuzla münasibətlərin yaxşı olmasına hamımız istəyirik.
 
Amma bu münasibətlər tərəflər bərabərhüquqlu subyektlər olanda formalaşır. Rusiya isə özünə hegemonluqdan başqa, heç bir şeyi yaraşdırmir.
 
Karabakhmedia.az
 
Ürfan Məmmədli



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook