“Biz Putini böyük təcavüzə həvəsləndirik” – Bzejinski
Fevral 29
23:25
2016
"Krımın ilhaqına Qərbin etinasızlığının ardınca Rusiyanın növbəti hədəfi Gürcüstan və Moldova ola bilər...”
Azərbaycanın da yer aldığı Güney Qafqazda Rusiyanın öz hərbi mövcudluğunu gündən-günə güclənməsi haqlı olaraq həm qonşu həmsərhəd ölkələri, həm də Qərbi narahat eləməkdədir. Moskvanın xüsusən də bölgədəki yeganə forpostu, Türkiyə, Azərbaycan və Gürcüstanla həmsərhəd olan Ermənistanı sürətlə hərbiləşdirməsi xarici analitiklərin diqqət mərkəzindədir.
Son olaraq, ABŞ-ın nüfuzlu "Forbes” jurnalında Dövlət Departamentinin sabiq əməkdaşı, analitik Adam Ereli bu mövzuya toxunub. O, Rusiya və Ermənistanın öz qonşularına – Amerikanın regiondakı üç müttəfiqi (Türkiyə, Azərbaycan və Gürcüstana) qarşı yeni təcavüzkar planlar qurmasına Vaşinqtonun seyrçi qalmasını sərt tənqid eləmişdi.
Növbəti analoji tənqidlə ABŞ-dakı Transatlantik Problemlər Mərkəzinin tədqiqatçısı Yan Bzejinski çıxış edib. Ekspertin qənaətincə, Krımın ilhaqına ABŞ və Qərbin etinasızlığının ardınca Rusiyanın növbəti hədəfi Gürcüstan və Moldova ola bilər. Bzejinski hesab edir ki, vəziyyətdən çıxış yolu Rusiyaya qarşı daha böyük iqtisadi və sahəvi sanksiyaların tətbiqi ola bilər.
Musavat.com-un məlumatına görə, "Amerikanın səsi”nin gürcü redaksiyasına müsahibəsində o, NATO və ABŞ-ın Şərqi Avropada öz hərbi qüvvələrini artırmalı olduğunu deyib. "Son aylarda Rusiya öz sərhədlərini Gürcüstanda, Abxaziya və Cənubi Osetiyada qabağa çəkir.
Bu vəziyyətdən çıxış yolu Kremlə qarşı daha böyük iqtisadi və sahəvi sanksiyaların tətbiqi ola bilər. Bundan əlavə, ABŞ və NATO Avropanın şərqində daha çox qüvvə cəmləməli, Ukraynaya müdafiə silahları verməli, bütün səviyyələrdə daha fəal addımlar atmalıdır. Əks halda, biz özümüz haqda çəkinən və şübhə edən tərəf təəssüratı yaradır, bununla da Putini daha böyük təcavüzə həvəsləndiririk” – deyib Bzejinski.
Ekspertin sözlərinə görə, avropalıların Rusiya təhlükəsinə qarşı yardım təşəbbüsü bu gün üçün öz ətrafında Moskvanın təcavüzünü önləmək üçün kifayət qədər resurs toplaya bilməyib. "Bu fonda Rusiyanın özü on minlərlə əsgərin iştirakı ilə qəfildən hərbi manevrlər planlaşdırır və həyata keçirir. Odur ki, biz Avropanın təşəbbüsünün egidası altında NATO hissələrini Baltikyanı ölkələrdə, Rumıniyada, Polşada yerləşdirməli, Qərbi Avropada yox, - necə ki, son vaxtlar bunu Portuqaliya və İtaliyada edirdik, - məhz Şərqi Avropada daha çox hərbi təlimlər planlaşdırmalıyıq. Çünki müharibə Qərbi Avropada getmir. Bu səylərə Qərbi Avropa dövlətləri də qoşulmalıdır. Ona görə də düşünürəm ki, Obama administrasiyası tərəfindən bu təşəbbüs üçün xərclərin dörd dəfə artırılması ilə bağlı edilən sifariş düzgün istiqamətdə atılan yaxşı addımdır. Hərçənd, qorxuram ki, heç bu da yetərli olmasın”, - deyə analitik xəbərdarlıq edib.
Xatırladaq ki, bəzi əcnəbi siyasi və hərbi ekspertlər Rusiyanın növbəti dəfi qismində Azərbaycanı da görürlər. Onların fikrincə, Moskvanın Ermənistanda, Azərbaycanla bilavasitə sərhəddə və Dağlıq Qarabağda daha böyük həcmdə silah-sursat yerləşməsi heç də xoş məramdan xəbər vermir. Analitiklər habelə, Rusiya ilə Türkiyə arasında yaşanan gərgin münasibətlərin Kremlin bölgəyə yönəlik yeni təcavüzkar planlarına stimul verdiyini istisna eləmirlər.
Bu planlar arasında son zamanlar Qərbə və NATO-ya can atan Gürcüstan gerçəkdən də öndə ola bilər. Gürcüstan isə Azərbaycanın yeganə "Qərb qapısıdır”, bu ölkədən Qərb istiqamətlənən və strateji əhəmiyyət daşıyan mövcud və layihələndirilən enerji arteriyaları, nəqliyyat xətləri keçir. Demək, "Qərb qapısı”nın bağlanması elə Azərbaycanın da "ram edilməsi” anlamına gələcək, onun Rusiya orbitinə qayıtmasını tezlışdirəcək.
Yada salaq ki, Ermənistandakı (Gümrü) 102 saylı rus hərbi bazasından Tiflisə 4, işğal altındakı Cənubi Osetiyadakı bazadan isə cəmi 1 saatlıq yoldur.



