“Bir addım da olsa geri çəkilmək olmaz”- Arzu Nağıyev
Dekabr 30
14:36
2015
Arzu Nağıyev: "Bütün qüvvələrimizi səfərbər edərək, həm diplomatik və siyasi, həm də hərbi sahədə Ermənistana gücümüzü göstərməliyik”
Yola salmağa hazırlaşdığımız 2015-ci il də Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından uğurlu il olmadı. Problemin dinc yolla tənzimlənməsi istiqamətində ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar, o cümlədən Azərbaycan və Ermənistan xarici işlər nazirləri, prezidentlər səviyyəsində keçirilən görüşlər müsbət nəticə vermədi. Əksinə, ilin ikinci yarısından başlayaraq cəbhə xəttində vəziyyətin yenidən gərginləşməsi, erməni silahlı birləşmələrinin mövqelərimizə hücum cəhdləri, iri çaplı silahların, həmçinin minaatan və topların işə düşməsi, son bir-iki ayda isə ağır zirehli texnikanın, tankların ön mövqeyə çıxarılması müharibənin yenidən başlanması təhlükəsini artırıb. Rusiya nəşrləri yanvar ayında Dağlıq Qarabağda müharibənin yenidən başlayacağı barədə xəbər yaydılar. Mövzu ilə bağlı "Kaspi”nin suallarını, sabiq təhlükəsizlik zabiti, politoloq Arzu Nağıyev cavablandırır.
- Arzu müəllim, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi baxımından 2015-ci ili necə qiymətləndirərdiniz?
- Çox təəssüflər olsun ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda bu il ərzində də hər hansı irəliləyişə nail olunmadı. İl başlayandan atəşkəsin pozulması halları, ermənilərin təxribatları davamlı xarakter aldı. Münaqişənin sülh yolu ilə tənzimlənməsinə birbaşa cavabdeh olan ATƏT-in Minsk Qrupu bu məqsədlə hər hansı ciddi addım atmadı. Həmsədrlər deklorativ çıxışlardan başqa heç nə etmədilər, heç bir irəliləyiş müşahidə olunmadı. Əslində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə nüfuz və təşəbbüs müharibəsi desək, daha doğru olardı. Bu istiqamətdə ABŞ və Rusiyanın fəallığı çox hiss olunurdu. İlin birinci yarısında Rusiyanın xarici işlər naziri Sergey Lavrov öz çıxışlarında işğal altındakı 5 və 7 rayonun geri qaytarılması məsələsini gündəmə gətirdi. ABŞ-ın ATƏT-in Minsk Qrupundakı nümayəndəsi Ceyms Uorlik də təşəbbüskarlığı ələ almaq üçün prezidentlərin görüşünü təşkil etmək niyyəti ilə müvafiq addımlar atdı, icmaların görüşünün təşkilinə çalışdı və sair. Belə bir fonda elə təəssürat yaranırdı ki, regionda kimin daha nüfuzlu olması, hadisələrə daha çox təsir edə bilməsi, münaqişəni kimin həll etmək gücündə olması nümayiş etdirilir. Bütün bunların yekunu olaraq, ilin sonuna yaxın ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə İsveçrə Konfederasiyasının Bern şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi. Bu görüşə Prezident İlham Əliyev getməyə də bilərdi. Çünki bu günə qədər keçirilən görüşlərdə Ermənistanın qeyri-konstruktivliyi səbəbindən heç bir nəticə hasil olmamışdı. Buna görə də dövlətimizin başçısı görüş xətrinə görüşlərə qatılmaqda maraqlı deyildi. Lakin cənab İlham Əliyevin Azərbaycanın bir nömrəli probleminin həll edilməsinə olan marağı, ölkənin taleyi, onun humanistliyi, münaqişənin yalnız sülh yolu ilə, qan tökülmədən həllinə çalışması məcbur etdi ki, Ermənistan prezidenti Serj Sərkisyanla təkrar görüşsün. Ancaq çox təəssüf ki, bu görüş də müsbət nəticələnmədi. Bunun da yeganə səbəbi Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi, Madrid prinsiplərindən kənara çıxaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı öz ərazisi kimi görmək istəyi, erməni silahlı birləşmələri tərəfindən atəşkəsin dəfələrlə pozulması, təxribatlar törədilməsidir. Bununla yanaşı, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunması, hətta bu qurumda sədrliyə can atması, onu Azərbaycan əleyhinə yönəltmək istəməsi də danışıqların ruhuna öz təsirini göstərir. Təbii ki, prezidentlərin son görüşünün uğursuz başa çatmasında Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi də müəyyən rol oynadı. İki dövlət arasında yaşanan insidentdən sonra regiona əlavə silah-sursat daşındı, Rusiyanın Ermənistandakı hərbi bazası daha da gücləndirildi ki, bu da işğalçı dövlətin iddialarını bir qədər də artırdı. Ümumilikdə bütün bu proseslər də münaqişənin dinc yolla tənzimlənməsini yubatdı, problemin növbəti ilə daşınmasına səbəb oldu.
- Azərbaycanlı icma üzvləri 2007 və 2009-cu illərdə Dağlıq Qarabağda olublar, erməni icma üzvləri ilə görüşlər keçiriblər. Sonradan Dağlıq Qarabağın erməni icması bu görüşlərdən imtina edib. Lakin bu günlərdə icmalar arasında görüşlərin keçirilməsi millət vəkili Rövşən Rzayev tərəfindən yenidən gündəmə gətirilib. Deputatın sözlərinə görə, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşün Qarabağda, Avropada və ya Gürcüstanda keçirilməsi təklif olunsa da Ermənistanın siyasi rəhbərliyi buna maneə yaradır, görüşün baş tutmasına imkan vermir. Sizcə, rəsmi İrəvan erməni icma üzvlərinin bu görüşlərə qatılmasını nə üçün istəmir?
- Əvvəllər bu görüşlər "xalq diplomatiyası” adı altında keçirilirdi. Bu görüşlərdə hər iki tərəfdən bəstəkarlar, yazıçılar, elm adamları iştirak edirdilər. Əsas məqsəd icmalar arasında yaxınlaşmanı təmin etmək, münaqişənin dinc yolla tənzimlənməsinə bu istiqamətdə hansısa dəstək vermək idi. Lakin Ermənistanın siyasi rəhbərliyi bu görüşlərin onlar üçün fəsadlar verəcəyini başa düşdü. Rəsmi İrəvan anladı ki, görüşün nəticələri onların əleyhinə olacaq. Çünki, Ermənistan siyasi rəhbərliyi, onun ətrafındakı bütün komanda heyəti Dağlıq Qarabağ münaqişəsində separatçı mövqe tutan, müharibədə bilavasitə iştirak edən keçmiş səhra komandirləridir. Onlar heç zaman istəməzlər ki, Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapsın. Əgər münaqişə bu cür həll olunarsa, onlar siyasi səhnədən, Ermənistan rəhbərliyindən silinəcəklər. Məhz buna görə də icmaların görüşü gözlənilən effekti vermədi. Bu məsələdə Rusiya amili də nəzərə alınmalıdır. İcmaların görüşünün effekt verməsi, münaqişənin həllini tapması Rusiyanın Cənubi Qafqazda öz forpostunu itirməsi deməkdir. Ancaq Qərb dövlətləri, xüsusən də ABŞ icmaların görüşündə maraqlıdır.
- Cəbhə xəttindəki gərginlikdən, münaqişənin hələ də həllini tapmamasından irəli gələrək, ABŞ və Fransa təklif edir ki, vəziyyəti sabitləşdirmək məqsədilə ATƏT nümayəndələrinin sayı artırılsın, onlar müşahidə və nəzarət üçün texniki vasitələrlə təchiz edilsin. Bu, nə dərəcədə effektli təklifdir? Ümumiyyətlə, bu təklifin reallaşması münaqişənin tənzimlənməsinə necə təsir edə bilər?
- İstənilən halda, münaqişənin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. ATƏT-in Minsk qrupunun tələbləri, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələr, istərsə də digər beynəlxalq təşkilatların qətnamələri Ermənistan tərəfindən yerinə yetirilməyənə qədər Dağlıq Qarabağ problemini həllini tapa bilməyəcək. Belə olan halda, ATƏT nümayəndələrinin sayının artırılması, onların texniki vasitələrlə təmin edilməsi də heç nəyi dəyişməyəcək. Unutmaq lazım deyil ki, regionda super güclərin maraqları toqquşur, böyük layihələrin reallaşdırılması uğrunda onların mübarizəsi gedir. Hazırda Ankara-Moskva münasibətlərinin gərgin olmasını görən Kreml rəhbərliyi Dağlıq Qarabağ ərazisindən keçən və İran-Azərbaycan ərazisində sərhədi təşkil edən 100 kilometrdən artıq bir ərazini də bağlamaq niyyətindədir. Rəsmi Moskva ehtiyat edir ki, Qərb-İran yaxınlaşmasının nəticəsi olaraq İslam Respublikası üzərindən embarqolar götürülə bilər. Bunun da nəticəsində İran-Qərb münasibətləri yaxşılaşa, həmin əraziyə NATO qüvvələri çıxarıla bilər. Rusiya ehtimal edir ki, NATO qoşunları adı altında bu qüvvələr Türkiyə silahlı birləşmələri ola bilər. Türkiyənin Azərbaycanla müttəfiq, strateji tərəfdaş olduğu da ruslara yaxşı məlumdur. Ona görə də Rusiya regiondakı prosesləri öz nəzarətində saxlamaq istəyir. Bu kimi səbəblərdən, nə qədər ki, super dövlətlərin regionda toqquşan maraqları danışıqlar masası arxasında çözülməyib, nəinki Dağlıq Qarabağ münaqişəsi, eləcə də regiondakı digər problemlər həllini tapa bilməyəcək.
- Dağlıq Qarabağda Rusiyanın, yaxud Türkiyənin sülhməramlı qoşunlarının yerləşdirilməsi məsələsi də tez-tez media müstəvisində müzakirə olunan məsələlərdəndir. Sizcə, belə bir addımın atılması Azərbaycanın maraqlarına uyğundurmu?
- Nə Rusiya, nə də Türkiyə özbaşına Dağlıq Qarabağda sülhməramlı qoşun saxlaya bilməz. Bu missiyanı yerinə yetirmək üçün hər iki dövlət müvafiq mandata sahib olmalıdırlar. Belə bir mandatı isə onlara ATƏT verməlidir. Rusiyanın münaqişə zonasına sülhməramlı missiya çıxarmaq istəməsində başlıca məqsədi Dağlıq Qarabağda ona məxsus olan, yaxud da olması mümkün görünən qoşunların leqallaşdırılmasıdır. Eyni zamanda 102 saylı hərbi hissənin şəxsi heyətinin sayını artırmaqla, həmin qüvvəni Dağlıq Qarabağa çıxarmaqla bu ərazidə nəzarəti bir daha gücləndirməkdir. Türkiyənin də sülhməramlı missiya məsələsində öz marağı var. Bilirsiniz ki, Rusiya ilə NATO arasındakı sərhəd Ermənistandır. Bu maraqlardan çıxış edən Türkiyə belə bir addım atmaq istəyir. Azərbaycanın bu məsələdə mövqeyinə gəlincə, ərazimizdə hər hansı dövlətə məxsus hərbi birləşmənin yerləşdirilməsinə qarşıyıq. Azərbaycan dövlət rəhbərinin bununla bağlı mövqeyini mən də dəstəkləyirəm. Çünki Dağlıq Qarabağda istər Rusiya, istərsə də Türkiyənin sülhməramlı qoşun adı altında hər hansı kontingenti olarsa, bu, münaqişə zonasında və ümumən regionda gərginliyi bir qədər də artıracaq. Fikrimcə, sülhməramlı qoşunun çıxarılması məsələsindən öncə Azərbaycanın ərazi bütövlüyü öz həllini tapmalı, işğal olunmuş ərazilər təmizlənməlidir.
- Rusiyanın "Arqumentı nedeli” nəşri regiondakı və cəbhə xəttindəki vəziyyəti təhlil edərək, yanvar ayında Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında yeni müharibənin başlayacağını iddia edir. Bu iddialar nə dərəcədə əsaslıdır?
- Fikir versək görərik ki, regionda, o cümlədən münaqişə ərazisində yenidən müharibənin başlanması məsələsini yalnız Rusiya mediası, ekspertləri gündəmə gətirir. Bunun da kökündə Rusiya və Türkiyə arasında münasibətlərin gərgin olması dayanır. Dağlıq Qarabağda hər hansı müharibədən söhbət gedən zaman həmin dairələr elə başa düşürlər ki, bu, yalnız Ermənistan və Azərbaycan arasında olacaq. Ancaq nəzərə alınmalıdır ki, belə bir savaş başlayarsa, bu, Rusiya-NATO müharibəsinə çevriləcək, bütün regionu bürüyəcək. Bu müharibənin bir ucu da Rusiyanın daxilinə, hətta Orta Asiyaya gedib çıxacaq. Ona görə də nə Qərb, nə də Rusiya belə bir müharibənin başlanmasında maraqlı deyil.
- Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunması istiqamətində gələn il üçün proqnozlarınız nədən ibarətdir? Sizcə, 2016-cı ildə bu yöndə hansısa irəliləyiş gözləmək mümkündürmü?
- Hesab edirəm ki, münaqişənin həlli məqsədi ilə danışıqlar davam etdirilməli, Madrid prinsiplərinə bir daha qayıdılmalıdır. Ermənistanı sülh masası arxasına otuzdurmaq üçün onlara öz gücümüzü nümayiş etdirməliyik. Bütün qüvvələrimizi səfərbər edərək, həm diplomatik və siyasi, həm də hərbi sahədə gücümüzü göstərməliyik. Azərbaycanın taleyüklü məsələsində bir addım da olsa geri çəkilmək olmaz.
Kaspi