Bidzina İvanişvili: “Rusiya bizə çox lazımdır...”
Noyabr 11
11:38
2015
İran qazı böyük ehtimalla Gürcüstana çatdırılacaq. Musavat.com-un gürcü qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə gürcü milyarder və sabiq baş nazir, hazırkı hökumətin "boz kardinalı” sayılan Bidzina İvanişvili bildirib. Onun fikrincə, İranla maksimum dərəcədə möhkəm və dərin ticari əlaqələr yaratmaq ölkə üçün çox vacibdir.
"Təxminən iki həftə öncə mənim ABŞ səfiri ilə görüşüm olub. Biz hökumətin digər üzvləri ilə də iqtisadiyyatın bütün istiqamətləri üzrə fəal şəkildə işləyirik. Mən heç nəyin idarə eləmirəm, ancaq iqtisadiyyata aid bütün məsələlərdə aktiv iştirakçıyam. Biz hər vəchlə çalışmalıyıq ki, İranla maksimum dərəcədə möhkəm və dərin ticari əlaqələr qurulsun. Biləsiniz ki, İran, Çin və Rusiya bizə çox lazımdır. Çox maraqlı olacaq o vaxt ki, İran qazı da Gürcüstana gələcək. Düşünürəm ki, böyük ehtimalla belə də olacaq” – qeyd edib İvanişvili və onu da əlavə edib ki, hökumət açıqlama verməyincə detallar haqda danışa bilməz.
O da maraqlıdır ki, sabiq baş nazir İran qaz kəmərinin Ermənistandan keçəcəyi ilə bağlı konkret heç nə söyləməyib. Bu isə o anlama gəlir ki, belə bir marşrut istisna deyil.



