Böhran yüz minləri işsiz qoya bilər
Yanvar 07
12:06
2016
Nemət Əliyev: «Hökumət daha təsirli qərarlar verməsə, o zaman ölkənin sosial təminat sistemi tamamilə dağılacaq»
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 milyon 867,7 min nəfər olub. Onlardan 4 milyon 631,5 min nəfəri iqtisadi əmək fəaliyyəti ilə məşğul əhali hesab olunub. Yəni yerdə qalan 236,2 min nəfər işsiz sayılır.
Ölkə əhalisinin təxminən 40 faizi aqrar bölmədə çalışır. Amma bir məqama da diqqət çəkmək lazımdır ki, Azərbaycanda iş yerləri iki hissəyə ayrılır. Biri daimi, digəri isə müvəqqəti. Müvəqqəti, mövsümü iş yerləri əsasən investisiya layihələri sayəsində yaranan iş yerləridir. Bu ilin büdcəsində isə investisiya layihələri kəskin şəkildə azaldılıb.
"Ixtisarlar gözlənilir”
"Gəlirlərin azalması məcmunun aşağı düşməsinə səbəb olacaq. Biz ölkədə iş yerlərinin azalmamasına, ölkənin məcmu tələbinin düşməməsinə çalışmalıyıq”.Bunu əmək və əhalinin sosial müdafiəsi naziri ÿSəlim Müslümov mətbuat konfransında deyib.
Müslümovun sözlərinə görə, iş yerlərində ixtisarlar və iş yerlərinin bağlanması faktoru ÿnazirliyin diqqətində saxlanılır.
"Belə bir şəraitdə işçi qüvvəsinin əmək bazarının qoyduğu yeni tələblərə çox sürətlə uyğunlaşması tələb olunur. Bunu həyata keçirmək üçün həm Təhsil Nazirliyinin tərkibində olan peşə məktəbləri, həm də bizim nazirliyin tərkibində olan ixtisasartırma, ixtisasdəyişmə mərkəzlərinin (peşə tədris mərkəzləri) fəaliyyəti güclənməlidir. Bir daha vətəndaşlara bildirmək istəyirəm ki, bizim bir neçə regionda artıq belə mərkəzlərimiz var. Iş yerlərini itirmiş insanlar ora müraciət edərək çox qısa müddətdə peşə kurslarına yiyələnə biləcəklər. Həmin kurslarda aylıq təqaüd də, gediş-gəliş pulu da verilir. Onlar müxtəlif peşələrə yiyələnərək daha çox tələbat olan peşələr üzrə əmək bazarına yenidən çıxa bilərlər”, – deyə nazir qeyd edib.
Müslümov əlavə edib ki, işsizlik sığortası qısa müddətdə həll edilməlidir.”Düşünürəm ki, biz sürətlə işsizlik sığortası məsələsini həll etməliyik. Işsizlikdən icbari qaydada sığortalanmanı ortaya qoymalıyıq. Bu da insanlarımızın gələcəkdə işsiz qalma halında həmin sığorta hesabına müəyyən müddətə sığortalanmasını təmin edə bilər”, – deyə nazir qeyd edib.
Ölkədəki böhran daimi iş yerlərinin də itirilməsinə səbəb olacaq. Amma iş yerlərini itirəcək şəxslər də bəzi hüquqlarını bilməlidirlər.
"Ixtisar olunanların hüquqları var”
Işçilərin hüquqları Əmək Qanunvericiliyi ilə tənzimlənir. Işçi ixtisar olunursa, ilk növbədə Əmək Qanunvericiliyinin tələblərinə riayət edilməlidir. Işçi ixtisar ediləcəksə, 2 ay əvvəldən ona bu barədə xəbərdarlıq edilməlidir. Bu 2 ay müddətində işçiyə şərait yaradılmalıdır ki, o, özünə yeni iş yeri tapsın. Bunun üçün də 2 ay müddətində işçiyə ödənişli (!) istirahət günləri verilməlidir. Işdən azad olunan işçiyə 1 ay orta aylıq əmək haqqı miqdarında müavinət verilməlidir. Şəxs gedib Məşğulluq Idarəsində qeydiyyata düşməlidir. Əgər 2-ci və 3-cü aylar ərzində işçi iş tapmırsa, hətta 2-ci və 3-cü aylar üçün də ona müavinət verilməlidir.
Bu, qanunvericiliyin təyin etdiyi qaydadır və məcburidir. Bu qaydaları ona görə belə müəyyənləşdirirlər ki, işçi işləmədiyi, iş axtardığı müddətdə yaşayışını təmin edə bilsin. Yəni, qanunvericilik işçini taleyin ümidinə buraxmır.
Ikincisi, hər bir müəssisənin, şirkətin qəbul etdiyi daxili qaydalar da var. Məsələn, bp şirkəti işçilərinin ipoteka kreditlərinin ödənməsini öz üzərinə götürür. ARDNŞ-nin özünün ayrıca siyasəti var. Bir variant budur ki, işçi öz razılığı ilə işdən gedirsə, ona 5 aylıq müavinət ödənilir. Əgər işçi işdən çıxmağa razı deyilsə, ona gözləmək də təklif oluna bilər ki, başqa bir işdə çalışsın, yaxud ixtisasını dəyişmək, ixtisasartırmaq yolu ilə başqa işlərdə çalışa bilər.
Iqtisadçı Nemət Əliyev bildirdi ki, tikinti sektorunda, yol çəklişində də daimi iş yeri olanlar var. Bu gün ölkədə gəlirlərinin azalması üzündən iri tikinti layihələrinin ixtisara düşdüyünü deyən N.Əliyev vurğuladı ki, qeyri-neft sektorunda xidmətlə, ticarətlə məşğul olanların vəziyyəti xeyli dərəcədə ağırlaşıb:
"Bu ağırlaşmalar kütləvi şəkildə iş yerlərinin itirilməsinə səbəb olur. Neft gəlirlərinin azalması büdcədə böyük izlər buraxmaqla, qeyri-neft sektorunun özündə də ciddi problemlər yaradıb. O zaman sual meydana çıxır iş yerlərini itirmiş işçilərin yükünü qeyri-dövlət sahəsi daşıya biləcəkmi? Bu sualın cavabı birmənalıdır. Ölkənin qeyri-neft sektoru o qədər zəif inkişaf etdirilib ki, bu gün böhranın yaratdığı yükü çəkmək iqtidarında deyil. Bu proses bir müddət də davam etsə, hökumət daha təsirli qərarlar verməsə, o zaman ölkənin sosial təminat sistemi tamamilə dağılacaq. Əhalinin əmək haqlarında, təqaüdlərdə, sosial təminatların verilməsində ciddi problem yaşanacaq. Ona görə düşünürüəm ki, hazırda korrupsiya, manopoliya, haqsız rəqabətə qarşı real mübarizə aparılmalıdır”.
N.Əliyev hesab edir ki, eyni zamanda ölkənin maliyyə, vergi sistemi ilə bağlı yüngülləşdirici hallar tətbiq olunmalıdır. "Yox əgər hökumət dərman və ya başqa cür istehsala başlamaqla bağlı xam xəyallara dalacaqsa, məncə, böhrandan çıxış istiqamətində bir nəticəyə varmaq mümkün olmayacaq”, deyə N.Əliyev vurğuladı.